Cetonia Aurata Mənəm! – Şamxal Həsənovdan hekayə

Kulis.az Şamxal Həsənovun “Cetonia Aurata Mənəm!” hekayəsini təqdim edir. Xatırladaq ki, onun ilk hekayəsi "Yeni imza" layihəsindən çap olunmuşdu.

 

“Hər nə qədər gözəl olsam da, onlar üçün əziləsi bir böcəyəm.”

Torsi de Minola

 

Təzad gözəllikdədir deyirlər. Mən qırmızı bir çiçəyin yatağında! “V” şəkilli kürəyi olan bir gül böcəyiyəm. İşimi tənbəlcəsinə ağır-ağır gördüyüm zaman çirkli əlinə aldığı qarğı əlağacı ilə yerimdəcə “işimi” bitirmək istəyən azyaşlı, çil-çil, qısa şortikli oğlan uşaqlarını məyus etməyi sevirəm. Kifayət qədər diqqətli olanların qızmar günəşlə və xoş rayihələrlə dolu mövsümlərdə məni gül-çiçək ətrafında uçarkən görə biləcəkləri kimi, olduqca çevik və sürətli bir böcəyəm. Belə ki, olan-bitənin fərqinə varmayan, sanki, mənim leşimdən çox, qeyri-müəyyən ziyanvericiliyimi tavada döyəcləmək istəyən, lakin nəticə etibarilə, kor-koranə kolluğa girişmiş bu yaramaz uşaqlar elə valideynləri qədər düşüncəsizdirlər. Çünki, bəli.., mən olduqca həssas, incəlik dəlisi bir altın böcəyi, qızılı parıldağam!

 

İstəmədən gül tumurcuqlarına zərər verdiyimdən, nəinki lənətəgəlmiş “sözəbaxan” uşaqlar, baxışlarına tuş gəldiyim bağbanlar və ya bağ sahibləri də, sanki, təbiətin hansısa qanununu pozurammış kimi, məni məhv etmək istəyirlər. Mənimlə yanaşı, içimdə daşımalı olduğum, alnıma möhürü vurulmuş təbii çatışmazlığım da yox olsun istəyirlər. Madam ki, belədir, sevinməyə dəyərmi? Düşünürəm. Mən güllərə bilərəkdən zərər vermirəm – bu, aydın məsələdir. Əlbəttə, hər xırda problem şirə, nektar, bal kimi ləzzətli, yumşaq çiçək ləçəklərinə bağlılığımdan irəli gəlir. Yəni, təbiətdə mənim kimi qətiyyətli bir böcək üçün ləçəklərdən və çiçək yatağından ehtiraslı nə ola bilərdi axı?!

 

Mürəkkəb bir çiçəkyanlığının saf və bakirə olması ilə yanaşı, hərarətli cəzbediciliyini də görüb-duyan təkcə mənəmmi? Hər halda, təbiətin əlçatan şirələrini hərdənbir zövqümcə dada bilmək üçün mən də bal verməli deyiləm sonda! Təbiət buna gərək duymayıbsa, yəni, barsız sevginin mümkünlüyü mənim həqiqətimdirsə və üstəlik uşaqlığın dünyasına xas vecsiz cəsarətim təkamülə rəğmən qoruna bilmişsə… Amma əlbəttə, yaxşı olardı, yetkin güllərə və yetişməmiş fidanlara zərər vermək istəməmənin özü məni qane etsin ki, mən də həddindən asılı olmayaraq, bəzən çiçək ehtirasıma mane olmaq istəyən vicdan əzabından tam azad şəkildə, bəziləri şərab qoxuyan çiçəklərin yatağında hər gün doyunca həzz ala bilim. Sanki, nə istəməmək bəs edir, nə də vicdan əzabı.

 

Avqust günəşinin qatı istisi sərt qanadüstümü dəlib keçir, şəffaf qanadlarımı isidir. Son günlər özümü hədsiz yaxşı və şanslı hiss etməyimin səbəbi digər kiçik şeylərlə yanaşı, bu da ola bilər. Məsələn, əgər istəsəm, elə buradan görə bildiyim, qarşı divarın küncündəki qızılgül kolunda doyunca iş bişirə bilərəm. Hətta alt qanadları təkamül boyu reduksiyaya uğradığından uça bilməyən böcəklərin bədbəxtliyinə heyfislənməyəcək dərəcədə özümlə səmimi olduğumu da sezirəm. Bundan nəinki utanc duymuram, əksinə, belə çətin duyğunu havada qapıb yaşamaq mənə möhtəşəm dinclik də verir. Üstəlik, gözəgəlimli və seçkin bir böcək olduğumu da bilirəm. Odur ki, bəzi xarici muzeylərin və ehtiraslı kolleksionerlərin tropik böcək kolleksiyalarında ilk baxışda nəzərə çarpan, vaxtaşırı olaraq ehtiyatla təmizləndikləri üçün parıldayan cansız həmcinslərimə görə belə təəssüflənmədən, bugün ən azı onlar qədər parlaq qızılı-yaşıl rəngdə olduğumu, insanlarla yanaşı, çiçəkləri də cəlb etdiyimi anlayıb gülümsəyirəm. Həyatından məmnun bir böcəyəm.

