Ailəsindən küsən, tənha yaşayıb tənha ölən Xalq artisti

Bu gün Xalq artisti Zərnigar Ağakişiyevanın doğum günüdür. Kulis.az bu münasibətlə aktrisa haqqında maraqlı faktları təqdim edir.

 

1945-ci ildə Quba rayonunun Rustov kəndində doğulub. 12 yaşında soyadını dəyişib. Atasından xahiş edərək “Güləliyeva” soyadını “Ağakişiyeva” ilə əvəz eləyib. Ağakişi Zərnigarın babası, Güləli isə atasının babasının adıdır.

 

***

 

İlk dəfə səhnəyə kəndlərindəki tədbirlərin birində çıxır. Onda 5 yaşı olan balaca Zərnigar Səməd Vurğunun “Dahi rəhbərə” şeirini əzbər söyləyib.

 

 

***

 

Zərnigar hər iki valideyninin ikinci nikahından dünyaya gəlib. Anasının əvvəlki evlilikdən bir oğlu vardı. Zərnigar ögey qardaşı ilə yola getməyib. Kasıblıq, tənhalıq Zərnigarı ailəsindən didərgin salıb. Yük olmamaq üçün evi tərk edib. Ata bu gedişə etiraz etməyib.

 

***

 

Müstəqil həyata atılan Zərnigar Kooperasiya texnikumuna qəbul olunur və oranı bitirdikdən sonra Moskvaya, bir illik təkmilləşdirmə kursuna yollanır. Vətənə geri qayıdan gələcəyin aktrisası univermaqda işə düzəlir. Şərqşünas olmaq istəyib. Ancaq yerlər dolu olduğundan univermaqda çalışa-çalışa 1968-ci ildə Teatr İnstitutunun musiqili teatr aktyorluğu üzrə axşam şöbəsinə qəbul olunur.

 

***

 

 

Bütün internet resurslarında xanım aktrisanın doğum günü 6 noyabr kimi qeyd olunsa da, özü təkidlə doğum günün noyabrın 7-də olduğunu bildirirdi.

 

***

 

Tamaşaçılar onu mənfi rolların mahir ifaçısı kimi tanıyıblar.

 

***

 

 

Evləndiyi insan sənət adamı olmayıb. Evlilik həyatı 13 il çəkib. Aktrisa o günləri belə xatırlayır: “Mədəni, savadlı adam idi. Amma alınmadı bizimki. Ayrılıq qərarını da mən verdim”.

 

***

 

Müsahibələrinin birində söyləyir: “Sevdiyim bir kişi çıxıb gəl, evimin xanımı ol! desəydi, sənətdən imtina edərdim.”

 

***

 

 

Zərnigar Ağakişiyeva 2000-ci ilin əvvəllərində ağır şəkər xəstəliyinə tutulmuşdu. Koma vəziyyətində xəstəxanaya çatdırılıb. Müalicəsinə köməyi Xalq Artisti Məleykə Əsədova edib.

 

***

 

Son dönəmlər sənət yoldaşlarının, dostlarının zəngini qəbul etmir, hətta bəzən qapısına gələn yaxınların üzünə evin qapısını da açmırmış.

 

***

 

 

Aktrisaya 1989-1992-ci illərdə səhnədə cəmi 2 rol verilməsi onun teatrdan uzaqlaşmasına səbəb oldu. 7 ildən sonra Ədalət Vəliyevin dəvətilə yenidən teatra qayıtmışdır.

 

***

 

Həmişə tənhalıqdan qorxub. Bu qorxu bütün həyatı boyu onu addım-addım izləyib. Uşaq götürüb saxlamaq istəsə də, maddi sıxıntılarına görə bunu edə bilməmişdi. Sonda da öz evində tənha halda dünyasını dəyişdi.

 

***

 

Image result for Zərnigar Ağakişiyevanın məzarı

 

Xalq artisti ürək çatışmazlığından dünyasını dəyişib. Bir neçə gündür yaxınlarının telefonlarına cavab verməyən aktrisadan narahat qalan qohumları Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətinə müraciət edib. Xüsusi Riskli Xilasetmə Xidməti əməkdaşları tərəfindən qapı açıldıqdan sonra 73 yaşlı aktrisanın 3 gün əvvəl dünyasını dəyişdiyi məlum olub.

 

 

LENT

10 Dekabr 2019
09 Dekabr 2019
08 Dekabr 2019
07 Dekabr 2019
06 Dekabr 2019