Tarzən haqqında kitab təqdim olunub

Dekabrın 23-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin sifarişi ilə çap olunan, tanınmış tarzən Əhsən Dadaşovun həyat və yaradıcılığından bəhs edən “Əhsən sənə, Əhsən!” kitabının təqdimatı olub.

 

Yazıçı-jurnalist Rafiq Hacıyevin müəllifi olduğu kitabın bədii obrazlı dili ustad tarzənin əhatəsində olduğu mədəni mühiti və şəxsləri real surətdə nəzərə çarpdırmaqla bərabər, Ə.Dadaşovun zəngin yaradıcılıq yolunu və geniş daxili aləmini oxucuya təqdim edir.

 

Tədbirin aparıcısı, Əməkdar incəsənət xadimi İlham Rəhimli Əhsən Dadaşovun həyat yoluna nəzər salıb, yaradıcılığından söhbət açıb. Bildirib ki, tarzənin çalğısı insan ruhunu oxşayaraq onu öz sehrinə salır.

 

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov bildirib ki, Əhsən Dadaşov yaşasaydı, bu gün onun 95 yaşı tamam olardı. “Azərbaycan mədəniyyətində Əhsən Dadaşovun özünəməxsus yeri var. Ona qədər Azərbaycan tarı min illik inkişaf dövrü keçib, bu sənətin Bəhram Mansurov, Qurban Pirimov kimi nümayəndələri olub. Amma Azərbaycan tarı bu gün özünün intibah dövrünü yaşamaqdadır. Ərəb dilində gözəllik mənasını verən Əhsən adı tarzənin həyatını gözəlləşdirib. Əhsən Dadaşovun bəxti onda gətirib ki, onun Mirzə Mənsurov, Ənvər Mənsurov kimi ustadları olub. “Öz müəlliminə bənzəmə” deyərək Ənvər Mansurov ona məsləhət verirdi. Bunun sayəsində Əhsən Dadaşov heç kimə bənzəməyib, öz dəstxətini yarada bilib”, - deyə akademik qeyd edib.

 

Tarzənin tələbəsi, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi Azərbaycan musiqi mədəniyyətinin və xalq musiqisinin inkişafında mərhum tarzənimizin xidmətlərindən danışıb. Vurğulayıb ki, tarzənin yaratdığı sənət hələ neçə-neçə əsrlər yaşayacaq və bu sənəti seçənlər ondan ibrət götürəcəklər.

 

Tədbirin bədii hissəsində Xalq artistləri Teyyub Aslanov, Mircavad Cəfərov, Əməkdar artistlər Nuriyyə Hüseynova, Şəhriyar İmanov çıxış ediblər. Milli Konservatoriyanın tərkibində fəaliyyət göstərən “Əhsən” xalq çalğı alətləri ansamblının müşayiəti ilə Xalq artisti Şəfiqə Eyvazova və Mehri Əsədullayevanın ifaları dinlənilib.

 

Sonda mərhum tarzənin qızı Xanım Məhərrəmova çıxış edərək tədbirin təşkilatçıları və iştirakçılarına təşəkkürünü bildirib.

 

LENT

05 Fevral 2020
04 Fevral 2020
03 Fevral 2020
01 Fevral 2020
31 Yanvar 2020