Ramiz Rövşən şeirinin özü boyda paradoksu

Kulis.az Sərdar Aminin “Ramiz Rövşən şeirinin özü boyda paradoksu” yazısını təqdim edir.

 

AYB-nin Natəvan klubunda çıxışı zamanı həmkarlarından biri Ramiz Rövşənə gənc ədəbi nəsillə bağlı sual verdi. Nəhəng şair xeyli düşünəndən sonra dilinə üç imzanı gətirdi. Bunlardan ilki Fərhad Mete idi; 10 il əvvəl avtomobil qəzasında dünyasını dəyişən gənc şair... Ardınca Zərdüşt Şəfinin şeirlərini vəsf etdi; xərçəngdən gedən nakam həmkarımız... Üstümüzdə Allah var, hər iki imza yetərincə potensiallı və istedadlı idi... Amma ikinci mərhum imzanı eşidəndən sonra ağlıma gələn fikir əl-ayağımı üşütdü. Bir Allah şahiddir, dua etdim ki, Ramiz Rövşən bu dəfə yaşayan bir gəncin adını çəksin, beləcə ürəyimə daman gözlənti də özünü doğrultmadı. Budur, sonuncu imza! İlahi, o da mərhum gənc şair idi! 

 

“Natəvan”dan çıxıb AYB-nin rus tabutu kimi geniş dəhlizində durdum. Biixtiyar siqaret yandırdım. Bu böyüklükdə şairin hələ də hansısa ətcə balanın gəlib onun yerini tutacağından qorxması belimdən vurdu. Sanki bu məmləkətdə bircə “yaxşı şair rütbəsi” var, bütün əliqələmlilər bu yer uğrunda mübarizə aparır, iqtidarda olan Ramiz Rövşən də devrilməkdən qorxur. Sanki həyatda olan bir gəncin adını çəksəydi, oxucuları Ramizi atıb o gənci tutacaqdı. Harda qaldı, “başı kəsik gözəl kötük?” Axı “bu dünyada sən yıxılan ucalıqlar qalacaq”dı?!

 

Ad çəkmək, mühiti pərvazlandırmaq, əlahəzrət mətnə sevgi yönəltməkdənsə təkcənəliyinə çəkilib zülmət yaratmaq, qara dəlik kimi hər şeyi bətninə yığmaq, öz qaramatında təngnəfəs etmək Ramiz Rövşən yaradıcılığının fonudur. Mən şairdəki kəskin ədəbi xəsisliyi ilk dəfə 2009-cu ildə “ARB TV”-nin (RTV) “Səmimi rəsmiyyət” verilişində görmüşdüm. O zaman aparıcı efirdə Ramiz Rövşənə zor-güclə Salam Sarvan adlı bir şairin varlığını qəbul etdirmişdi.

 

Pis mətn tənqid olunmur. Tənqid yaxşı mətnin pis tərəfləri üzərində aparılır. Zəif şeir yazanlar tənqid olunmur, tənqid yaxşı şairin yaxşı olmayan cəhətlərinə yönəlir. Ən əsası, tənqid şəxsiyyət üzərindən deyil, mətn üzərindən bərqərar olmalıdır. Bu mətnin yazılmasına səbəb də nə yuxarıda sadalanan hadisələr, nə Ramiz Rövşənin bütün tədbirlərdə etdiyi pafoslu çıxışlardır. 

 

Yalnız əlahəzrət mətn!

 

Ramiz Rövşən şeirində daim bir qara halə dolaşır, bu halə heç bir mətnin halalca tamamlanmasına imkan vermir. Şairin heç bir şeiri bu “şər imza”dan xali deyil. Bu “şər imza”nın sahibinə şairin öz təəbirincə, fələk də deyə bilərik, amma bu fələkdən əfzəl obrazdır, bir ilahi ədalətdir! Hansı ki, bu ədalət illər sonra Ramiz Rövşəni yalnız şeirlərindən tanıyan oxuculara, onun çıxışlarından, xarakterindən, həmkarlarına münasibətindən xəbərsiz şəxslərə şairin əsl simasını nişan verir. Həmin ədalət imkan vermir ki, Ramiz Rövşən şeiri “sər-pa” arınmış, qüdsi mətnə çevrilsin.

 

Təsəvvür edin, şair sərhədsiz düşüncəsindən istifadə edib qeyri-adi fon yaradır; dünya qəfil işıqlanır, gecənin bir anı hər yan dümağ olur... Möhtəşəm görüntüdür! Amma görün bu fonu arzulayan şairin yaranan şəraitdə görmək istədiyi ilk maraqlı gizlin hansıdır: 

 

Görərik kimlərin əli
kimlərin cibindən çıxır.
Kimlər əyilə-əyilə
kimlərin evindən çıxır.

 

Axxx! Kainatın yaradıcısından fəlakət bir mənzərə arzulayasan, qiyamət günü miqyasında bir gedişat diləyəsən – yer tərsinə fırlana, gecənin bir aləmi dünya qəfil işıqlana... Nədir-nədir, Ramiz müəllim kimlərin əlinin kimlərin cibindən çıxmasını görmək istəyir. Bu fövqəladə anda şair niyə bu qədər kiçik istəkdə bulunsun ki?! 

