Pinqvin yerişli qoca fahişə... – Sevinc Elsevərdən yeni şeirlər    

                                 

Kulis.az tanınmış şair Sevinc Elsevərin yeni şeirlərini təqdim edir.      

                                         
Paris... Eyfel... Kənd

Balaca bir kənddəki
doğma evinin açarlarının halqasına
Eyfel qülləsinin balaca maketini taxmış gənc qadın
Paris sevdalıdı 
Paris arzuludu ürəyi illərdi.
                                            
***

Şimşəyin səsini susdurmağa  
gücü yetməyən yan qonşum
pianonun səsini susduralım deyə
döyür qapımızı.
Yağış və musiqi 
bir-birini tamamlayırdı halbuki
dinləyib-dinləyib  
dərin yuxuya da getmək olardı
günəş doğana qədər
nə yuxular görmək olardı...
                                                  
***

Üzüqoylu torpağa yıxıldı balaca 
düz ayaqqabımın burnunun ucunda
fikirdən ayıraraq diksindirdi məni

sözə baxmayıb əlindən qaçmışdı deyə
anası arxadan onu vurmasaydı 
ağlamazdı bəlkə 
hələ fürsət tapıb ayağa belə qalxmamışdı...

hardan anaların ağlına gəlib ki
ana əli ağrıtmaz körpəni?
şiddəti sığal kimi çəksən belə
torpağa üzüqoylu yıxılmaqdan daha ağrılı
imkan verin uşaqlar yıxılsınlar
özü yıxılanlar ağlamır axı... 
                                                                
***

səninlə bərabər
boşaltdığımız bər-bəzəkli içki şüşələrindən bircəciyini
xoş günlərin xatirəsi kimi
saxlayıram
əlim gəlmir atam
içində keçən günlərin 
külləri varmış kimi
göz bəbəyi kimi qoruyuram
düşüb sınsa
dağılıb gedəcək sanki hər şey
çiliklənib töküləcək 
süpürülüb atılacaq 
sənli xatirələr
və axıb toza-torpağa qarışacaq 
şərab şüşəsinin içindəki o son qırmızı damla 
onda  yaşadığımız sevginin dadı var hələ...  
                                                           
***

Bakı metrosunda 
yad  baxışlardan qoruyacam deyib 
sevdiyi qızı bərk-bərk qucaqlayan cavan oğlan
qızın üstünə daha çox diqqət çəkdiyinin 
fərqində deyil

Dezdamona kimi tıncıxır nəfəsi yazıq qızcığazın
Otellonun iri, qara əlləri arasında qalıb boğazı...
                                                  
***

Ayaqyolu qapılarına yazılan 
“Qadın” kəlməsi 
yada salır qadınlığını təkcə
hər dəfə yerin dibinə enincə...

Üstünə “Kişi” kəlməsi 
həkk edilmiş kirli qapılar diksindirir onu
əlləri cibində, şən, firavan
o divarların dibini isladan kişilərin bir çoxunun 
kişi olduğu heç bir kitabda deyil də
təkcə bu kirli, sidikli qapıların üzərində yazılı

Bilir o müdrikcə
dodağı qırmızı boyalı
əyri şlyapalı 
pinqvin yerişli qoca fahişə...   
     

Görüntünün olası içeriği: 1 kişi, açık hava ve su

                                                        
Ümidsizlik

səhəri təptəzə ümidlərlə açmışdım
sonra, mənə yenə nəsə oldu...
bu gün də dünənki kimi keçdi
kompüterimi işə saldım
yerimdən duran kimi
amma bu  gün də heç nə yazmadım
aydınlatdı kompüterimin ekranı
alaqaranlıq odamı sadəcə
bütün günü izlədi 
gedib-gəlib ümidsizcə 
üstünə necə əyildiyimi 
üzümün necə əyildiyini
qəddimin necə əyildiyini
                                                           
***

Çəkdiyi əziyyətləri görməyə utandığımdandı
başımı əyərək keçirəm
bu soyuqda binamızın ağzını süpürən
yaşlı süpürgəçi qadının yanından
bəlkə də təkəbbürlü olduğumu düşünmədi o

