Aşıqlar konsert proqramı ilə çıxış ediblər

Noyabrın 8-də Beynəlxalq Muğam Mərkəzinin "Aşıq musiqisi axşamları" layihəsi çərçivəsində Şirvan aşıqlarının konserti təqdim edilib.

 

Kulis.az-ın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, konsert Beynəlxalq Muğam Mərkəzi ilə AMEA Folklor İnstitutunun layihəsi əsasında reallaşıb.

 

Gecədə Folklor İnstitutunun şöbə müdiri, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədli çıxış edərək Şirvan aşıq məktəbinin keçdiyi tarixi inkişaf yolundan danışıb. Bildirib ki, layihənin əsas məqsədi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin təbliğindən ibarətdir. Aşıq sənəti xalqın fəlsəfi mədəniyyətinin formalaşdığı xüsusi bədii təfəkkür sahəsidir. Sənətin bu növündə poeziya, musiqi, rəqs, ifaçılıq kimi sahələr sintez olunub. 2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib.

 

Layihə çərçivəsində digər aşıq məktəblərinin də ifaçılarının konsertlərinin təqdim olunacağı vurğulanıb.

 

Qeyd edilib ki, Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir.

 

Konsertində Şirvan aşıq məktəbinin nümayəndələrindən - Aqamurad Şirvanlı, Aşıq Abbas Musaxanoqlu, Əvəzxan Xankişiyev, Aşıq Haşım Qubalı, Aşıq Məhəmməd Şirvanlı, Aşıq Əli Tapdıqoğlu, İnci Şirvanlı, Aşıq Xamis Xanışoğlu, Aşıq Məharət Habiloğlu, Aşıq Xəyal Niftəliyev və Aşıq Rza Məmmədov bir-birindən gözəl ifaları ilə tamaşaçıların zövqünü oxşayıb.

 

LENT

14 Noyabr 2019
13 Noyabr 2019
12 Noyabr 2019