Fəxrəddin Manafovun görmədiyimiz filmi

Kulis.az “Yeni filmlərimiz” layihəsində “Etimad telefonu” bədii filmini təqdim edir.

 

Süjet: Əhvalatın əsas qəhrəmanı Rənadır (Fatimə İbrahimbəyova). Rəna Moskvada təhsil alandan sonra Bakıya qayıdır. Sadıq (Səid Əhmədov) adlı gənclə tanış olan və ailə qurmağa hazırlaşan Rəna onu valideynlərinə təqdim edir. Ancaq Rənanın valideynləri- atası Fuad (Fuad Poladov) və anası Adelya (Natalya Tağıyeva) onların evlənməsini o qədər də isti qarşılamır. Rənanın isə başqa problemləri də var. Valideynlərin ayrılması ona zamanında psixoloji-mənəvi çətinliklər yaşadıb. Və o, daha erkən gənclik illərində anasının sevgilisi Farik (Fəxrəddin Manafov)  tərəfindən cinsi zorakılığa məruz qalıb. Ağır psixoloji travma alan qız bu haqda kiməsə demir. Ona görə Rəna Bakıya qayıdanda ilk işi etimad telefonunu (mənəvi psixoloji yardım xidməti) yaratmaq olur. Fariklə yenidən rastlaşması gənc qadında xoşagəlməyən xatirələr oyadır. Farik peşimandır və ondan üzr istəyir. Ancaq bu üzrxahlıq nəyisə dəyişmək gücündə deyil. Onların münasibətindən şübhələnən Sadıqda Rənaya qarşı inamsızlıq yaranır. Və həmin gün Rəna ona gələn elçilərə “yox” deyir. Sonra o, Sadığa etimad telefonunda başına gələn əhvalatı danışır. Sevgilisi onu anlayacaq, yoxsa ittiham edəcək?!  

 

 

“Etimad telefonu” filmini Rüstəm İbrahimbəyov 2001-ci ildə YUNESKO-nun sifarişi ilə ekranlaşdırıb. Bu, gender sözünün ilk dəfə səsləndiyi, gender bərabərliyi motivinin işlənməsinə cəhd edən ilk filmdir. Gender bərabərliyi, qadına qarşı zorakılıq günümüzün aktual məsələlərindəndir və onları  kinomuza gətirmək vacibdir. Ancaq əsas sual budur: problemi necə nəql etmək lazımdır, hansı ifadə vasitələri seçmək lazımdır ki, əhvalat ekranda təbliğat səviyyəsində təzahür etməsin. Və tamaşaçının düşüncəsinə, duyğularına təsir eləsin, onun ənənəvi, doqmatik düşüncəsinə şübhə oyatsın. Problem ondadır ki, rejissor filmini daha çox səthi maarifləndirmə üzərində qurub. Misalçün, Moskvadan Bakıya qayıdan, artıq yetkinləmiş, güclənmiş Rənanın təyyarədən düşən kimi kişiləri gender haqda məlumatlandırmaq cəhdinə və etimad telefonu  təşkil etmək təşəbbüsünə dramaturji zəmin yaradılmır. Əhvalata zəminsiz radikal giriş, nəqlin üslubundakı plakatçılıq, maarifçilik ruhu onu bədii estetik cəhətdən yararsız hala salır və məzmunun emosional təsirini zəiflədir. Düzdür, müəllifin əhvalatı danışmaq üçün seçdiyi metod maraqlıdır. Reallıq hissini ötürmək üçün film dokumental manerada çəkilib. Daha çox əl kamerasından, pinti montaj estetikasından istifadə olunub, sanki hadisələr təsadüfən kameranın obyektivinə tuş gəlir və ekspressivlik təhkiyənin sənədlilik təəssüratını yaradır. Ancaq bu metod belə hekayənin dramaturji qüsurlarını, onun təbliğatçı xüsusiyyətini ört-basdır eləmir.

 

 

Finalda vəziyyət elə gətirir ki, Rəna ona güvənsizlik nümayiş etdirən Sadığa sirrini etimad telefonunda açır. O, qurmaq istədiyi etimad telefonu xidmətinin ilk müştərisi olur. Sadıq onun faciəsini eşidəndə şok yaşayır, tərəddüd keçirir. Və rejissor sonluğu açıq qoyur. Bununla belə filmdə zorlanmış qadına azərbaycanlı kişinin davranışında bir proqressivlik hiss olunur.

 

Filmin ssenari müəllifi Rüstəm İbrahimbəyovdur. Amma daha effektli o olardı ki, fiziki-emosional zorakılığa məruz qalmış qadınaların real hekayələrini araşdırıb, onların  əsasında film çəkilsin.

 

LENT

15 Noyabr 2019
14 Noyabr 2019
13 Noyabr 2019