Qayınatasını bıçaqlayan Mehman

Həyat yoldaşı milli düşüncəmizə yad anlayışdır. Hətta bir çox məqamda mental təfəkkürümüzlə toqquşur. Məsələn,  söz haqqı olmayan, yalnız ərin verdiyi qərarları icra edən, kişinin mülkiyyətinə çevrilən qadın həyat yoldaşı sayılırmı? Yaxud da həyat yoldaşıdırmı? Özümüzü aldatmayaq, belə  ailədaxili münasibətlər yoldaşlığa deyil, bir tərəfin qeyd-şərtsiz hökmranlığına əsaslanır. Xoşumuza gəlməsə də, bu, belədir. İstisnaları çıxmaq şərti ilə, çoxumuz  kişinin həyat yoldaşı deyil, məhz arvadı, uşaqlarının anasıyıq.

 

Əslində kişilər də qınanılası deyil. İctimai şüur, böyüdükləri mühit qadınlara ağalıq etməyi, onları əzməyi diktə edir. “Arvad ağlı-toyuq ağlı”, “ağıllı kişi arvadın sözünə baxmaz”,  “kişi arvadını döyər də, sevər də”, “ərsiz arvad-yüyənsiz at” kimi milli düşüncələr qadına gerçək həyat yoldaşı  olmağa imkan vermir. Hələ dahası da var. Qoçaq, mərd, səxavətli adamlara “kişisən” deyib, qorxaq, yaltaq, yalançı, şərəfsiz insanları “arvad” adlandırırıq.

 

At-eşşəklə müqayisə edilən, toyuqla eyni ağılda olan qadını kim adam yerinə qoyar, onunla məsləhətləşər, yoldaşlıq edər ki?! Beləsi ən yaxşı halda ancaq uşaq doğmağa, qab-qaşıq yumağa yarıyar. Ən pisi də odur ki, qadınlarımızın özü də bu yanaşmaya tabe olur, boyun əyir.

 

İngilis dili müəlliməsi işləyən rəfiqəm vardı. Ərinin yanında bir kəlmə də xarici dildə söz deyə bilməzdi. O saat qıza gülər, hamının içində lağ-lağı edərdi. Yazığı o qədər kompleksə salmışdı ki, Xumar “Bacarıqsız adamam, məndən heç vaxt yaxşı müəllim olmayacaq”, - deyirdi. Gördüyü psixoloji şiddət əsəblərini pozur,  tez-tez depressiyaya düşürdü. Əri Xumarı bacarıqsız, savadsız, kütbeyin olduğuna o qədər inandırmışdı ki, qızdan nə soruşsaq, “Başım çıxmaz, Sabir  bilər”, “Məndə ağıl nə gəzir”, “Sabir olmasa, heç nə edə bilmərəm”, - söyləyirdi.

 

Sevib ailə qursalar da, Sabir üçün Xumar həyat yoldaşı deyil, özün əsl mənasında həyatının kənizi, sərəncamında olan qadın idi. Saç boyasından tutmuş corabınadək əri qərar verir, qız isə dinməz-söyləməz icra edirdi. Hər ikisi ailə təhsilli, ziyalı  olsa da, mental paramertlərə görə ər-arvad məhz belə olmalı idi.  Bu cütlük də milli ailə olmağın haqqını ödəməyə çalışır, xeyli də nail olmuşdular. Sabir heç bir məsələdə həyat yoldaşı ilə məsləhətləşməz, bütün qərarları təkbaşına verər, Xumarla hesablaşmazdı.

 

Xumarın xoşbəxt olmadığı hər halından bəlli idi. Yalandan gülüb danışsa da, Sabirin saymazyana münasibəti, evdə özünü kral kimi aparmağı, onun fikirlərinə hörmət qoymaması qızı incidirdi. Arada “Hamının ailəsində belədir də, guya bizdə arvadı sayan kişi var?”, - söyləyib, özünə təsəlli versə də, daxilən çox əzab çəkirdi.

 

Axırda iş o həddə çatdı ki, qız işdən çıxıb, tamam evə qapandı. Qonaq gedəndə Xumarı tanımadım. Baxımlı, bər-bəzəkli rəfiqəmdən əsər-əlamət qalmamışdı. Sanki dünya uçub, altında qalmışdı. Əri onu cəmi 3 ilə özünə güvənsiz, ərdən tamam asılı olan, cəsarətsiz  bir qadına, tipik arvada çevirmişdi. Xeyli söhbət edib, onun əla  qiymətlərlə başa vurduğu təhsilini, qalib gəldiyi müsabiqələri, aldığı mükafatları yadına saldım. Gördüm, xeyri yoxdur, qız özündən tamam vaz  keçib. 

 

Ziyarətimdən bir neçə gün sonra Xumarın ata evinə qayıtdığını eşitdim. Anası övladının gündən-günə əridiyini görüb, müalicə etdirmək üçün aparmışdı. Əri dava-dalaş salsa da, rəfiqəm geri dönmədi. Valideynlərinin yanında yaşayıb, psixoloji yardım almağa başladı. Bir də xəbər tutdum ki, qız özünü toplayıb, təlim mərkəzlərinin birində yenidən müəllimə işləyir. Ailə həyatı sona çatsa da,  ləyaqətini, mənliyini  xilas edə bildi. Xoşbəxtlikdən valideynləri Xumara dəstək oldu, onu tək qoymadı.

