Musa Yaqubun, Ramiz Rövşənin, Salamın birgə yazdığı şeir – Mətn  

Kulis.az şeirimizin məşhur misralarından ibarət maraqlı eksperiment təqdim edir.  Şeirdə Vaqif Bayatlı, Musa Yaqub, Ramiz Rövşən, Salam Sarvan, Eldar Baxış, Rüstəm Behrudi, Əli Kərim, Nəriman Həsənzadə və digər şairlərin məşhur misralarından istifadə olunub.

 

Axşam da qəribdi, mən də qəribəm.
Oyatma mürgülü xatirələri.
Bəlkə bu yerlərə bir də gəlmədim
Bahar budaqlardan çəkilən kimi.

Bağışla otağım tör-töküntüdür.
Yuvam dimdiyimdə gəzirəm hələ
Məni sevənlərin hamısı öldü.
Sən elə bir vaxtı rast gəldin mənə.

Mən sənin yanında dururam, sənin 
Hayanda durum ki, görəsən məni?
Mənimki eşq deyil, divanəlikdir.
Mən özüm ərköyün öyrətdim səni.

Mən bir az baharlı budaq kimiyəm
Qardaşım ağaclar, bacım çiçəklər
Sən də qar kimisən soyuq və gözəl
Sən ey mavi göylər, səmavi göylər.

Daha bu qələmim çiçək bitirməz 
Ulduz tək üstümə səpələn ey qar.
Getdi qollarımdan küçə davası
Mənim dərdlərimin ayaqları var.

Sonra nə oldusa, yadıma gəlmir.
Şeirim hecalara bölünür belə...
Bəlkə də, xoşbəxtik, xəbərimiz yox
Yağış səhərəcən yağsın şəhərə.

Səni həmişəlik atıb gedirəm 
Yadlara doğmayam, doğmaya yadam
Qaçdım məni sevən gözlərdən daha
Salam dar ağacı, əleyküm salam.

Tutdum yıxılmağa qorxduğum yerdən
Sonra vaxt dayandı, zaman dayandı
Qış olub üstümə niyə gəlmisən?
Qayıt sahmana sal bu kainatı.

 

LENT

09 Dekabr 2019
08 Dekabr 2019
07 Dekabr 2019
06 Dekabr 2019