"Joker" filminin dözülməz bayağılığı - Sərdar Amin yazır...

Azərbaycan teleserialları və televiziya proqramları haqqında danışmaq istəyən adamlar adətən sözə belə başlayır: “Qonaq getmişdik, istəmədən efirə baxdım...”, “Dünən anam seriala baxırdı, birdən diqqətimi çəkdi” və s. Guya aramızda heç kəs bizim seriallara baxmır...

 

Həmin söhbətə oxşasa da, deyim, mən Hollivud kino sənayesinə xas filmləri izləmirəm. “Xas” sözünü ona görə istifadə etdim ki, bu industriyada istisna filmlər də ərsəyə gəlir, hansı ki, onlar artıq janr halını almış “Hollivud filmi” kateqoriyasına aid olmur. Bu istisnaları nəzərə almasaq, Hollivud filmləri, yəni prodüser filmləri mənə görə əsl həqiqətdən, sənətdən, intellektuallıqdan çox uzaqda qalan puç nağıllardır.

 

“Joker”i izləmə səbəbim isə... Çünki bu film artıq ayağıma dolaşırdı.  Qazancı rekorda gedən, 10-dan çox nominasiyada “Oskar”a namizəd göstərilən bu filmi izləməməklə heç nə itirməyəcəyimi bilirdim. Lakin ətrafım bir ağızdan bu film haqqında danışanda, azından onları susdurmaq üçün bu “Joker”ə baxmalı idi. Hollivud filmlərinə olan “skeptik süzgəci”mi qaldırdım, sanballı bir film izləyirmiş kimi “Joker”ə başladım...

 

Başlayaq filmin problematikasından... Yenə də ənənəvi, sıradan, həyati olmayan bir mövzu – uşaqlıq travması... Hollivud qondarması olan bu mövzu artıq əsl kinomanlar arasında bir məzhəkə konusuna çevrilib. “Uşaqlıq travması” sözügedən kinoindustriyanın manyaklara, pedofillərə, debillərə, ruhi xəstələrə verdiyi bir hədiyyədir. Bu termin kino problemi kimi şişirdildikcə situasiya leqallaşır – insanlar iyrənc əməllərinə “uşaqlıq travması” donu geyindirir. 

 

Əslinə baxsaq, insan şüuraltında durmadan özünə travma axtarmırmı, bizi həyatda tutan, mübariz edən travmalar deyilmi? Kimin travması yoxdur? Niyə belə sıradan hadisə xüsusilik qazanmalı, illərlə kinoteatrları zəbt etməlidir?

 

“Joker” filmi ilk dəqiqələrdən özünü faş edir; ssenaristlər və rejissorlar sonradan “Joker” olacaq bu təlxəyin cəmiyyət tərəfindən təhqir olunmasını göstərmək üçün çox ucuz bir vasitəyə əl atır, əlində poster tutub reklam işi görən kloun bir dəstə yeniyetmə tərəfindən səbəbsiz yerə döyülür. İnanın, səbəbsiz! Əvvəlcə posterini alıb qaçırlar, təlxək onları təqib edir, dalanların birində posteri onun başında qırırlar, özünü də “eşşək sudan qayıdana qədər” çırpırlar. Mənim sevdiyim rejissorlar bu tip ucuz situasiyalarla tamaşaçının başını aldatmağa çalışmırlar. 

 

“Hollivud”un bizə sırıdığı ənənəvi xarakterlər, insan hekayətləri, faciələrin həyati kökü olmur. Məsələn, “bir insan qəzada yaddaşını itirir, illərlə yaddaşsız yaşayır, günlərin bir günü hər şey ona əyan olur”. İlahi, nə qədər bayağı, həyatdan qopmuş, təbii sentimentallığı sıfra bərabər bir mövzu! Siz həyatda belə neçə adam tanıyrısınız? Hansı ki, yaddaşını ititir, sonradan yaddaşı qayıdır. 
Belə şeylər ancaq Hollivud filmlərində olur. 

 

“Joker”in travmasının təzahürünə diqqət edin; o, əsəbiləşəndə, həyəcanlananda qəhqəhə çəkir. Belə bir xəstəlik var imiş. Tutaq ki, var! Bəs bu milyonda, milyardda bir rastlanan hadisəyə film çəkməyə nə ehtiyac var? Bu nə saxtakarlıqdır? Yoxdur belə dünya! Bu saxta hadisələr içimizə dürtüldükcə doğallıqla bağlarımız qırılır. Bizdən saxta qəhrəmanlar qayırırlar. 