 

Qızılı parlaqlığım bəzən günəşdə hədsiz dərəcədə artır ki, isti yay günlərində bütün günün vızıltısından sonra yorğun düşüb, sakit bir divar küncündə yuxuya getmək üzrə olduğum zaman hansısa sadəlövh bir insan məni yerdə işıldayan görərsə, sanki, bir qızıl tapıbmış kimi sevinər, dərhal əlinə götürüb kim olduğumu anlayar-anlamaz isə, şiddətli bir diksinti və utancverici ürəkbulantısıyla yerə tolazlayar. Hər halda kefimi pozmuram indi. Şükür, bu çevikliyim və sürətim olmasaydı, yəni, mən də digər (istər qanadlı, istərsə də qanadsız) böcəklər kimi axmaq və yavaş olsaydım, mənim də üstümdən keçərdilər; pərən-pərən düşmüş qalıqlarımı əvvəlcə süpürgəylə xəkəndaza, oradan da zibilqabına… Yaxşı şeyləri düşünək.

 

Ayaqlarını yerə döyə-döyə arzuolunmaz səslər çıxardan nərmə-nazik xanımların imdadına çatan mərd ərlərin qanadüstlərimi qaldırıb qanadlanmağımı, süzə-süzə uçub, hədəflərindən uzaqlaşmağımı xanımları qədər rahatlamış halda izlədiklərini dəfələrlə görmüşəm. Yəni, hər nə qədər gözəl olsam da, təəssüf ki, mən belələri üçün də sadəcə əziləsi bir böcəyəm və insanlar heç də həmişə ayaqlarıyla üstümdən keçməyə həvəsli olmurlar.

 

Bəs, uzun və isti yay gündüzlərinin sizi təəccübləndirən vızıltısını xatırladınızmı? Günəş torpağın və divarların üzərində titrəyəndə, bəzən boğucu sükutun içərisində uzanıb məhz mənə qulaq verdiyinizi bilirdinizmi? Çox xoş səslənmədiyimi qəbul edirəm, amma sizə cansıxıntısını, xüsusilə də, günəşin yandırıcı istisində belə ərimək bilməyən kədərinizi unutdurduğumu anlamışdınızmı? Həyatınızla eyniləşdirdiyiniz yeknəsək və usandırıcı gündüz saatlarında bəzən mən də sizin qədər darıxıram və ya mən də sizin qədər varam deyə yox, sizi götürüb, hansısa uzaq qızılı sahillərə, dincliyə aparım deyə vızıldayıram! Çünki səsimdə rəngimlə yanaşı, əksər hallarda öz gizli arzularınızı da tapa bildiyinizə əminəm. Özümü çox bəyənirəm, amma bugünkü mətləbimdən uzaqlaşmasaq yaxşıdır. Mənim, ya kim bilir, bəlkə, həm də, sizin!

 

Gözlərimi qırpışdırıb əsnəyir, bığcıqlarımı izləyə-izləyə dincəlirəm. Eyni zamanda düşünə və sizinlə ünsiyyət qura bilirəm. Məsələn, bu ağır və irihəcmli görünüşümü, buna baxmayaraq, gizli, açıq-qəhvəyi pərdə qanadlarımın bir göz qırpımında V şəkilli kürəyimin altında peyda olmasını və çaşqın bir kəpənək çevikliyilə havalanmamın sadəlövh insanların simasında necə həyəcan qarışıq, qəribə bir təbəssüm yaratmasını – bəli, belə şeyləri düşünürəm indi… Düşünürəm, deməli xoşbəxtəm! Nə düşünməyimə mane ola bilərəm, nə də həqiqi xoşbəxtliyim üçün düşünmək bəs edir. Amma, siz, yenə də yanlış anlamayın; gözəl avqust ayının böcək tərlədən çılğın hərarətində bütün varlığımla duyduğum sərhədsiz azadlığım düşüncələrin müşayiətilə nəinki ürəyimi bulandırmır, əksinə, qarnımın altını doldurub məni gümrahlaşdırır. Deməli, xoşbəxtəm, çünki azadam.

