Kinostudiyanın yeni direktoru: "Mən kiməm ki, kinonun inkişafına kömək edim?" – Müsahibə

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının direktoru, rejissor Cəmil Quliyevin APA-ya müsahibəsi

 

- Cəmil müəllim, Azərbaycan kinosunun hazırkı durumu necədir, razısınızmı?

 

- Hazırda Azərbaycan kinosunda nəsillərin dəyişməsi prosesi gedir. Yaşlı nəsil öz yerini yeni nəslə verməyə başlayıb. Bugünkü filmlərimizin çoxunu cavan rejissorlar çəkirlər. Təbii ki, bu gün Azərbaycan kinosunda forma-janr axtarışları gedir, Azərbaycan kinosunun strukturu formalaşır, rejissorlar artıq öz konsepsiyalarını irəli sürürlər.

 

- Bu dedikləriniz əvvəllər Azərbaycan kinosunda yox idi, yoxsa bir vaxtlar bu əlaqə qırılmışdı, yenidən bərpa olunur?

 

- 1990-cı illərdən başlayaraq keçmiş Sovet ölkələrində kinematoqrafiya özünü maliyyələşdirməyə, özəl filmlər çəkilməyə başlandı. Bu dövrdə Azərbaycanda da iyirmiyə yaxın özəl film çəkildi. Bu illərdə əsas üstünlük kommersiya filmlərinə verildi. Proses bir müddət davam elədi, 1995-ci ildən başlayaraq isə dövlət yenidən Azərbaycan filmlərinə maliyyə ayırmağa başladı. O dövrdə dövlət hesabına “Sarı Gəlin”, “Ümid”, “Özgə vaxt” və başqa filmlər çəkildi. 2000-ci illərdən etibarən isə filmlərin çəkilişinə dövlət yenidən vəsait ayırdı. Bu dövrdə artıq yeni rejissorlar dəvət edilməyə başladı. Bu proses bu gün də davam edir. Artıq Azərbaycanda müəllif kinosu formalaşıb. Mən hesab edirəm ki, Azərbaycan kinosu öz yeni formasının axtarışındadır və bu forma Azərbaycan kinosunu başqa kinematoqraflardan fərqləndirəcək.

 

- Demək istəyirsiniz gürcü kinosu, İran kinosu anlayışları kimi, Azərbaycan kinosu anlayışı da yaranacaq?

 

- Bəli.

 

- Bu hansı rejissorların hesabına formalaşacaq?

 

- Bizdə bu istiqamətdə çalışan xeyli rejissor var. İlqar Nəcəfin, Fariz Əhmədovun, Mirbala Səlimlinin, Rüfət Həsənovun və başqalarının adlarını çəkə bilərəm.

 

- Son dövrdə dövlət hesabına çəkilən filmlərin keyfiyyəti Sizi qane edirmi?

 

- Kinematoqraflıq spesifik sənətdir. Rejissor öz dəst-xəttini tapana, öz üslubunu təsdiq edənə qədər bir neçə film işləməlidir. Təbii ki, bir film zəif, o biri film güclü ola bilər, üçüncüsü ümumiyyətlə dahiyanə çıxa bilər. Azərbaycanda son illər çəkilən filmlər də müxtəlifdir, içində zəifləri də var, güclüləri də.

 

- Hər halda son illər dövlət hesabına çəkilən filmlər tamaşaçıları qane etmir.

 

- Bilirsiniz, çox vaxt tamaşaçılar filmlərə baxmadan belə hesab edirlər ki, pisdir. Bir dəfə tamaşaçılardan biri mənə dedi ki, bizim filmlər zəifdir. Mən ondan soruşdum ki, sonuncu dəfə hansı filmə baxmısınız? Məlum oldu ki, həmin adam axırıncı dəfə 90-cı illərdə çəkilən Azərbaycan filmlərinə baxıb. Belə çıxdı ki, 25 il ərzində çəkilən Azərbaycan filmlərindən xəbərsizdir. Deməli, burda tamaşaçıların da günahı var. Tamaşaçılar filmlərə baxmırlar. Hazırda "Mədəniyyət" televiziya kanalı “Azərbaycanfilm”də çəkilən yeni filmlərin çoxunu göstərir. Mən yenə də deyirəm ki, bu yaradıcı prosesdir. Hansısa film zəif ola bilər, ancaq bütün filmlərə qara yaxmaq, onlara zəifdir demək düz deyil.