Bu çox uzun söhbətdir, həm də bu barədə köşə yox, esse yazmaq olar.

 

Gəlin, sizə “Joker”də buraxılan – hətta Hollivud filmlərində də yol verilməyən bir qüsuru da deyim. Mənə görə bərbad operator səhvi. Qəhrəman soyuducuya girib qapını bağladıqdan sonra – yəni, otaqda heç bir canlı qalmadığı halda kamera birdən hərəkətə gəlir. Bu hərəkət yalnız otaqda başqa birinin, yaxud bir canlının olduğu halda doğruluq qazana bilərdi.

 

“Joker”in beynəlxalq aləmdə ən çox tənqid olunan tərəfi isə filmdə istifadə olunan musiqilərdən biri ilə əlaqədir. Qəhrəman pilləkənlə endikdə verilən fon musiqisi məşhur britaniyalı pop-rok ifaçısı Qarri Qlitterin mahnısıdır. O Qlitter ki pedofillikdə ittiham olunaraq “Porsuqağacı əməliyyatı”nda həbs olunub və bir neçə azyaşlı qızla intim münasibət yaşadığını etiraf edib. Gözəlim qərblilər də deyir ki, “siz o musiqidən niyə istifadə etmisiniz? Bu musiqi çox izləndikcə pedafil “Youtube”dan pul qazanacaq”. Siz Allah, bu dəngüllərin probleminə baxın! Təbii ki, bütün bunlar flmin “PR”-na hesablanıb. Təbii ki, bu təbliğat maşını sayəsində “Joker” hər gün bir rekord qırır. Bu rekordlar davam edəcək...

 

“Joker”in bayağılıqlarınından davam etsəm, yorularsınız; rejissor dəst-xətti yox, xüsusi opreator işi yox, ssenari sıradan, auditoriya seçimində haçalanma və s. və i.a.

 

Yazımın “Üstümüzdə Allah var” hissəsinə gəlincə, deyim ki, filmdə rəng işi möhtəşəmdir!. Kostyum, rəssam, qrim qüsursuz... Hətta möhtşəm! Musiqi, montaj və başqa texniki göstəricilər də əksər Hollivud filmlərində olduğu kimi çox səliqəli...

 

Və gələk “Joker”in ifaçısı - Xoakin Feniksə... Və mən əllərimi qaldıraraq təslim oluram. Bu aktyor həmişəki kimi tərkidünyadır. Heç kəs onun oyununa ağız büzə bilmir. Bütün performansı özünəməxsus olduğundan tamaşaçılara müqayisə üçün obyekt saxlamır və nəticədə onun qüsurları olsa da görə bilmirik. Onu yalnız özüylə, daha doğrusu başqa obrazlarıyla müqayisə etmək olar. 

 

“Joker” filmi əsər olmadığına görə bu filmdə hətta Feniks də “hamam suyundan dost tutub”; Pol Tomas Andersonun “Master” filmindəki obrazının bir hissəsini “Joker”ə transfer eləyib. 


Bu filmə baş qoşduğu üçün bəzi intellektual film həvəskarları Feniksdən üz döndərdi. Bəli! O bunu etməməli idi... “Brut? Sən də... ?”

 

Təbii ki, film bütün detalları ilə kütləviliyə hesablanıb, qüsurları ilə yanaşı bulanlıq publikanın damarına işləyən səhnələrlə süslənib. 

 

“Joker”lə bağlı məni ən çox təssüfləndirən məqam bu filmin “Venesiya Film Festivalı”nda “Qızıl şir” qazanmasıdır. “Qızıl şir” başqa mükafatlarla müqayisədə az-çox nüfuzunu qorumuşdu, onu da “Joker” zay elədi.

 

“Joker” çox güman ki, bir neçə nominasiyada “Oskar” qazanacaq; ən yaxşı kişi rolu, montaj, kostyum və s. Amma ürəyimə damıb ki, əksər kinotənqidçilərin, tamaşaçıların dediyinin əksinə, “Joker” ən yaxşı film nominasiyasında “Oskar” almayacaq. 

 

Sonda fikirlərşirəm ki, adətən filmlə bağlı resenziya, esse yazırlar. Mən niyə film haqqında köşə yazdım? Yəqin ki, sanballı filmə baxsaydım, esse yazardım, “Joker” mənə ən yaxşı halda köşə yazdıra bilər.

 

LENT

10 Dekabr 2019
09 Dekabr 2019
08 Dekabr 2019
07 Dekabr 2019
06 Dekabr 2019