Onlar niyə “quş”layır?

Kulis.az Aliyənin “Quşlayan məhşurlarımız” yazısını təqdim edir.

 

Hər bir ölü qiymətlidir, çünki sarsaqlamaq imkanı yoxdur

 

Rasim Qaraca

 

“Mənə sual verə bilərlər ki, insan 180 manatla dolana bilərmi? Əlbəttə ki, çətin olar. Ancaq ailədə 2 nəfər işləyəndə, adam iki yerdə çalışanda dolanmaq olar.”

 

Deputat, Əmək və Sosial Siyasət Komitəsinin sədri

 

“İnsanlar qənaət edib, az geyim alsınlar, az toya getsinlər.”

 

Deputat, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü

 

“Azdır, az ye, çoxdur çox ye. Ayağını yorğanına görə uzat. Çox yemək insanı qocaldır”

 

Deputat, Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının üzvü

 

“Boşanmalara səbəb telefonlar, vatsaplardır, buna nəzarət etmək lazımdır”

 

Deputat, Əmək və Sosial Siyasət Komitəsinin sədri

 

“Dövlət sifariş vermişdi ki, üç uşaq dünyaya gətirəsən?”

 

Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin sədri

 

“Çində camaat uşaq sayına görə vergi ödəyir, sizsə bizdən uşaq pulu istəyirsiz?”

 

Deputat, Əmək və Sosial Siyasət Komitəsinin sədri

 

“Aktyor nədir ki, sözü də nə ola?”

 

Xalq artisti, rejissor

 

“Qadınların elmləri ibtidai sinifdən o tərəfə keçmir. Bəli, ibtidai sinif müəllimləri ola bilərlər. İstisnalar ola bilər. Tarixdə böyük işlər görən qadınlar var. Peyğəmbərimizin meracında da cənnəti, cəhənnəmi göstəriblər. Cəhənnəmdə olanların əksəriyyəti qadınlardır.”

 

Müğənni

 

“50 metrlik hovuzu 20 dəfə dayanmadan üzürəm. Niyə deputat olmayım?”

 

Deputat

 

“Ona görə də... Mən səhv danışanda qulaq asın, xahiş edirəm. Mən siz danışanda qulaq asırdım”

 

Deputat

 

Bunlar müxtəlif sahələrə məsul olan dövlət məmurlarının, ictimai xadimlərin, millət vəkillərinin irad və təklifləridir. O kəslər ki, hansısa vəzifəyə ölkə vətəndaşına xidmət üçün təyin olunub, seçilib.

 

Təklifləri oxuduqca adam bir vətəndaş olaraq xəcalət çəkir; gör məzmunsuz problemlərimizlə ciddi insanları necə narahat edirik. Baş ağrıdırıq. 

 

Ətəyindən sallanıb yük oluruq. Başdan ayağa dərdik. Bütün bu məzmunsuz problemlərimizə görə adam az qalır problemlərinə görə, hətta özünə görə üzr istəsin, bir-bir yaxınlaşıb o məmurlara desin:

 

“Filankəs müəllim, “mövcud olduğum üçün üzr istəyirəm” (Şərif Ağayar). Amma iş-işdən keçib, biz biçarələrə bir yol göstərin...”

 

Boynumuza alaq ki, yuxarıdakı təkliflər arasında ən son çıxış bütün danışılanlara nöqtə qoyur. Yaşlı deputat sanki özünün də absurd danışmaq haqqını xatırladır, “Sərsəm təklif və iradlar hər deputatın, məmurun haqqıdır. Mənim haqqımı yeyə bilməzsiniz! Məgər qoca at arpa yemir?” – deyir. Haqlı deyilmi? Haqlıdır.

 

Heç də məsələ kimisə nə zamansa dediyinə görə hədəfə alıb hiddəti ona istiqamətləndirmək deyil. Hər kəs səhv edə, hər kəs birmənalı qarşılanmayan fikir deyə bilər və deməlidir.

 

Fəqət bu çıxışlar göstərir ki, dövlətin hansısa sahəyə məsul şəxsləri ictimai çəkisi olan insanlar öz sosial məsuliyyətlərini dərk etmirlər.

 

Məsələn, “Dövlət xahiş etmişdi ki, üç uşaq dünyaya gətir?”  deyən məmur anlamır ki, bununla dövlətlə vətəndaşın arasına inciklik salır və ya sosial siyasət komissiyasındakı deputat məhz onun “boşanmalara səbəb vatsapdır” kimi gülünc açıqlama verəndə özünün nəyə məsul olduğunu unudur. Yaxud cəhənnəm əhlinin çoxunun qadınlar olduğunu deyən müğənni güclü cins olan kişilərə necə dəstək verdiyini ağlına da gətirmir.

 

Onları belə çıxışlar etməyə vadar edən nədir?

 

Deməli, hermetik bir mühitdə yaşayanda, insanların gerçəkliyinə şüşə dalından baxanda reallıq hissini itirirsən və öz məsuliyyətini anlamağın çətin olur.

 

Ortaya çıxan bütün bu və buna bənzər çıxışlar nəticədir, məmurlarla bağlı vəziyyətin göstəricisidir, hansısa müstəvidə danışılıb müzakirəyə buraxılan, qərara təsir göstərən söhbətlər deyil - belə bəxtəvərlik bizə nəsib olmayıb!

 

Biz vəziyyətin məntiqi nəticəsi kimi pırtlayıb ortaya çıxan hadisəni, gündəmi, mövzunu – çıxışı bir az çeynəyib çürüdür, tullayırıq. Yəqin həmişə belə olub, “söhbəti çürütmək” kimi ibrətamiz ifadə də buradan yaranıb.

 

Ha deyək ki, ictimai çəkisi olan, vəzifə tutan, yüksək mövqeyə malik hər kəsin təmsil etdiyi vəzifəyə görə, quruma görə, cəmiyyətə təsir imkanlarına görə sosial məsuliyyətini dərk etmək, danışığına ciddi fikir vermək kimi öhdəliyi var - heç kimə qılca təsir etməz.

 

O zaman belə soruşaq: arvadını baltalayan kişiyə güc verən hansımızıq?

 

Uşağını quyuya atan çoxuşaqlı qadının arxasında kim dayanmışdı?

 

Bəs  oğlunu ordudan yayındıran atanın?

 

Camaata leş əti satan tacirin biznesində payı olan kim idi?

 

Hər cür oğruya haqlı olduğunu pıçıldayan səs kim idi?

 

Heç kim, əlbəttə!

 

Bağışlayın, üzə də bilmirəm, elə bilin, bu suallar da mənim “quş”lamaq haqqımdır!

 

LENT

22 Noyabr 2019
21 Noyabr 2019
20 Noyabr 2019