 

- Siz son illərdə dövlət hesabına çəkilən hansı filmləri bəyənirsiniz?

 

- Bu yaxında Rüfət Həsənovun bir filminə baxdım, çox bəyəndim. İlqar Nəcəfin “Nar bağı” filmini çox bəyənirəm. Mirbala Səlimlinin “Qırmızı bağ” filmini bəyənirəm. Uğurlu filmlərdən biri də Elçin Musaoğlunun “Nabat” filmidir. Həmçinin Asif Rüstəmovun “Axınla aşağı” filminin adını çəkə bilərəm. Bu filmlərin özünəməxsus forması var. Yəni deməyim odur ki, bizim yaxşı filmlərimiz var, sadəcə tamaşaçı o filmlərə baxmayıb.

 

- “Qırmızı bağ” filminin adını çəkdiniz. Mənim yadımdadır, tənqidçilər o filmi sərt tənqid etmişdilər.

 

- Bilirsiniz, hər tənqidçinin özünün fikri var. Mən hesab edirəm ki, o film uğurlu axtarış idi.

 

- Filmlər çəkilərkən daha çox yerli tamaşaçılar, yoxsa beynəlxalq festivallar nəzərə alınır?

 

- Hesab edirəm ki, hər film, ilk növbədə, elə mövzuda olmalıdır ki, tamaşaçıların ürəyinə yol tapsın, tamaşaçı filmə baxandan sonra uzun müddət onun təsirindən çıxa bilməsin.

 

- "Mədəniyyət" kanalının, İctimai Televiziyanın rəhbəri olmusunuz. Bu televiziyalarda öz dəst-xəttinizi yarada bildinizmi?

 

- "Mədəniyyət" kanalında bunu yarada bildim, amma İctimai Televiziyada yox. "Mədəniyyət" kanalı sırf mənə yaxın kanal idi, İctimai Televiziya isə mürəkkəb struktura malik qurumdur. Orda siyasi yönümlü proqramlar da çox olur. Ona görə də mən artıq özümü orda görməyərək istefa verdim.

 

- İctimai Televiziyada rəhbər olduğunuz dövrü karyeranızın uğurlu mərhələsi hesab etmirsiniz?

 

- İctimai Televiziyadakı dövrümün mənim həyatımda xüsusi əhəmiyyəti olmadı, amma "Mədəniyyət" kanalında çox böyük məmnuniyyətlə işləyirdim. "Mədəniyyət" kanalının qurulmasında, formalaşmasında, sistemləşməsində mənim rolum olub. Bunu heç kəs inkar edə bilməz. Amma İctimai Televiziya siyasi yönümlü olduğuna görə, mənim üçün bir qədər darıxdırıcı idi. Mən mədəniyyət adamı olduğum üçün üstünlüyü mədəniyyət verilişlərinə verirdim. Bu da tamaşaçıların xoşuna gəlmirdi. Məni qınayırdılar ki, Cəmil Quliyev İctimai Televiziyada "Mədəniyyət" kanalı açıb, İctimai Televiziyanın sistemini pozur. Buna görə də məni qəbul etmirdilər. Mən də istefa vermək qərarına gəldim. Məndən sonra İctimai Televiziyaya rəhbər seçilən, dostum Balaş Qasımov çox yaxşı fəaliyyət göstərir, mən ona uğurlar arzulayıram. İctimai Televiziyanı da çox sevirəm, həmişə onların verilişlərində iştirak edirəm.

 

- Sizcə yeni təyinatda öz dəst-xəttinizi yarada biləcəksinizmi?

 

- Kino mənim üçün doğma sahədir, ona görə də nələrsə eləməyə çalışacam. Düzdür, hazırda Kinostudiya çətin vəziyyətdədir. Uzun illərdir ki, burada müəyyən problemlər var. Çalışacağıq ki, bu problemləri aradan qaldıraq.

 

- Hansı problemləri nəzərdə tutursunuz?

 

- Kinematoqrafiya elə sahədir ki, həmişə problemlər olub. Bura dramaturgiya problemləri, texnika problemləri, kadr problemi daxildir. Eyni zamanda burda maddi-texniki təchizat problemləri var. Əgər tarixi film çəkirsinizsə əlbəsələr, texnika, retro nəqliyyat lazımdır. Bunları əldə etmək artıq çətinləşib. Yəni kinematoqrafiya problemli sahədir.

 

- “Azərbaycanfilm” Kinostudiyasının yeni direktoru kimi planlarınız nədir?

