Xoşbəxtlik haqqında – Herman Hessenin essesi

 

Bu gün XX əsr alman ədəbiyyatının parlaq simalarından olan Herman Hessenin anım günüdür...

 

Kulis.az Herman Hessenin “Xoşbəxtlik haqqında” essesini təqdim edir.

 

 

İcazə verin sizə xoşbəxtlik və bu sözün mənim üçün hansı məna kəsb etməsi barədə bir-iki kəlmə danışım. Yaşlı adamlar xoşbəxtliyi nə vaxt, neçə dəfə və necə hiss etdikləri barədə düşündükdə haqlı olaraq öz uşaqlıq illərini xatırlayırlar. Çünki xoşbəxtliyi yaşamaq üçün zamandan və onun yaratdığı qorxu-hürkülərdən qurtulmaq, ümidlərdən azad olmaq lazımdır. Əksər insanlarda bu qabiliyyət illər keçdikcə korşalır.

 

Xoşbəxtlik yalnız uşaqlıqda – yenidən yaşantısı çox çətin olan saatlarda və ya anlarda yaşanır. Hətta həmin o uşaqlıq illərinə yaxşı baş vurduqda belə, xatirələr bu parıltının qızıl kimi heç də həmişə xalis olmadığını üzə çıxarır. İşdi-şayəd, belə bir xatirə yada düşsə, əvvəlcə adama elə gəlir ki, söhbət həftələrdən, günlərdən və ya ən azından bir gündən – Milad bayramından, yaxud ad günündən, ya da tətilin ilk çağlarından gedir. Əslində, uşaqlığın bircə gününü yaddaşda yenidən canlandırmaq üçün minlərlə təsviri bir araya yığmaq lazım gəlir və onları yetərincə bir yerə toplamaq üçün yaddaşa nə bir, nə də yarım gün bəs edər. Amma günlərin, saatların və ya dəqiqələrin təəssüratları olub-olmamasına baxmayaraq, mən xoşbəxtliyi bir neçə dəfə yaşamışam və hətta sonralar da, yaşımın ahıl çağında belə, bir anlığa da olsa, ona yaxınlaşmışam. Lakin xatirələrimdə can­landırdığım, sorğu-sual etdiyim və araşdırdığım həyatın bahar çağ­la­rının həmin o xoşbəxt dəqiqələrin­dən biri yaddaşıma daha çox hopub. Bu, mənim məktəb illərimin xatirəsidir və onun gerçəkliyi, qədimliyi, mifikliyi zamandan, ümiddən və həqiqət qorxusundan tamamilə azad olması bir neçə dəqiqədən çox davam edə bilməzdi.

 

Bir səhər yuxudan ayıldım. Təx­mi­nən on yaşında, çılğın bir oğlan idim. Qeyri-adi, bəxtiyarlıq dolu xoş hisslər içimi günəş kimi işıqlandırdı. Sanki bu an, bu gözəl yuxudan ayılan kimi nəsə yeni, möcüzəli bir hadisə baş vermişdi. Mənim uşaq dünyam yeni və sirr dolu ilahi bir halət aldı, təzə bir işıq aləminə, mühitə daxil oldu, sanki bütün gözəl həyat özünün məna və dəyərini yalnız indi, bu erkən səhər çağında kəsb etdi. Nə dünən, nə də sabah haqqında bir şey bilirdim: bu günün xöşbəxtliyi məni öz ağuşuna alıb xəfifcə oxşayırdı. Bu xoşuma gəldi – qəlbim və ruhum hesab sormadan onu daddı. Bu dad içimə yayıldı və mənə ləzzət elədi. Səhər idi. Hündür pəncərə­mizdən qonşu evin damı üstündən görünən tünd-maviyə bələnmiş aydın səmaya baxdım. O da mənə bəxtəvər göründü, elə bil göy üzü özündə nəsə bir qeyri-adilik gizlədirdi, sanki ən gözəl libasını geyinmişdi.

