Kriminal dünya haqda ən yaxşı film

Kulis.az “Əsl kino” layihəsində Martin Makdonaxın “Brüggedə”  və Stiv Makkuinin “Utanc” filmlərini təqdim edir.  

 

İrlandiyalı rejissor Martin Makdonaxın  “Brüggedə”  filmi Böyük Britaniya və Amerika istehsalıdır. Filmin premyerası 2008-ci ildə “Sandens” festivalında keçirilib.

 

Süjet: Muzdlu qatil Rey (Kolin Farrell) ona verilən birinci tapşırığı zamanı təsadüfən balaca oğlanı öldürür. Onun bosu, əsəbi Qarri (Ralf Fayns) Reyi, dəstəsinin digər üzvü, nisbətən yaşlı Kenlə (Brendan Qlison) Brüggeyə yollayaraq orada qalmağı, ondan xəbər gözləməyi tapşırır. Kenin Brüggenin memarlığı, atmosferi xoşuna gəlir. Rey isə əksinə şəhərə nifrət edir, buradakı sakitlik, memarlıq onu darıxdırır. Onu daim - öldürdüyü uşağa görə günah hissi izləyir. Rey şəhərdə narkotik maddələr satan Hloya (Klemans Poezi) ilə tanış olur.  Növbəti gün onlar görüşəndə Hloyanın keçmiş sevgilisi Eyrik (Ceremi Renya) Reyi soymağa cəhd edir. Rey onu tərki-silah edir və gözündən vuraraq yaralayır.

 

 

Ken bu zaman bossundan Reyi öldürmək əmrini alır. Təsadüfən həmin vaxt Rey də parkda intihara hazılaşır. Ken Reyin intihar etmək istədiyini görəndə sarsılır və onu xilas edir. Və Rey anlayır ki, Ken onu öldürməyə gəlibmiş. Ken Reyə məsləhət görür ki, cinayətkar həyatıyla vidalaşsın və başqa şəhərə gedərək hər şeyi sıfırdan başlasın. Amma qatarda polis Reyi həbs edir. Qarri isə cinayətkar aləminin qanunlarını pozduğuna görə Brüggeyə Keni öldürməyə gəlir...

 

Makdonaxın ilk tammetrajlı “Brüggedə” ekran əsəri cinayətkar dünyası, mafiya qruplaşması haqda ən yaxşı filmlərdən biridir. Filmin önəmli cəhətlərindən biri rejissorun nəqlində yumorla faciənin hibridini qura bilmək ustalığıdır. Müəllif həm qara komediya, həm fars, həm kriminal triller janrının cəhətlərini ehtiva edən filmində orijinal xarakterlər yaradır.  Milsalçün, Qarri Reyin Brüggeni bəyənmədiyini eşidəndə qəzəblənir, ona görə bura dünyanın ən gözəl şəhərlərindən biridir. Və bossun əslində Reyi Brüggeyə göndərməkdə əsas məqsədi, onun son günlərini nağıl kimi şəhərdə keçirməsinə şərait yaratmaqdır. Muzdlu qatil Rey günah hissindən əziyyət çəkir. Cinayətkar dəstənin digər üzvü, daha çox müsbət cizgilərlə göstərilən Ken daha qanın tökülməsini istəmir. Cinayətkar dünyanın qanunlarına tutqulu olan Qarri isə Keni öldürəndən və Reyi yaralayandan sonra  intihar edir. Rejissor situasiyaları absurda çatdırır, onların məna miqyasını genişləndirir, hadisələr elə gözlənilməz axarda inkişaf edir ki, qarşıda nə olacağını təxmin etmək mümkün olmur.

 

Təsadüfi deyil ki, rejissor orijinal ssenariyə görə Britaniya Kino Akademiyasının mükafatını alıb. Britaniya rejissoru Stiv Makkuinin “Utanc” filmi 2011-ci ildə ekranlara çıxıb və 68-ci Venesiya  festivalında nümayiş olunub.

 

 

Süjet:  Nyu Yorkda yaşayan, reklam sahəsində çalışan  gənc Brendonun (Maykl Fassbender) dinamik, zəngin seksual həyatı var. Əslində Brendon seksual istəklərinin əsiridir. Onun cazibəsinə qadınların təslim olmaması mümkün deyil. Seksual həyatını nəzarətdə saxlaya bilməyən Brendon gecə klubarının, barların daimi  müştərisidir. Günlərin birində bacısı Sissi (Keri Malliqan) gəlir və onun həyatında dəyişikliklər baş verir. Müğənni kimi çalışan Sissi bir müddət Brendonun evində qalır. Brendon bacısının sevgilisinin onu atmaması üçün yalvarışlarını eşidir. Bir gün evə gələndə Sissinin intihara cəhd etdyini görür...

 

Makkuinin  “Utanc” filmində seksual asılılıq qəhrəmanın həbsinə çevrilir, o, özünə qapanır. Müəllif Maykl Fassbenderin qəhrəmanının simasında  seksual asılılığı olan adamları ümumiləşdirir, hekayəni psixoloji drama çevirir, daha dərin qatlara enir: fiziki istəklər dominant olanda, sevgi öləndə insan deqradasiyaya uğrayır, insanlıqdan çıxır.

 

 

Rejissor bu mövzuda film çəkməsini belə izah edir:

“İnternet xəbərlərində müntəzəm, seksə ehtiyacı olan insanlar haqda oxuyuram. Mövzu mənə maraqlı gəldi. Hərçənd, əvvəllər seksual asılılıq haqda düşünəndə, film çəkmək ağlıma da gəlməmişdi. Bundan az adam əziyyət çəkmir və ona görə də mövzuda maraqlı dram materialı gördüm. Nyu Yorkda bu sahədə yaxşı ekspertlər kimi tanınan üç terapevtlə söhbətləşdim.  Sonra onlar öz asılılıqları barədə danışmağa hazır olan adamları bizlə görüşdürdülər. Biz çoxlu müsahibələr apardıq və problemi diqqətlə araşdırdıq. Filmdə bilərəkdən Brandonun həyatında məhz nəyin çatmadığı barədə sualları cavabsız saxladıq. Mən istədim ki, hər tamaşaçı onu bu asılılığa nəyin vadar etməsi haqda özü düşünsün. Amma söhbət ondan getmir ki, seks mübtəlalığını ekzotik və ya nəsə sirlə dolu bir şey kimi göstərmək istəmişik, əksinə, çalışmışıq ki, publika filmi asan qavrasın”.

 

LENT

15 Noyabr 2019
14 Noyabr 2019
13 Noyabr 2019