 

- Açığı, bu barədə danışmaq və planları açıqlamaq istəmirəm. Mən qarşıma bir illik öhdəlik qoymuşam. Əgər qarşıma qoyduğum məqsədləri bir il ərzində yerinə yetirə bilsəm, onda bu barədə geniş danışacam. İndidən özümü tərifləmək və ya nəsə demək istəmirəm.

 

 

- Heç olmasa planlarınız var?

 

- Var, ancaq mən onları açıqlaya bilmərəm, gizli saxlayıram.

 

- Sizdən əvvəlki direktor Kinostudiyada Tofiq Tağızadə və başqa böyük rejissorların Yaradıcılıq otaqlarını yaratmışdı. Bu ənənə davam etdiriləcək?

 

- Təbii ki, yaxşı ənənə idi, bunu davam etdirəcəyik. Mən hesab edirəm ki, Kinostudiyada Arif Babayevin, Şamil Mahmudbəyovun, Həsən Seyidbəylinin və Azərbaycan kinosuna böyük töhfələr vermiş başqa şəxslərin də Yaradıcılıq otaqları olmalıdır. Bu bir daha sübut edir ki, “Azərbaycanfilm” Kinostudiyası sadəcə kinostudiya deyil, məbəd olub. O yaddaşı qorumaq lazımdır. Vaxtilə burda muzey də fəaliyyət göstərib, gələcəkdə bəlkə o muzeyi də bərpa etdik.

 

- Kinostudiyanın binası da uzun illərdir təmir olunmur. Təmir işləri nəzərdə tutulurmu?

 

- Təbii ki, Kinostudiyanın maddi-texniki bazası yaxşılaşdırılmalıdır. Bura binanın təmiri, avadanlıqların yenilənməsi də daxildir. Hazırda bu haqda heç nə deyə bilmərəm.

 

- Bildiyim qədəri ilə istehsalata 4 film buraxılıb.

 

- Doğrudur. Mədəniyyət Nazirliyinin əmri ilə ssenarilər Ekspert şurası tərəfindən qəbul olunur. Bunun nəticəsində Kinostudiyanın ssenari portfeli formalaşıb. Bu ssenarilərdən 4-ü artıq istehsalata buraxılıb. O filmlər hələ ki, hazırlıq dövrü keçirlər, yaxın vaxtlarda çəkilişlər başlayacaq. Hesab edirəm ki, bu filmlər maraqlı ekran işləri olacaq.

 

- Son illər filmlərin çəkilməsi üçün dövlətdən ayrılan vəsait xeyli azalıb. Bu yeni filmlərin çəkilməsi üçün çətinlik yaratmayacaq?

 

- Rejissorlar elə mövzular seçməlidir ki, ayrılan büdcəyə sığsın. Daha çox kamera filmlərinə üstünlük verməyə çalışmalıdırlar. Aydındır ki, indiki şəraitdə tarixi filmlərə, müharibə filmlərinə, döyüş filmlərinə üstünlük verilə bilməz, buna böyük vəsait lazımdır. Bilirsiniz, bütün məşhur rejissorların yaradıcılıqlarının əsasında həmişə az büdcəli, kiçik həcmli filmlər dayanıb. İtaliya neorealizmi, Fransanın “Cinema Verite”si, “Doqma” azbüdcəli filmlər əsasında yaranıb. Artıq dünyada sübut olunub ki, filmlərin çəkilişində maliyyə bir o qədər əhəmiyyət daşımır, əsas orijinal formadır.

 

- Belə çıxır dövlətin ayırdığı vəsaitin filmlərin keyfiyyətinə elə böyük təsiri yoxdur?

 

- Bilirsiniz, tarixi filmlər üçün bunun əhəmiyyəti ola bilər. Ancaq kamera filmləri üçün büdcənin bir o qədər əhəmiyyəti yoxdur.

 

- Dövlət hesabına çəkilən filmlərə xüsusi tələb olur?

 

- Bizdə çəkilən filmlərin əksəriyyətində sənət meyarları üstünlük təşkil edir. Bu zaman həmin filmlərin xərci geri qaytarması ilə bağlı heç bir öhdəlik qoyulmur. Əlbəttə, yaxşı olardı ki, onların prokat taleləri də uğurlu olsun. Eyni zamanda dövlət vəsaiti hesabına çəkilən elə filmlər var ki, maarifləndirici xarakter daşıyır. Onların əsas məqsədi, məramı insanlara milli-mənəvi dəyərləri aşılamaqdır.