Köynəyindən tanınan şair
on il əvvəl çap olunmuş kitabımı
hədiyyə elədiyim adam
kitabı çevirib
arxasındakı şəklimə baxır
şəkildəki gənc qadını
qarşısındakı qadınla tutuşduraraq xəbər alır:
“Şəkildəki sizsinizmi?” - deyə

Yalan danışırmış kimi hiss edirəm
şəkildəki gənc
dodağı təbəssümlü qadının özüm olduğunu
təsdiqləyərkən

Yaxşı ki şəkildəki köynəkdi 
əynimdə hələ də
adamı inandıran da
əynimdəki solğun, nimdaş bu köynək olur...
                                                 
***

Uşağına dərman almaq üçün
gəlinlik sırğalarını satan qadın 
sırğalıqlarındakı boşluğa gec alışdı
yaxşı bağlanmırdı sırğanın sol tayı
əlini tez-tez aparıb sol qulağını yoxlardı
itirmək qorxusuyla yaşamışdı uzun zaman
o qorxunu yadırğamadıqca 
tez-tez yadına düşəcək 
necə çıxılmazlıqda qaldığı
döydüyü qapıların üzünə açılmamağı

Ürəyində tez-tez pıçıldayırdı:
“yaxşı ki, satmağa
satmağa  o sırğalar vardı!”

Sonra uşağın o od qiymətinə olan  dərmandan 
bir-iki qaşıq içib
sağalmağına 
şüşənin yarıdan çoxunun dolu qaldığına 
az qala təəssüflənir qadın
ağzı açıldıqdan sonra soyuducuda da 
cəmi bircə həftə saxlamaq olarmış ancaq...
                                                             
***

“Məktəbdən qalmaq olardı” - deyə
“20 Yanvar” faciəsinin ildönümünün 
bazar gününə düşdüyünə heyfsilənir məktəbli qız
həm də o məşum gecədə
iki məktəblinin də öldürüldüyünü
tamam unudaraq!
                                                  
***

Ah, ah, Səməd əmi,
dənizə can atan balaca qara balığı
bir qaşıq suda boğdularmı?               

***

Səhərlər saçlarımı darayanda 
illər əvvəl öldürülmüş quşun tükləri də 
çıxır darağımda
saçımla birgə
yastığımdan saçlarıma qarışmış tükün rəngində
bir quş canlanır gözlərim önündə
gözəl, ağappaq quş
o quşun tüklərinin rənginə 
boyanmaqdadır saçlarım...
                                                                      
***

Gözəl bir qız qalxıb düşdü dayanacaqda 
avtobusun açıq pəncərəsindən gələn küləkdə 
yelləndi oturacağa ilişmiş uzun bir teli 
sahibi barədə danışdı xeyli
uzun, qəhvəyi saçlı 
dəlisov, şən  bir qızdan  
                                                           
Gənclik

Üçcə il götürür alimlər insanın gənclik yaşını
on yeddisindən iyirmisinə kimi...
mənə görə bu kəpənək ömrüdü
o, üç ili istədiyi kimi yaşamalı insan
uşaq doğmamalı qızlar o yaşlarda
oğlanlar hərbiyə çağırılmamalı
təhsilə ara verilməli
işləməməli gənclər
gənclik təqaüdü kəsilməli üç illik
elə bir məbləğ ki
bütün əyləncələrə çatsın...
gənclik kimsəyə möhtac olmasın.

Gəzməli-tozmalı
əylənməli-gülməli gənclik
və sevməli doya-doya
yüz əlli illik ömrə belə sığdırıla biləcək
xatirələr toplamalı
gənclik illərindən
dəli-dolu yaşanmalı hər şey
ağılı gün eynəyi kimi çıxarıb bir kənara atmalı
dünya işığını 
doya-doya gözünə təpməli! 

 

LENT

09 Dekabr 2019
08 Dekabr 2019
07 Dekabr 2019
06 Dekabr 2019