Göyçayda Nar Festivalı keçirilir - Fotolar

Göyçay rayonunda XIV Nar Festivalına start verilib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Sonra 9 noyabr-Dövlət Bayrağı günü münasibətilə mərasim keçirilib. Dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, yerli və xarici iş adamları, beynəlxalq təşkilatların əməkdaşları Göyçay Bayraq Meydanında üçrəngli bayrağımızın ucaldılması mərasimində iştirak edib, Bayraq Muzeyi ilə tanış olublar.

 

Nar festivalının rəsmi açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə bildirib ki, artıq 14-cü dəfədir təşkil edilən və iki gün davam edəcək bu məhsul bayramı Göyçayda meyvəçiliyin və turizmin inkişafı baxımından böyük əhəmiyyət daşıyır: “Həm yerli əhalinin, həm də ölkəmizə gələn qonaqların böyük marağına səbəb olan Nar Festivalı bir daha sübut edir ki, Azərbaycan öz mədəni irsini, adət-ənənələrini qoruyub saxlamaqdadır. Bu bayram həm də Azərbaycanın dünyada təbliğinə xidmət göstərir. Yerli və xarici medianın işıqlandırdığı nar bayramı vasitəsilə ölkəmiz ildən-ilə daha çox turistin marağını cəlb edir”.

 

Festival iştirakçıları nar məhsullarının sərgi-yarmarkasına baxış keçirib, rayon mədəniyyət evinin musiqi kollektivi, məktəblilərdən ibarət mahnı və rəqs qrupları, kəndirbaz və idmançılar bayram tədbirində çıxış ediblər.

 

Tədbir zamanı nar ilə bağlı müxtəlif müsabiqələr, oyunlar keçirilib. Xanəndələrin ifasında nara həsr olunmuş milli musiqi, muğam və folklor nümunələri təqdim edilib. Tədbir iştirakçıları rayonun 30-dan çox kəndinin sakinləri tərəfindən nardan hazırlanan məhsulların sərgisi ilə tanış olublar.

 

Qonaqlar əl əməyi ilə yüksək ustalıqla hazırlanan nar şirəsinin, nar şərabının, nardançanın, gilələnən narın dadına baxıb. Festivalda ən böyük nar nümayiş olunub.

 

Heydər Əliyev prospektində nar və nar məhsullarının satış-yarmarkaları, yerli musiqiçilərin iştirakı ilə konsert təşkil olunub, nardan hazırlanan müxtəlif əl işləri nümayiş etdirilib.

 

Qeyd edək ki, müxtəlif turizm şirkətləri noyabrın 9-10-da Bakı şəhərindən Göyçaya endirimli qiymətlərlə tur-aksiyalar keçirirlər. Turistlər rahat nəqliyyat vasitələri ilə Göyçaya gələrək rayonun gəzməli-görməli yerləri ilə tanış olur, Nar festivalına qatılır, satış-yarmarkalarda nar məhsullarının dadına baxmaq və onları almaq imkanı qazanırlar.

 

LENT

22 Noyabr 2019
21 Noyabr 2019
20 Noyabr 2019