 

- Kinonun milli-mənəvi dəyərləri aşılamaq kimi məramı varmı?

 

- Təbii ki, var.

 

- Dünyada belə nümunələr varmı ki, kino həm milli-mənəvi dəyərləri aşılasın, həm də film kimi bədii dəyəri olsun?

 

- Misal üçün, Sergey Bondarçukun çəkdiyi “Hərb və sülh” filmi rus xalqının milli-mənəvi dəyərlərini özündə aşılayan ekran əsəridir.

 

- Film mütləq milli-mənəvi dəyərləri aşılamalıdır?

 

- Bu gün dünyada belə kriteriya yoxdur. Ümumiyyətlə isə dövlət vəsaiti hesabına çəkilən filmlər xalqın milli-mənəvi dəyərlərini mütləq qorumalıdır. Əgər film insanın qəlbinə yol açırsa, insanı təmizləyirsə, katarsis yaradırsa, onun daxilində xoşməramlı duyğular oyadırsa, o film milli-mənəvi dəyərlərə də uyğun olacaq. Film, əsasən, nəyi təbliğ etməməlidir: zorakılığı, irqçiliyi, müəyyən seksual meylləri... Filmin məramı birinci növbədə humanizm olmalıdır. Kinematoqrafın missiyası humanizmdir.

 

- Lars fon Triyer humanistdirmi?

 

- Deməzdim.

 

- Amma dahi rejissordur.

 

- Bilirsiniz, konkret resept yoxdur. Amma ümumiyyətlə biz çox məşhur rejissorları, məsələn, Lukino Viskontini, Amerika rejissorlarından Con Fordu götürsək, çox humanist rejissorlar olublar.

 

- Dövlət vəsaiti hesabına Triyer kimi film çəkmək istəyən rejissora nə cavab verərdiniz?

 

- Bu səpkili filmlər özəl vəsait hesabına çəkilməlidir. Dövlət vəsaiti hesabına çəkilən filmlər humanizmi təbliğ edən, milli-mənəvi dəyərləri aşılayan, bəşəriyyətə humanist fikirlər bəxş edən filmlər olmalıdır.

 

- Belə olanda da əsər filmlikdən çıxıb sosial çarxa çevrilir.

 

- Mən bayaq dedim də, “Hərb və sülh” sosial çarx deyil axı.

 

- Cəmil müəllim, belə deyilir ki, dövlət vəsaiti hesabına çəkilən filmlər mütləq nikbin sonluqla bitməlidir. Bu cür başqa tələblər də qoyulur.

 

- Məndə belə məlumat yoxdur. Belə şey ola bilməz.

 

- Son illər çəkilən komediya filmləri necə, Sizi qane edirmi?

 

- Bu filmlərin bədii səviyyəsi məni qane etməyə bilər. Ancaq bu gün o filmlərə tamaşaçılar baxır, həmin filmlər gəlir gətirir. Mən deyə bilmərəm ki, onlar qadağan olunmalıdır. Tamaşaçıların xoşuna gəlirsə, yəqin ki, o filmlər də lazımdır.

 

- Sizin bəhs etdiyiniz həmin milli-mənəvi dəyərlərə o filmlərdə əməl olunmur. Buna münasibətiniz necədir?

 

- Mən bir tamaşaçı kimi həmin filmlərə baxmıram. Amma tamaşaçılar müxtəlifdir. Hamının zövqünün öz zövqümlə eyniləşdirə bilmərəm.

 

- Artıq bir neçə ildir ki, Azərbaycanın “Euroimages”ə üzv olması məsələsi müzakirə olunur. Sizcə niyə biz üzv olmuruq?

 

- Məndə olan məlumata görə artıq danışıqlar sona çatmaq üzrədir. Bu yaxında Azərbaycan da “Euroimages”ın üzvü olacaq. Bu haqda ictimaiyyətə də geniş məlumat veriləcək. “Euroimages”a qoşulmaq müştərək filmlərin çəkilməsinə də böyük kömək edəcək. Mədəniyyət Nazirliyi təkcə “Euroimages”la deyil, bir neçə beynəlxalq təşkilatla da müqavilələr imzalayır. Mən ümid edirəm ki, 2020-ci il Azərbaycan kinosunda dönüş ili olacaq və bir sıra məsələlər həllini tapacaq.

