İnterneti rədd etmək mümkündürmü? - Umberto Eko yazır...

İnterneti saymamaq, rədd etmək mümkündürmü? Heç kimin, heç bir diktənin buna gücü çatmaz. Əsas məsələ, internetdən tənqidi formada istifadə etməyi bacarmaqdır: nə internet düşməni, nə də dünya ilə əlaqəni qoparacaq qədər “şəbəkəyə lənətlənmiş” (ifrat internet asılılığı) olmamaqda...

 

“Espresso” jurnalında nəvəmə xitabən yayımlanan məktubumda, onu internetdəki məlumatlardan savayı, yaddaşından da istifadə etməyə təşviq etmişdim. Dərhal adını xatırlamadığım bir “dijital dünya Talibanı” öz bloqunda məni (“hər zamankı kimi”) “internet düşməni” olmaqda günahlandırdı. Bu ona bənzəyir ki, magistral yolda 180 km/saatla, yaxud sərxoş vəziyyətdə avtomobil idarə edənləri tənqid edənlər, ümumiyyətlə avtomobilə qarşıdır.

 

Eugenio Scalfari isə (italiyan köşə yazarı – tərc.) “Espresso” jurnalında məni (mənim bir TV verilişində gənclərin Hitler və Mussolinin 1960-70-ci illərdə yaşadığını dedikləri barədə yazımdan sonra) “informasiya mənbəyi olaraq internetə çox güvənməkdə” ittiham etdi. Scalfari “Bir nəslin yaddaşsızlıq xəstəliyinə tutulması”nın səbəbini onların süni yaddaşın yaratdığı monotonlaşdırmada görür. Və hər kəs və hər şeylə ünsiyyətdə olma təəssüratı yaradan şəbəkə istifadəsinin əslində adamı təkliyə yuvarladığını söyləyir.

 

İkisinin də günümüzün xəstəliyi olduğu barəsində həmfikirəm və bu barədə çox yazmışam. Ancaq Scalfari Platonun “Dialoqlar”ında fironun yazını kəşf edən tanrı Theutu insanlara yaddaşlarını istifadə etmək alışqanlığını itirəcək texnologiya icad etməkdə günahlandırdığı hissəni dilə gətirmir. Amma yazı insanlara oxuduqlarını xatırlamağa kömək etdi və onun sayəsində Marsel Prustun “İtmiş zamanın iziylə” kimi yaddaşa tərif yazıla bildi. Yəni həm internet istifadə edilib, həm də yaddaş inkişaf etdirilə bilər, hətta internetdən öyrənilənləri yadda saxlamaq olar. Necə ki, motorlaşdırma, metal skeletlər və televiziyanı rədd etmək mümkün deyil, eləcə də interneti rədd etmək mümkün deyil. Diktələr belə onu yox edə bilməz və dolayısı ilə problem sadəcə internetin risklərini bilməkdə deyil, eyni zamanda, “tənqidi istifadəyə necə alışdırmağ”a qərar verməkdədir. Tələbələrinə “X” mövzusunda araşdırma aparmağı tapşıran və onların internetdəki hazır məlumatları əziyyət çəkmədən istifadə edəcəklərinin qarşısını almağın mümkün olmadığını bilən bir müəllim düşünək. O müəllim, tələbələrinə mövzu ilə bağlı xəbərləri ən azı 10 saytda axtarmalarını və əldə olunan bilgiləri qarşılaşdırıb, saytlardakı mümkün fərqləri və ziddiyyətləri tapmağı, ən etibarlı saytı tapmağa çalışmalarını və hətta yazılı ensiklopediyalardan da yararlanmalarını məsləhət görə bilər. Beləliklə, tələbələr həm internetin təklif etdiyi məlumatları əldə edirlər, həm də məntiqlərindən yararlanırlar və “X” mövzusunda öyrəndikləri yaddaşlarına həkk olunur. Üstəlik əldə etdikləri məlumatların müqayisə edilməsi uşaqlara müqayisənin ləzzətinə varmaq imkanı yaradır.

 

“Şəbəkəyə lənətlənmiş”lərin varlığı çox təəssüf ki, qadağan oluna bilməz. O cəhənnəm girdabından çıxarmağı nə valideynlər, nə də məktəb bacarmayıbsa, bu insanları narkomanlar, irqçilər, falçıların müştəriləri - yəni hər bir cəmiyyətin öhdəsindən gəlmək məsuliyyətinin olduğu degenerativ tiplərlə bir tutacağıq. Bu gün bu “xəstələr” kəmiyyətcə çox görünürsə, səbəbi 50 ildə dünya əhalisinin iki milyarddan, yeddi milyarda çatmasıdır. Bu şəbəkənin gətirdiyi tənhalığın deyil, həddən artıq çox olan insan təmasının günahıdır.

 

Günel Ə.

LENT

18 Noyabr 2019
17 Noyabr 2019
16 Noyabr 2019
15 Noyabr 2019
14 Noyabr 2019