 

Lakin digər tərəfdən, bu dərəcədə zərif və qiymətli bir əşya kimi görünməyim, görəsən, acgöz olmağımla təzadlıq təşkil edirmi deyə götür-qoy etməyə başlayıram. Əlbəttə, bunu acgözlük hesab etmək doğru olmaz, amma deyə-təkrarlaya, tüpürcəkli ağızlardan çıxan səslərlə söyülə-qovalana acgöz olmağıma məni belə inandırmaq üzrədirlər. Hər nə olursa-olsun, adi nektar düşkünü elan edilməyim haqsızlıqdır – bilirəm! Məsələn, çiçəkyanlığından məhrum çiçəkləri və öz-özünə tozlanan çiçəkləri sevmədiyimi etiraf edirəm!

 

Sıxılmağa başlayıram. Çox çənə-boğaz elədim, deyəsən. Bütün bu dedi-qoduları, vəsf və zərər-ziyan hesabatlarını kənara qoysaq yaxşı olar, elə deyilmi? Çünki, həyatımda daha anlamlı və maraqlı məqamları nə qədər istəsəniz tapmaq mümkündür və ən önəmlisi odur ki, bugün həyatımda xüsusi yer tutan üç gül koluyla tanış etmək istəyirəm sizi. Odur ki, məni izləyin! Diqqətlə izləyə biləcək qədər gözüaçıqsınızmı?

 

Aşağıda gördüyünüz kolluq, bir az əvvəl dincəldiyim yer qədər mənə doğma və rahat gələn R çiçəyidir. Ki, o, mənim başlanğıcımdır, amma sonumu orada gördüyümü əminliklə söyləyə bilmərəm. Həzzi və sevgini doyunca yaşadığım ilk çiçək koludur. Demək olar ki, illərdir vaxtımın böyük hissəsini məhz onun ləçəkləri arasında keçirdiyimdən, bəzən kiçik böcək həyatımda bir yenilik naminə, R çiçəyində tutqun, üstüörtülü məna daşıyan fərqli bir rəng və ya yeni bir qoxu müşahidə edə bilim deyə ona diqqət kəsilsəm də, mənə yad hansısa bir şeyini sezə və duya bilmirəm. Buna eyni zamanda həm sevinirəm, həm də istər-istəməz heyfislənirəm.

 

Heyfislənib kolumu tərk etdiyim, günlərlə R çiçəyinə qonmadığım zamanlarda özümü başqa yeni kollarda sınamaq istəmişəm. Çoxu bayağı, qəribə tərzdə ürəkbulandıran tünd qoxulu, həddindən artıq tozlu və ya tikanlı olduğundan, ötəri yenilik həvəslərimi könülsüz şəkildə doyurduqdan sonra, ətrafında dövrə vurduğumuz bu R çiçəyinə geri dönmüşəm. Yaxşıca görə bilirsinizmi – yaşıllığın içində mənə və təkcə mənə aid olduğunu, mənimsə daim oraya aid olacağımı həm insafsızcasına, həm də niyəsə özünün də gizlətməyə çalışdığı məyusluqla necə nümayiş edir… İstəsəniz, əlavə bir dövrə də vura bilərik. Yoxsa, bəlkə, ikinci çiçək kolumuz istiqamətində irəliləmək fikri daha cəlbedicidir? Görürəm bir qədər də yaxından baxmaq istəyirsiniz, amma həm də ikinci kola tələsirsiniz.

 

Bu çəhrayı rəngli, şirin ətirli R çiçəyi mənə üstünlük və rahatlıq duyğularını təlqin edir. Sanki, bir-birimizin sahibiyik, hər şey məlumluğun dincliyində, olmalı olduğu axarda və bir-birimizin nəzarətində baş verir ki, mən də bayırdakı gözlənilməz həyatdan bu yolla qoruna bilirəm. Amma çox keçmədi ki, əvvəlcə, bu cür rahatlıq-əminlik duyğusunun oyatdığı tənbəllikdən bezdim (avqust istisindən də boğucudur tənbəllik hissi!), sonra isə, naməlumluğu öz həyat tərzimə çevirmək eşqinə düşdüm. Xüsusilə, yer altında aylarla-illərlə yaşaya bilən naməlum böcəklərə həsəd aparmağa başladım.