 

Çarpayımdan baxanda bundan artığını görmək mümkün deyildi, görünən yalnız bu əsrarəngiz səma və qonşu evin uzanıb gedən damıydı. Ancaq tünd-qırmızı-qəhvəyi kirəmitdən olan bu darıxdırıcı, bomboş dam da sanki gülürdü. Onun dik, kölgə düşmüş əyri müstəvisində rənglər xəfifcə oynaşırdı və bu qırmızı çalarların arasında bir göyümtül şüşə kirəmit daha canlı görünürdü. Adama elə gəlirdi ki, o, sübh vaxtı xəfifcə parlayan səmanı sevinclə əks etdirməyə çalışır. Bu səma, damın bir qədər əyri kənarları, qəhvəyi rəng və yeganə şüşə kirəmitin apaçıq mavisi gözəl və sevincək bir halda sanki öz aralarında dil tapmışdılar. Elə bil bu xüsusi səhər saatlarında onların bir-birinə gülümsəmək və mehribanlıq etmək­dən savayı niyyətləri yox idi. Damın qəhvəyi, səma və şüşə kirəmitin mavi rənglərinin də niyyəti bu idi. Onlar bir-biri ilə oynayırdılar, kefləri əla idi. Onları belə görmək, bu oyunlarına qatılmaq, səhər şəfəqini, bəxtiyarlıq hissinin öz içindən keçməsini duymaq yaxşıydı və bu, adama ləzzət eləyirdi. Beləcə yuxudan sonrakı rahatlıq hissinin təsiri altında yerimdə uzanıb qalmışdım. Sanki əbədiyyətə qovuşmuşdum. Ömrümdə buna bənzər bir xoşbəxtlik daddığım yadıma gəlmirdi. Beləsi olmamışdı. Dünya öz axarındaydı. Bu xoşbəxtliyin yüz saniyə və ya on dəqiqə davam etdiyi bütün zamanların xaricindəydi. Lakin bu da ötəri idi. Zaman onu da yuyub apardı. Amma altmış il ərzində yatdığı ənginlikdən oyadılıb gətirilmək üçün kifayət qədər dərində və həm də əbədi idi. Bu xoşbəxtlik məni əhatə edən bəzi şeylərin bir-biriylə həmahəngliyindən savayı heç nə deyildi. O həm də mənim heç bir dəyişiklik ummayan, təmənnasız, bəxtiyar mövcudluğumla səsləşirdi. Xoşbəxtliyin əbədiliyi bu dəfə gözəlliyin coşqusu və ondan da çox, aşıb-daşan sevinc hissinin təsiri ilə qeyb olurdu.

 

Qımıldanmadan yerimdə uzanıb qalmışdım və səhərin sakit işığı içimə dolub məni özünə çəkirdi ki, bu zaman lap uzaqdan qeyri-adi parlaq, açıq-qızılı rəngli bir alətin başdan-başa cəzbedici və oyadıcı səda­la­rındakı aşıb-daşan sevinc bu sakitliyi pozdu. Bu, şeypur səsi idi. Tam ayıldım. Çar­payımda dikələndə musiqi artıq gurlayırdı. Bu, dar küçələrlə addımla­yan şəhər orkestrinin sədası idi. Olduqca nadir, həyəcan və sevinc dolu bu mənzərə uşaq kimi həm üzümə güldü, həm də, necə deyərlər, elə hönkürdü ki, sanki bu ilahi saatın bütün xoşbəxtliyi və sehri bir-birinə qovuşaraq ətrafa axdı, geri – keçmişə döndü.

 

Cəld yerimdən sıçradım. İçimə dolan bayram sevinciylə qonşu otaqlara cumdum ki, pəncərələrdən küçəyə baxa bilim. Maraqdan və orada olmaq arzusundan başım gicəllənirdi. Açıq pəncərəyə dirsəklənərək orkestr yaxınlaşdıqca ucadan səslənən musiqiyə qulaq asdım, qonşu evlərin və küçələrin oyanaraq canlandığına, üzlərlə, bədənlərlə və səslərlə dolduğuna tamaşa etdim, qulaq asdım. Həmin an birdən yuxumla ayılmağım arasında hiss etdiyim bəxtiyarlıqda nəyi tamam unutduğumu dərk etdim. Anladım ki, bu gün dərs yoxdur, əvəzində bayramdır. Məncə, imperatorun ad günü idi. Yürüşlər, bayraqlar, musiqi və ağlasığmaz şənliklər olacaqdı. Bu düşüncə ilə geri qayıtdım, yenidən gündəlik həyatımıza hökm edən qanunların diktəsi altına düşdüm. Hətta adi bir gün yox, musiqi sə­da­la­rının məni oyatdığı bayram günü ol­sa belə, artıq səhər sehrinin gö­zəl­liyi, ilahiliyi keçib-getmişdi və artıq öləzimiş hey­rətimin arxasından zamanın, dün­yanın, yeknəsəqliyin dalğaları şahə qalxırdı.

 

 

LENT

13 Dekabr 2019
12 Dekabr 2019
11 Dekabr 2019