 

 

Ramiz Rövşən bütün şeirlərində həm sanballı mətni duyan şəxsləri, həm də kütləvi oxucunu əlində saxlamağı hədəf seçir. Təəssüf ki, uzun illərdir qocaman şairin bu ikili oyununa işıq tutulmur. Elə nümunə gətirdiyim bu şeirdə də az sonra digər Ramiz Rövşən işə keçir, ədəbiyyat sevdalılarının pırpız saçlarını qayğıyla sığallayır, şeirə möhtəşəm möhür vurur:

 

Bu dünyada bəs kim qalar,
Kim böyüdər, uşaqları?!.
...Nə yaxşı ki, bu dünyamız
Yavaş-yavaş işıqlanır...

 

Ramiz Rövşənin şeirlərindəki kütləni ələ almaq istəyən səhnə adamının cəhdləri mətni pak poeziyadan uzaqlaşdırır. Şeirlərinə ağılla etdiyi müdaxilələr metafizik qatda yoğrulan poetik informasiyalara zəhər qatır. Ədəbiyyatdan hali oxucu bu möhtəşəm şeirlərin içində gözə dəyən aktyorluğu görməzdən gələ bilmir. Bu şeirlərə qatılan “qaranlıq” oxucunu elə pərişan edir. Sevimli oyuncağını sındıran uşaq kimi ayaqlarını yerə döyüb ağlamaq istəyirsən. Pardaq dodaqlarının diktəsiylə əyilib ovuclamaq istədiyin axar suyun ilğım olduğunu anlayırsan. Axı bir an əvvələ qədər hər şey möhtəşəm idi...

 

Səni sevmək çətindi, Vətən, nə gündəsən?!
Təpədən dırnağacan günah içindəsən…
Bilirsənmi səni sevmək bu saat nəyə bənzər?
Zorlanmış bir qızı sevməyə bənzər…
O sevgidən için-için gizlicə yanar adam,
Amma açıb deməyə qorxar, utanar adam...

 

Zorlanmış bir qızın günahı nədir ki, bir şair ona sevgisini bildirməkdən utana? Zorlanmış qız hansı zərurətdən “təpədən-dırnağa günah içində” sayılır? 

 

Ramiz Rövşənin bütün şeirlərinin möhtəşəmliyi içində gah anlaşmazlığın vəd etdiyi potensial filosofluğa cəhd, gah da kütləvilik qazanmaq üçün yazılan publisistik fikirlər misranın uğursuz cümlələrə çevrildiyi məqamlardır. Təəssüf ki, bu cümlələrə şairin əksər şeirlərində rast gəlinir - şır-şır bulaqların gözündə oturan əjdaha, pəmbə qönçələrin içində qıvrılan qara böcək, süd içində yaşıl ilan zəhəri kimi adamı diksindirir.

 

Bulud kimi ölmək
Bir yaz yağışında.
Ümid kimi ölmək,
Bir qız baxışında.

Bir yel qanadında
yarpaq kimi ölmək
Bir qəbir altında,
Torpaq kimi ölmək.

 

Bu misralar şır-şır bulaqlardır, pəmbə çiçəklərdir, süd qoxan bəyazlıqlardır... Amma əjdaha, qara qurd, ilan zəhəri sondadır:

 

Gündən günə ölmək
Dönə-dönə ölmək.
Öldükcə dirilmək,
Sonra yenə ölmək...

 

Öz şeirinə qarşı bu ədalətsizliyi yalnız Tanrının qarğışına tuş gələn bir şəxs eləyə bilər. Şeirin sonuna təpinən yersiz fəlsəfə haram tikə kimi adamın boğazında qalır. Hər şeirdə paradoks... 

 

Gələn nədi, gedən nədi?
Bələk nədi, kəfən nədi?
Bu dünya öz kefindədi
Yağış yuyur ,gün qurudur.

 

Bu qədər gözəlliyin ardınca bunca “yalan”a nə lüzum vardı:

 

...Ulduzların tozunu da,
Lap günəşin özünü də,
Lap yağışın özünü də
Yağış yuyur, gün qurudur...

 

Ramiz Rövşənin öz təəbirincə desək, təpədən dırnağa rəngini dəyişməyən, qönçəsindən tikan doğmayan yeganə şeiri “İlan balası”dır. Çünki bu şeir başdan ayağa tikandır. Amma sona qədər tikanlığını itirmir, heç bir misrasından “yalan” boylanmır. Şair burda heç nəyi gizlətməyə ehtiyac duymur, bu şeirdə potensialını “gül-çiçək”lə bəzəmək zorunda qalmır:

 

Döşünün altında –
sevən bir ürək,
Dişinin altında –
zəhər tuluğu.

 

Bu şeirdə Ramiz Rövşən poeziyasının mahiyyəti aydın görünür. Ramiz Rövşənin digər şeirlərinin də “döşünün altında sevən bir ürək” çırpınır, “dişinin altında zəhər tuluğu” gizlənir.

 

Müasir Azərbaycan ədəbiyyatında Ramiz Rövşən poeziyası elə  yerdə qərar tutub ki, çoxsaylı göstəricilərinə görə başqa bir şairi onun müstəvisinə qaldırmaq olmur. Təəssüf ki, sözügedən “yalan”lar, “dezinformasiya”lar sonda onu məğlub edir. Bir yanda səbirli, ağıllı, sehrli bayquş zülməti, digər yanda bağrı parçalanana qədər cəh-cəh vuran bülbül saflığı... 

Məşum bir dilemma!

 

LENT

05 Fevral 2020
04 Fevral 2020
03 Fevral 2020
01 Fevral 2020
31 Yanvar 2020