İlğım – Eyvaz Sirablıdan hekayə

Kulis.az Eyvaz Sirablının elmi, fantastik “İlğım” hekayəsini təqdim edir.


...Dünya busa, nəyə gərək bu dünya,

Fələk çaşıb, yoxsa kələk bu dünya?...

Müəllifdən

 


…Bizim eradan əvvəl üçüncü minillik başlamağa macal tapmamış, köhnə dünya sakinlərinin alternativsiz harınlığı, əxlaqsızlığı, daş- kəsəkdən düzəldilmiş bütlərə sitayişi və ən  başlıcası şeytana uymaları, Ulu Yaradanın səbr kasasının dolub-daşmasına gətirib çıxardı. Və ilahinin haqlı olaraq dolub-daşan səbr kasasından yer üzünə o qədər su töküldü ki, külli-kainatdan bir ovuc canlı Nuh babanın gəmisinə güclə özünü yetirdi. Gəmiyə  çatmayan  və çatması əslində heç məsləhət görülməyən digərlərisə, öz  suçunun  ağırlığından həmən, suya qərq oldu. İnsanlığı bu fəlakətlərə düçar edən şeytan isə, nə qədər qəribə də olsa, “sudan quru  çıxaraq”, soxulcan donunda donuzun burnunda gəmiyə  təpilməyə macal tapdı...

 

Artıq bu zaman Nuh peyğəmbərin gəmisi içərisindəki insanat, heyvanat, nəbatat, həmçinin şeytanatdan ibarət canlılarıyla dalğaların üstündəydi və arabir qeyri-ixtiyari istiqamətini dəyişərək, özünə də məlum olmayan son  dayanacağına doğru irəliləyirdi…

 

Gəmi su üzündə nə qədər qaldı, onun sakinləri neçənci əsrin neçənci ilində və habelə hansı ayın hansı günündə təkrarən quruya ayaq basa bildilər bu, ilahiyə məxsus olan sirdir və sirr olan yerdə müxtəlif, ziddiyətli rəvayətlər və digər fikirlər də mövcuddur.

 

Əlqərəz, xeyli vaxtdan sonra ilk dəfə Gəmi qalana - Gəmiqayaya toxunan gəminin sakinləri arasında ikitirəlik yarandı. Və aydındı ki, soxulcan-məlun şeytan öz işini görməyindəydi. Nuh elə buradaca suyun çəkilməyini gözləməyi təklif etsə də, yenidən insanların qəlbinə soxulan buynuzlu məlun o qədər hoqqa çıxardı ki,  nəhayətdə ulu babamızla-peyğəmbərimizlə  ona sonadək inananlar bir-neçə qayığa doluşaraq gəmini tərk etməyə məcbur oldular…

 

İlin, günün, zamanın hansı vədəsiydi bəlli deyildi. Amma, deyəsən səmada öləziyən günəş qüruba meyllənirdi. Sükanı şeytan əlinə keçən gəmi sakinləri də məluna meylli olduqları üçün noxtalarını çoxdan ona təslim etmişdilər. Və çox çəkmədi ki, göyərtəsində  noxtalıların və iblisin olduğu gəmi məğribə üz tutaraq Ağır dağa - Ağrı dağa çırpılaraq, sərnişinləriylə birlikdə məhv oldu…

 

Bir müddət sonra su çəkiləcək, peyğəmbər ətrafındakılarla Gəmiqayanın zirvəsinə ayaq basmaqla tarixən insanın yer üzünə ikinci qayıdışının əsasını qoyacaqdı. Nuhun mübarək və müqəddəs qədəmlərinin toxunduğu Gəmiqaya zirvəsindən başlayacaq yeni  türk erası, türkün böyük zəfər yürüşü minilliklər boyu davam edəcək, öz bayraqlarında müqəddəs ayı və ulduzu ehtiramla gəzdirərək ulu tanrıya sidq-ürəklə səcdə edən türklər, azərbaycanlılar sürətlə artaraq bütün yer kürəsinə yayılacaqdı. Dünyəvi təqvimlə bir min ilə yaxın ömür sürən Nuh peyğəmbərsə, nəhayətdə elə buradaca vəfat edərək Gəmiqayanın ətəklərindəcə dəfn ediləcəkdi…

 

Məlunun Ağrı zirvəsində cismani cəhətdən murdar olaraq cəhənnəmə  transferinin mübarək tarixindən, təqribən, 4 min il sonra isə, dünyanın müxtəlif yerlərində erməni deyilən ikiayaqlı canlılar yaranacaq və onların timsalında şeytan yenidən dünyaya qayıdacaqdı. Özgə  torpaqlarında  qondarma dövlət yaradan, gerblərinə ulu babaları iblisin məhv olduğu Ağrıdağın siluetini həkk edən ikiayaqlı məxluqatlar - ermənilər, şeytandan törədiklərini, ulu babalarının heç də həyasızcasına iddia etdikləri kimi, Nuh deyil, məlun şeytan olduğunu bir daha təsdiqləyəcəkdilər…

