Manyak qatil haqda baxmadığımız Azərbaycan filmi

Kulis.az Sevda Sultanovanın  “Yeni filmlərimiz” layihəsində “Əlavə təsir” bədii filmini təqdim edir.

 

Süjet: Filmin əsas personajlarından biri, hüquq mühafizə orqanlarının əməkdaşı Əziz (Kənan Məmmədov)  cinayətkarı təqib edərkən, balaca bir oğlanı maşınla vurur. Və onu ölümcül yaralayır. Qəzaya görə Əzizə 3 il iş verilir. Başqa süjet xəttində üzünü şarfla bürümüş adam valyuta dəyişmə məntəqəsində 100 dolları dəyişmək üçün verir və ardınca kassadakı pulları tələb edir. Məntəqə əməkdaşı  müqavimət göstərmədən pulları verir. Belə hadisə ard-arda bir neçə valyuta dəyişmə məntəqəsində olur. Digər xəttdə kimyaçı alim Eldar Tağıyev (Şamil Süleymanov) xəbərsiz yoxa çıxır. Gedişatda bəlli olur ki, Eldar Tağıyev sovet dönəmində elmi-tədqiqat institutunda hakimiyyətin nəzarəti altında yeni bir məhlul  üzərində işləyirmiş. 1990-cı illərdə, sovet hakimiyyəti dağılandan sonra axtarışlar dayandırılır. Bir müddət sonra Eldar Tağıyev institutdan tədqiqatının ilkin nəticələrini götürərək yenidən işə başlayır. Məlum olur ki, məhlulun köməyi ilə insan yaddaşının müəyyən hissəsini silmək, onu zombiləşdirmək olar. Eyni zamanda, məhlul vasitəsi ilə insanı narkomaniya və alkoqolizmdən  uzaqlaşdırmaq da mümkündür. Bunu bilən valyuta dəyişmə məntəqəsinin müdiri Nazim (Əbdül Mahmudov) həmin məhluldan öz məqsədləri üçün istifadə etməyi qərara alır. O, dollara həmin məhlulu hopduraraq, bir cinayətkar vasitəsilə kassirləri zərərsizləşdirir. Daha sonra Eldar Tağıyevin qətlinə sifariş verir...

 

Elxan Cəfərovun 2010-cu ildə ekranlara çıxan “Əlavə təsir”  filminin ssenari müəllifləri Elza Ağayeva və Ramiz Fətəliyevdir.  Rejissor əhvalatı dinamik işləyib, montaj yığcamdır, nəqldə sənədlilik yaratmağa çalışıb. Misalçün, hər yeni personaj ekranda göründükcə, təsvir saxlanılır, titrlərdə onlar haqda qısa bioqrafik məlumat gedir.

 

Elxan Cəfərov filmlərində əkşn səhnələrini  yaxşı işləyir. “Əlavə təsir”də də öz bacarığını ortaya qoyur. Sadəcə problem ondadır ki, tipik Hollivud  detektivlərinin adını xatırladan və iddialı səslənən “Əlavə təsir” gözlənilən təsir yarada bilmir.  Film Hollivud kino sənayesində istehsal edilən məhsulların imitasiyasıdır və çox sxematikdir. Detektiv janrının qanunları gözlənilsə də, əhvalatın sxematik qurulması səbəbindən həyəcanlı gözlənti ötürülmür,  başqa cür desək, ekranın o üzündəki reallığa daxil ola bilmirik. Film bədii özəlliyi olmayan, sadəcə informativ yüklü xronikaya, bəzi hallarda isə televiziya estetikasında çəkilmiş cinayət reportajlarına bənzəyir.

 

 

Burda konkret qəhrəman yoxdur. Müəllif başa düşdüyüm qədərilə, Əzizi əsas qəhrəman seçmək istəyib. Amma o, təhkiyədə itib batır, önə çıxa bilmir. Əvvəldə həbsə düşdüyü göstərilən Əzizin sonradan əhvalatın vacib xətlərindən biri olacağını düşünürsən, amma xətt qəfil qırılır.  Nəticədə dramaturji nizamlılıq pozulur, Əziz süjetin zəruri həlqəsinə çevrilmir, onun cinayətin açılmasındakı rolu yetərincə əsaslandırılmır. Onun həbsə düşməsinə səbəb olan, rejissorun ilk kadrlardan hansısa dəhşətli cinayətlərin mərkəzində dayanacağına eyham vurduğu manyak-qatil də, guya qətlin açılmasına yardımçı olan psixoloq da təsadüfi, əhəmiyyətsiz obraza çevrilir. Müəllif obrazlar bolluğunda sanki özünü itirir, personajların və hadisələrin kinematoqrafik həllini təklif etmir. Və ekranda sovet detektiv filmlərinə xas basmaqəlib xarakterlər görünür: rəhbərin əlini masaya zərblə vurub amiranə tonda nəticə istəməsi, müstəntiqlərin isə həddindən artıq əxlaqlı, yüksək mənəviyyatlı təsviri. Bir səhnədə isə manyak qatilin psixi vəziyyəti klassik musiqi ilə müşayiət olunur. Klassik musiqi və manyak-qatil obrazı klassik priyomdur. Məsələn, Qas Van Setin “Fil”, Stenli Kubrikin “Mexaniki portağal” filmlərində qəhrəmanlar klassik musiqidən ruhlanaraq qəddarlıq aktları törədir.

 

“Əlavə təsir” Azərbaycanfilm kinostudiyasında istehsal olunub.

 

LENT

15 Noyabr 2019
14 Noyabr 2019
13 Noyabr 2019