Park-park yayıldı yalnızlıq xəstəliyi - “Bir şeir”in qalibindən yeni şeirlər

Kulis.az “Bir şeir” yarışmasının qalibi olmuş Malik Atilayın yeni şeirlərini təqdim edir. 

Bir ovuc ayrılıq ətri

Dilə yatmayan həqiqətlər 
İllər keçdikcə yalan oldu 
Sevdiyimiz qız köçüncə məhlədən 
İtirməyi də öyrəndik 
O gündən olan oldu... 
Sərçə yuvalarını dağıtdıq 
Sərçə boyda əllərimizlə
Günahın nə olduğunu bilmədiyimizdən
Bilmədik ki, 
Etdiklərimizin cəzasını çəkəcəyik nə vaxtsa

Yaş keçdikcə böyüdük, 
Futbol meydançasına sığmaz oldu günlərimiz
Elə bildik atamız qədər böyümüşük 
Və sanki bir gecədə əvəzlədi oyuncaqlarımızı
Siqaretlə alışqan…
Suların yuduğu çay daşıtək
illər içdən-içə kiçiltdi bizi,
Zamanın məzar daşlarından sildiyi adlar kimi 
Unudulduqca bir az daha silindik sabahımızdan…

Üzr istədik hər Aşura
Susuz can verənlərin dodaqlarından 
Heç vaxt gəlməyəcək
Xəyali qadınların ətəkləri toza bulaşmasın deyə 
Yollarına ovuc-ovuc səpdiyimiz sular üçün... 

Ölüm qapımızı döyən gündən 
İtkini və ayrılığı saldı yadımıza gülab ətri 

İndi bu dəqiqə başımda dolanır 
Yaşadığım bütün ayrılıqların havası 
Sən də qarşımda siqaret çəkirsən 
Üç ya dördüncü qədəhdən sonra
Artıq sərxoş-sərxoş baxırsan
Ruhunda qanayan adamsızlıq yarası 
Çiyinlərinin titrəməsini gizlədə bilmir saçların 

İndi sənin də öldüyünü başa düşürəm 
Əllərinin ətri deyilmiş hopan əllərimə
Bir ovuc ayrılıq ətri…
Bir ovuc gülab qoxusu...

Ayrılıqların ən gözəli

Sözlərin nə qədər ağrıtdığını biləndən sonra
Bəlkə də ayrılığın
Ən gözəli 
Ən az incidənidi 
Dünən sərxoş yuxuladığın,
Alaqaranlıq otaqda 
Olacaqlardan xəbərsiz yatmış sevgilinin
Yanağına xəfif bir kəpənək öpüşü qondurub
çıxıb getmək... 

Yastıqdakı baş izindən tutmuş
əsəbləşib sındırdığın külqabıya qədər getmək
Heç yaşamamış kimi…

Günəş 

Çat düşmüş pəncərələr gördükcə
Ürəyim ağrıyır
Necə qıyırsız günəşi
Doğram-doğram etdikdən sonra evə buraxmağa

Gözlərindən süzülən ağrı 

İçimizdəki şeytanı öldürə bilmədik deyə 
Başqalarında 
Gözəl nə varsa 
Ümidə və gələcəyə dair 
Başladıq öldürməyə 

Ölü şeirlər yazdı şair 
Ölü uşaqlar doğdu qadınlar 
Fahişələr canlarındakı xəstəlik kimi 
Ümidlərini gəzdirdi əlləri hər yerdən üzülənlərin... 

O gündən şəhər itirdi işıqlarını 
O gündən 
Qoca əyyaşın üzü kimi 
Qırışdırdı həyat taleyimizi...
Bir neçə sevgi şeirində qaldıq
Bir neçə yarımçıq xatirədə
Həyat loto daşları kimi eyni kisədə qarışdırdı bizi
Bir şəhəri bölüşən iki sevgilinin
Uzaq düşə bilməyəcəyi qədər uzaq olduq 

İlk görüş yeri də 
Unuduldu... 
Sildikcə duzlu gözyaşlarını yanaqlarından 
Əllərimə hopur 
Gözlərindən süzülən ağrı... 
    
Barmaqsız uşağın şeiri

Barmaqlarını itirən uşaq 
Barmaqhesabı saya bilərmi günlərini 
Uzaqlardan gələcək atasının 
Qışda əlcəklərə 
Qara həsrətlə baxmazmı
İstəməzmi bəyaz qarların soyuğundan qızarsın barmaqları? 

Böyüsə qanadları qırılmış sığırçıntək
Böyüsə içindəki ağrılar kimi 
Sevdiyinə 
Yaz günü çiçək qoparmaq keçməzmi içindən 
 
Sevdiyi qadının 
Küləyin qoynunda dalğalanan saçlarını
Yığmaq istəməzmi ovcuna... 

Bərk-bərk sarmaq istəməzmi əllərini 
Ölüm döşəyində olan anasının... 
Ya da atasının tabutundan yapışmaq…

Bəlkə bir gün 
Kəndiri boynuna keçirmək keçməzmi ağlından? 

Skamya

1.

Skamyada bir adamın oturduğunu görüb 
Boş yer axtardıqca insanlar 
Park-park yayıldı hər yerə
Həmşəhərlilərimdən yalnızlıq xəstəliyi... 

2.
Uşaq idim
Adını məhlədəki skamyaya yazanda. 
Və illər sonra onun sökülüb 
Bir ocaqda kül olacağı ağlıma gəlməzdi 
Sevgimin başına gələnlər kimi. 

3.
Qışın barmaq kəsən, 
Zülmətin sabah heç olmayacaq kimi uzun çəkdiyi 
Gecələrin birində 
Skamyada ölü tapılan bomjun
Üstünə qəzet sərilmişdi
"Bu yay daha fərqli olacaq" başlıqlı 
Görmədi, getdi... 
Cibində göyərçinlər üçün bir ovuc dən

4.
Səninlə bağlı hər şeyi ağlımdan sildiyim zamanlarda 
İlk görüşdüyümüz parkı da sökdülər 
Skamyalar tabut kimi getdi çiynində fəhlələrin 
Üstündə səndən qalma bir ağrı 
Üstündə iki adamlıq yalnızlıq... 
Bakıda abadlaşdırılma, 
Ürəyimdə sənsizləşdirmə gedir.  

 

 

LENT

18 Noyabr 2019
17 Noyabr 2019
16 Noyabr 2019
15 Noyabr 2019
14 Noyabr 2019