 

…Hələliksə, bizim eradan əvvəl üçüncü minilliyin başlamasına bir qədər qalırdı və Nuh  babamız çoxdan torpaqçün qəribsəmiş bir ovuc tərəfdaşıyla Gəmiqayanın sudan azad olmuş zirvəsində əyləşərək  fikrə getmişdi…

 

***

…İnsanların Gəmiqayaya pənah gətirməsindən təqribən beş min ildən bir qədər artıq keçmiş, yəni Miladi təqvimlə bizim eranın iki min beşinci ilinin bir yay günüydü və Diloş əmioğlu evdən çıxaraq kənd içiylə başıaşağı getməyindəydi.

 

Ocaq tutunun yanından burularaq məscidin qənşərinə çatanda ayaq saxladı, adəti üzrə əlini sol cibinə atdı ki, papiros çıxarıb yandırsın. Sonuncunu bir az əvvəl çəkdiyini təkrarən xatırlayan Diloş, titrəyən barmaqlarıyla əsəbdən səyriyən yanağını ehmalca sığalladı. Ətrafda heç kim gözə dəymirdi. Dünya-aləm elə bil bomboşuydu və məscidin uca minarəsindən baxan olsaydı, Diloş əmioğlunun bir nida işarəsi tək yolun ortasında quruyub qaldığı açıq-aydın görünərdi. Əslində, dünya heç də boş deyildi və Diloşu yıxılmağa qoymayan nə zamansa ondan sonra öləcək ümidliydi ki, heysiz qılçalarına dayaq duraraq, ani də olsa, ona pulsuzluğunu, köməksizliyini, bizim eranın iki min beşinci ilinin bir yay günündə adi bir papirosa həsrət qalmasını unutdura bilmişdi…

 

Diloş qeyri-ixtiyari məscidə baxdı. Allahın bəndələrindən heç kəs gözünə dəymədi. Ayağındakı  dabanları yeyilmiş, rəngi bilinməyən köhnə əsgər çəkmələrini tozlu yolda zorla sürükləyərək yoluna davam etdi…


Diloşun ölməmiş ümidi quru vücudu sürükləyərək kənd içindəki narbənd ağacının altınadək gətirdi və yolüstü çayçı Seyrandan bir qutu “Astra” siqaretini nisyə olmaq şərtiylə alaraq onu sol cibinə mədaxil etdikdən sonra, naqafil harasa qeyb oldu. Ümidsiz qalan Diloş əmioğlu ağacın gövdəsinə söykənərək, ehmalca ağ selov daşının üstünə çökdü. Diloş üstündə əyləşdiyi daşın və sol cibindəki nisyə papirosun ümidinə qaldığını, bundan sonrakı  ömrünün də elə nisyə bir zad olduğunu, deyəsən, anlamağa başlayırdı…

 

Çayxananın qabağında, ondan sol tərəfdə Zəli Məmmədxan  şahmat oynayaraq, adəti üzrə qazanmadığı nisyə qələbədən dəm vurur, Zakon Zəfərsə, nisyə götürdüyü toxumluq arpanı  Qaracalardakı  sahəyə səpdikdən sonra qabağındakı nisyə çayı içə-içə Fəlsəfə Əhmədin həmişəki yarımnisyə söhbətinə ara-sıra qulaq kəsilərək,  təzəcə səpdiyi arpanı xəyalən hasilə gətirərək biçməyə girişirdi…

 

Fəlsəfə isə  öz söhbətindən cuşə gələrək təsbehi sol biləyinə keçirərək:

 

- Bəndənizin az-maz mütaliə etdiyi yüzlərlə dini və elmi kitablarda göstərilir ki, yer üzünü su basarkən, Nuhun gəmisi artıq səhrada hazırıydı və sonradan dalğaların ağuşunda üzərək ta buralaradək gəlib çatmışdı. Və mən bisavad bəndənizin hesabına görə, elə təqribən bizim Qaracalar düzünün üstündə yırğalanaraq  Gəmiqayaya yaxınlaşırdı…

 

Qaracalar kəlməsindən diksinən Zəfər, söhbətin nədən getdiyinin fərqinə varmadan:

 

- Həylə dəyil, mən o işin içindəyəm, - dedi…

 

