Qarovulçu işlədiyi teatrda solist olan, Tacikistandan balerina qaçıran Xalq artisti

Bu gün mərhum müğənni, Xalq artisti Oqtay Ağayevin doğum günüdür.  Kulis.az bu münasibətlə sənətçi haqqında maraqlı faktları təqdim edir.

 


Oqtay Ağayev 1934-cü ildə Bakıda anadan olub. Atası Cəfər kişi Cənubi Azərbaycanlı, anası Həlimə xanım isə Lənkəranlı idi. Valideynləri Bakıda - orta məktəbdə oxuyarkən tanış olublar. 


***


Universitetin tarix fakültəsinə daxil olmuşdu, ancaq ürəyi incəsənət üçün döyünürdü. Belə də oldu. Universiteti yarımçıq tərk edib Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil oldu. Ağır dövrlər olsa da, müəllim sarıdan bəxti gətirdi. Sofya İvanovna Oqtaya vokalın sirlərini öyrətdi. 

 

***


Uşaqlıqda futbolu çox sevib.

 

***

 


Babası Ədalət partiyasının sədri olub, Ali Sovetdə çalışıb. Mircəfər Bağırov onu da sürgün edib. “Xalq düşməni” adı ilə 18 il Sibirdə sürgün həyatı yaşayıb. Oqtayın atası da Tibb Universitetində oxuduğu illərdə “xalq düşməninin oğlu” damğası ilə kursdan qovulub.


***

 

Repressiya illərində şəxsin özünü həbs edəndə, ailə üzvlərini də tuturdular. Bütün var-dövlətləri, evləri əllərindən çıxandan sonra ailə babalarının İçərişəhərdəki evində qalıblar.

 

***


Təhsilini bitirdikdən sonra Azərbaycan Dövlət Estrada Orkestrində işləyib. Ora ləvğ olunandan sonra 8 il işsiz qalan Oqtay Azərbaycan Dövlət Mahnı Teatrında bir müddət qarovulçu kimi işləyib. Daha sonra qarovulçu işlədiyi yerdə solist olub. Bu işdə ona saksofon ifaçısı Rafiq Seyidzadə kömək edir. Nazirə zəng edib, şikayət edir ki, Oqtay kimi sənətçi qarovulçu çalışır. Bundan sonra teatrda solist yeri açılır.


***


60-cı illərdə Oqtay Ağayevi demək olar tanımayan yox idi. Küçədə rahat gəzə bilmirdi. Onu sevən kütlə əhatəyə alıb avtoqraf istəyirmiş. “Camayka” mahnısını sovet dövründə ondan başqa kimsə oxumamışdı. Həmin ifa SSRİ-nin mədəniyyət naziri Yekaterina Furtsevanın çox xoşuna gəlmişdi. 


***

 

 

Rəşid Behbudovla dost olublar. Ancaq Moskva səfərinə rəhbərlik edən Rəşid Behbudov “Camayka” mahnısını oxumağı qadağan edib. Oqtay da razı olub. Səhnədə ifalarını yekunlaşdırıb getmək istəyən Oqtayı tamaşaçılar buraxmayıb. “Camayka” mahnısı oxumağını istəyiblər. Maestro Niyazi deyib, oxu. Oqtay da deyib, Rəşid qoymur. Niyazi cavabında “Yekaterina Furtseva ordan baxır, mahnını gözləyir”. Orkestr çalmağa başlayıb, Oqtay da oxuyub. Bundan sonra Rəşid Behbudovla dostluq münasibətləri pozulub. 


***

O dövr  Kremldə  konsert verməyin çox çətin olduğu bir vaxtda Oqtay Ağayev həmin məkanda 11 dəfə konsert verib.

 

***

Ömründə bir dəfə toya gedib. Kimsə toyda ona qarşı pis hərəkət edib. Bundan sonra heç vaxt toylara getməyib.


***


Evlərinə Müslüm Maqomayev, Polad Bülbüloğlu, Vaqif Mustafazadə kimi nəhəng sənətçilər gəlib. 

 


***

 

Oqtay Ağayev qastrol səfərlərinin birində Düşənbədə Nadejda adlı bir qızla tanış olub. Qız kimya fakültəsini bitirib, balerina kimi işləyirdi. 10 gün görüşüb yaxından tanış olublar. Oqtay dostlarına deyib ki, bu qızdan çox xoşu gəlir, onu özüylə Bakıya aparacaq. Nadejda Oqtayı qatarla yola salmağa gələndə dostları deyib ki, Oqtay sənə Bakıdan bir şey alıb. Qız kupeyə girən kimi qapını bağlayıblar. Nadejda etiraz etməyib. 


***


Atası rus gəlini qəbul etmirdi. Nadejda bir oğlan dünyaya gətirib. Oqtay oğluna dostu Rəşid Behbudovun adını qoyub. Bundan sonra atası yumşalıb.   


***

Oğlu atasından 1 il əvvəl vəfat edib. Rəşidin böyrəyi və ağ ciyəri xəstə idi. O, rəhmətə gedəndə atasının 44 yaşı var idi. Oğlunun ölümü Oqtay Ağayevi sarsıdıb və ürək-damar xəstəliyi daha da artıb. 

 

***

 

 

2000-ci ilin yanvarında Heydər Əliyev ona Xalq artisti adı verir. Cəmil 6 il sonra Oqtay Ağayev 2006-cı ilin 13 noyabrında vəfat edib.

 

 

LENT

22 Noyabr 2019
21 Noyabr 2019
20 Noyabr 2019