 

- “Azərbaycanfilm” Kinostudiyası özəl prodakşnlarla əməkdaşlıq edəcəkmi?

 

- “Azərbaycanfilm”in qapıları özəl prodakşnlara açıqdır. Mən 20 gündən çoxdur burda işləyirəm, artıq bir çox rejissor və prodakşn rəhbəri ilə görüşmüşəm, biz onlarla müxtəlif sahələrdə əməkdaşlıq etməyə hazırıq.

 

- İki ay əvvəl katibi olduğunuz Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından istefalar oldu. İstefa verənlərin iradı bu idi ki, İttifaq fəaliyyətsizdir.

 

- Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvləri azad insanlardır. Kiminsə İttifaqdan çıxması normal prosesdir. Buna mətbuatda müxtəlif rənglər verməyə çalışdılar. Mən belə düşünmürəm. Təbii ki, hər bir təşkilatın fəaliyyətində müəyyən qüsurlar, narazılıqlar ola bilər.

 

- İstefa verən üzvlər təşkilatınızı fəaliyyətsizlikdə ittiham etmişdilər.

 

- Mən bu barədə heç nə demək istəmirəm.

 

- Cəmiyyətdə belə fikir formalaşıb ki, bu şəxslər Azərbaycan Kinematoqrafçılar İttifaqına üzv olmaq üçün sizin İttifaqdan çıxıblar. Çünki son vaxtlar Azərbaycan Kinematoqrafçılar İttifaqının fəaliyyətində dirçəlmə yaranıb.

 

- Mən bilirəm ki, o şəxslər həmin təşkilata getməyiblər. Yenə də deyirəm, hər bir yaradıcı şəxs müstəqildir. Bu onların öz seçimidir. Mən onlara bir söz deyə bilmərəm.

 

- Ölkədə iki kinematoqrafçılar ittifaqının olmasına münasibətiniz necədir?

 

- Bu normaldır. Kino təşkilatları nə qədər çox olsa o qədər yaxşıdır. Bizdə Kinematoqraflar Gildiyası da, Gənc Sinemaçılar Gildiyası da, prodüserlər, aktyorlar gildiyası da var. Yəni bu təşkilatların olmasını çox normal qəbul edirəm. Əsas odur, təşkilatın məramı kino olsun. Təşkilatın məramı kinoya xidmət etməkdirsə, mən kinematoqraf qarşısında baş əyirəm. Hansısa təşkilatda film premyerasının olması, kiminsə yubileyinin keçirilməsi çox gözəldir, mən buna necə pis deyə bilərəm?

 

- Cəmil müəllim, söhbətimizin əvvəlində dediniz ki, “Azərbaycanfilm”ə təzə rəhbər təyin olunmusunuz deyə Kinostudiya barədə geniş danışmaq istəmirsiz. Soruşmaq istəyirəm ki, sizə qarşı olan etimadı doğrulda biləcəksinizmi? İçinizdə belə bir inam varmı? Yoxsa burda da İctimai Televiziyada olduğu kimi yorulacaqsınız?

 

- Bilirsiniz, hər şey işlərin gedişindən asılıdır. Kino sahəsi ilə İctimai Televiziya tamam fərqlidir. Bura mənim üçün daha doğma yerdir. Mən hər zaman özümə inanmışam və kinonu sevmişəm. Ona görə də o sevgi məni yəqin ki, irəli aparacaq.

 

- Və bu da kinomuzun inkişafına kömək edəcək?

 

- Kömək deyəndə ki... Mən kiməm ki, kinonun inkişafına kömək edim? Sadəcə, çalışacağam ki, Azərbaycan kinosuna öz töhfəmi verim.

 

- Rejissor kimi fəaliyyətinizi davam etdirəcəksiniz?

 

- Bu yaxında film çəkmək istəyirdim. Artıq televiziyadan da uzaqlaşmışdım, vaxtım vardı. Lakin yenidən vəzifəyə təyin olundum. Bu vəzifədə isə film çəkmək düzgün olmaz. Çünki film çəkilişi çox vaxt aparır. Bir əldə iki qarpız tutmaq mümkün deyil. Ona görə də mən burda istehsalatın tənzimlənməsi ilə məşğul olacam ki, bu işləri qaydasına qoyum. Düşünürəm ki, mənim rejissor kimi fəaliyyətim yenə təxirə düşdü.

 

 

LENT

15 Noyabr 2019
14 Noyabr 2019
13 Noyabr 2019