 

Amma “arvad” olmağa məruz qalan qadınların heç də hamısı Xumar kimi şanslı deyil. Gülşən adlı tələbə yoldaşım vardı. Yazıq qız nələr çəkmədi? Əllərinin üstündə bıçaq yaralarının izi var. Bir barmağı da ərinin ucbatından kəsilib. Universiteti qırmızı diplomla bitirsə də, bir gün də işləməyib. Yoldaşı icazə vermir. Adını qısqanc qoysalar da, mənə görə ruhi xəstədir. Sağlam insan həyat yoldaşına o zülmləri verə bilməz. “Arvad mənimdir, özüm bilərəm”, -deyib, hələ də Gülşənə fiziki, mənəvi işgəncələr verir. Barmağı kəsiləndə qızlarla baş çəkməyə getmişdik. Anası demişdi ki, guya əli darvazanın arasında qalıb.  Sən demə, ərinin əməli imiş. Qız nişan üzüyünü itirib, Mehman da cəza olaraq, barmağına ip sarıyıb, bərk sıxıb. Bir müddət sonra dərisi qaralmağa başlayıb. Həkimə aparanda gec olub, qanqrena verdiyi üçün həkim amputasiya etməli olub.

 

Özü də Mehman tək arvadına qarşı zalım deyil, 12 yaşlı oğluna da zülm verir. Gülşən deyir, əsəbiləşəndə uşağı da möhkəm döyür: “O gün məni döydü, sonra da boğmağa başladı. Taleh gördü ki, nəfəsim kəsilir, atasının qolundan dartıb yalvarmağa başladı. Mehman məni buraxıb, uşağı  təpikləməyə başladı. Qəzəblənəndə gözünə kimsə görünmür, balası da olsa, tikə-tikə edər. Axırda oğlumu bir təhər əlindən alıb, qonşuya qaçdıq. Gecəni orada qaldıq. Səhər açılanda evə qayıtdıq. Yoldaşım 1 həftə sonra evə gəldi.  Xeyli bazarlıq etmişdi. Yaxşı süfrə açmağımı tapşırdı. Xörək hazır olanda dedi ki, ancaq özü yeyəcək, bizə yemək düşmür. Oğlumla məni də süfrənin arxasında oturtdu. Biz tamaşa etdik, o, yedi. Mən böyüyəm, ac da qalaram.  Amma Taleh uşaqdır, yeməyi görüb, umsuna bilər. Ürəyim dözmədi, mətbəxə keçib, Talehə də yemək çəkdim. Atası boşqabı əlimdən alıb, yerə çırpdı.  Başımıza belə oyunlar açır”.

 

Sonuncu dəfə görüşəndə Gülşəndən indiyədək nə üçün dözdüyünü soruşdum: “Ailə bu deyil axı! Mehmanın həyat yoldaşı yox, qulusan. Səninlə kefi istədiyi kimi davranır. Gah evdən qovur, qonşuda gecələyirsən, gah ac saxlayır. Nə üçün boşanmırsan?”.

 

Gülşən gözünün yaşını axıdıb, “Taleh körpə olanda ayrılmaq istədim, anam qoymadı. İndi də gecdir. Yenə pis-yaxşı evi Mehman dolandırır. Boşansam, özümə və uşağa necə baxacağam? Təhsilim də zay oldu, oxuduğum heç nə yadımda qalmayıb. Anam da deyir, bu qədər dözübsən, bir az da səbr et. Bəlkə qocalanda düzələr”, - söylədi. 

 

Gülşənin dediyinə görə, oğlu yeni doğulanda bir dəfə  boşanmaq istəyib. Hətta atası ilə məhkəməyə gedib, ərizə də yazıb. Binadan çıxan kimi Mehman hər  ikisini də bıçaqlayıb. Atası yüngül yaralansa da, Gülşən xeyli qan itirib, çətinliklə həyatda qalıb.

 

Əri həbsdən xəbər göndərib ki, boşansan, çıxan kimi qardaşını öldürəcəyəm. Anası bunu eşidən kimi körpəsini də Gülşənin  qucağına verib, qayınanasıgilə göndərib. Bu söhbəti Zümrüd xala da ağlayaraq təsdiqlədi: “Dörd qızdan sonra bir oğul tapmışam. Qorxdum, oğlumu öldürər. Məcbur qalıb, Gülşəni oda atdım”.

 

Dərd ondadır ki, anası indi də boşanmasını istəmir. Deyir minə dözən, min birə də dözər. Ərin əlində köləyə çevrilən qadınları gördükcə, ən çox da qucaqlarındakı qız uşaqlarına yazığım gəlir. Ya bir işıq tapıb, nura çıxacaq, ya da anaları kimi  zülmətdə sovrulacaqlar.

 

Sizi bilmirəm, mənə görə o cür ailələr ailə, o qadınlar həyat yoldaşı deyil!  Ailə, həyat yoldaşı belə olmur. Deyirlər ha, cəmiyyətimizdə ailə institutu möhkəmdir-filan. Boş söhbətdir. Bizdə ailələr ona görə dağılmır ki, qadınlar hər zülmə dözüb boşanmır. Vəssalam!  Hamıya aid olmasa da, çoxu belədir. İnanmırsınızsa, yan-yörənizə baxın. Hüquqları pozulmayan, dəyər görən, ərinin həyat yoldaşı ola bilən neçə qadın tanıyırsınız?

 

LENT

09 Dekabr 2019
08 Dekabr 2019
07 Dekabr 2019
06 Dekabr 2019