Söhbətinə yersiz müdaxilədən əsəbiləşən Fəlsəfə, ağzındakı protezlərini hirslə şaqqıldadaraq, qoşa atmağa hazırlaşan məşhur oyunçulartək  onları damaqları arasında cütləyib:


- Əşi, a bala,  bu kitablarda yazılanlar  arpa-buğda  zəmisi, ya da oyun-zaddı bəyəm, onun içinə girəsən? - dedi…

 

Fəlsəfənin ona sataşdığını zənn edən Zəli Məmmədxan nisyə qələbəni nəğd fürsətə qurban verərək, Nuh peyğəmbərdən bu günədək insan qulağının şahidi olmadığı  elə qəzəbli səs çıxardı ki, qənşər həyətdəki qoz ağacının kəlləsindəki qoca qarğa, dimdiyindəki qozu buraxıb göyə milləndi. Adəti üzrə, işin içində olduğunu tələm-tələsik bəyan etmək istəyən Zəfərə qarşı yolüstü özünün sevimli “At gedişi”ni reallaşdıran Zəli, onu yaxınlıqdakı gölməçədə mat vəziyyətində buraxaraq, tini təzəcə burulmuş  Fəlsəfənin ardınca şığıdı…

 

Ümidsiz qəlblərdə lövbər salmış şeytan, quru vücudları meydanda üz-üzə qoymuşdu. Dünyanın o vədəsiydi ki, bir başın iki gözüylə iki qulağı, bir bədənin iki qoluyla iki ayağı bir-birinə düşmən kəsilmişdi. Göz-gözdən şübhələnir, qulaq digərinə etibar etmir, ayaqlar bir-birinə badalaq gəlir, qollar küştü tuturdu…

 

Bu səhnədən seytnota düşən Diloş əmoğlusa, ətrafa boylanaraq  ümidlə  ümidini aradı. Qəfldən peyda olmuş son ümidinə söykənən Diloş narbəndin gövdəsini son dəfə sığallayaraq, kəndin aşağısına doğru meylləndi…

 

Başını qaldıranda özünü kəndin kənarında, bir neçə il bundan qabaq evdən və eldən çıxaraq bir daha geri dönməyən Qəribin boş qalmış həyət çəpərinin yanında gördü. Çəpər çökmüşdü və həyətdəki ağacların susuzluqdan saralmış yarpaqları, arabir ömrü bitmiş adamlar təkin torpağın qucağına doğru uçurdu. Qərib, bir zamanlar kəndin yeganə yazarıydı və arabir qaraladığı hekayə və şeirlərini “Qəmgin”  təxəllüsüylə qəzetlərdə çap etdirərdi. Qəribin misralarını xatırladı:

 

Ömrüm karvan-sarvanıdır ürəyim,
Xəyalların dumanında itəcək…
Yük əydimi-qürbətlərə düşən daş,
Tənha qərib məzarında bitəcək…


Qəribin sahibsiz qalmış evinə nəzər saldı. Ona yazığı gəldi.  Geriyə, kəndə baxdı. Evlərin üstündə sonsuz sayda şeytanat   uçuşurdu və aşağıdakı vücudlar onlara əl çalaraq həmrəy  olduqlarını bildirirdilər. Diloşun biranlığa Qəribə paxıllığı tutdu…

 

…Dünya uçuruma, Günəş Ağrıdağa,  Diloşsa onu taleyin ümidinə buraxan son ümidindən əlini üzərək El yolunu çəpinə keçib,  Qutan dağının quzeyindəki qəbiristanlığa doğru meyllənirdi…


***

Naməlum eranın son saniyəsiydi və külli-kainatın əzəli, əbədi, alternativsiz hakimi – Ulu yaradan, alternativsiz yaratdığı yer kürəsinin xilası üçün mini-alternativ belə tapmayaraq, onun quduzlaşmış insanatına xitabən “Öl!” dedi…

 

Odla və oddan törəmiş şeytanatla iş birliyi quran bəşər övladı, sonda ilahinin alternativsiz qəzəbinə tuş gələrək maddiyyata alternativ hala-külə çevrilərək bütün kainata sovruldu…

 

…İsrafilin çaldığı Surun səsi, məğribdən-məşriqədək dalğa-dalğa yayılırdı. Külli-kainatın titrəyən alatoranlığının yaratdığı ilğım pərdəsinin arxasındasa üç xəyal-qamış atlı uşaq, Diloş əmioğlu və Qərib Qəmgin əl-ələ verərək üzü gündoğana doğru yüyürürdü…


02.11.2015

 

Gallery

 

 

LENT

25 Yanvar 2020
24 Yanvar 2020
23 Yanvar 2020
22 Yanvar 2020