 

Həsədimin heyranlığa, heyranlığımın yanılmaya təkamül etdiyi vaxtlar özümü daha “cəsarətli” bir böcək kimi görməyə başladım. Beləcə də, şüurlu şəkildə apardığım bir sıra uçuşlar nəticəsində cəzbedici qoxusunu indidən duymağa başladığınız Y çiçəyinin yetişmiş, ətli-canlı ləçəkləri ilə tanış oldum. Ümid edirəm, Y-nin yerini tezliklə unudarsınız, çünki başqa bir böcəyin ondan ləzzət almasını qəbul edə bilməyəcəyəm. Çünki o, həm də, mənim coşqunluğumun və “dirçəlişimin” məhsuludur, seçilmişdir, sanki, uzun müddət həsrətində olub sonda yarada bildiyim, hələlik gizli qalmış bir şedevrdir və yalnız onun sayəsində istedadlı bir sənətkar böcəyin naməlum dünyasını anlaya bilərəm.

 

Hələlik zövqünüzü oxşasın bir az. Yaxınlaşaq bir qədər də. Görürsünüz və görə bildiyinizə görə, Y-nin cinsindən və ya rəngindən bəhs etməyimə ehtiyac duymursunuz, elə deyilmi? Hər şeyi görə-anlaya bildiyinizə sevinirəm. Y çiçəyini dözülməz içsıxıntımla yanaşı, yaradıcı bir böcək ruhu üçün qaçılmaz olan düşkünlüyün nəticəsi kimi də görmək olar, amma sizi qəliz fikirlərlə çaşdırmamaq, hətta sözlərin özündən azad etmək və birlikdə Y-nin gözəlliyini seyr edək istəyirəm indi.

 

Güclü anac budaqlarının arasına girər-girməz, sanki, qanadlarım sevincdən yüngülləşir. Qarnımda qıvraq həyəcanla, sürüşkən yarpaqlarının arasında ora-bura sürtünə-sürtünə Y çiçəyinə sakit-sakit yaxınlaşmağı və onun içərisində yerləşməyi sevirəm. Güman ki, mənim bol sulu və bol şirəli Y çiçəyimin içərisində özümü bu qədər xoşbəxt hiss etməyimin səbəbi bir az əvvəl söylədiklərimdir, amma Y-nin tamamilə fərqli nektarı dilimin üzərini, ağzımı doldurar-doldurmaz, mənə bütün bu səbəblərin adi bir yanılma olduğunu və Y-ni bütün varlığımla sevdiyimi söyləyən hansı səsimdir? Hər halda, acgözlük deyil və zənnimcə, Y barədə bu qədər bəs edər.

 

Qanadsız insan orqanizmi təbiətə layiqincə uyğunlaşmadığından, insanlarda bizə qarşı hiylə və qısqanclıq hissləri daha çox inkişaf etmişdir. Gecə quşlarının və böcəklərin oxuduğu ətirli avqust axşamı Ay işığında çiçəklərin titrəyən tər gövdələrini görmək üçün, onlara bizim gözlərimizlə baxmaq gərəkdir. Çünki, təbiəti tamamilə başa düşməyə siz yox, rəng dəyişən, cəsur Cetonia böcəkləri daha yaxındırlar. Odur ki, həm mənim heç vaxt havada düzgün və çox uça bilmədiyimi, tez yorulduğumu iddia edən insanlar qısqansınlar deyə, həm də qarşısıalınmaz maraq hissinizi sonuna qədər yaşayasınız deyə, sözümü tutub, sizi G çiçəyi ilə də tanış edəcəyəm. Bir-birinizi mehribancasına qucaqlayın və gözlərinizi dörd açmağı unutmayın. Çünki baxmaq, bəzi insanlardan zəhər yoluxmuş zehinlərinizə anlamaq üçün bəs etməyə bilər.

 

Y-nin qoxusuna və şirəsinə olan təhlükəli ehtirasımı aylar sonra boğmaq məcburiyyətində qaldığım günlər qəribə bir yarıtmazlıq hissindən əziyyət çəkməkdə idim ki, təbiət ana üzümə güldü… Çox yaxınlaşmayacağıq. Buradan seyr edək. Bəli, G çiçəyinin bənzərsiz gözəlliyindən çox, varlığının necə fərqinə vardığımı və həyatımdakı yerini anlamağınızı istəyirəm.

 

Hesab edirdim artıq xoşbəxt, ağıllı və gözəl böcəyəm. Xüsusilə də, Y çiçəyindən ayrılmağa məcbur olduğum (səbəbini bilməsəniz də olar) vaxtlar, başdan-ayağa kədərə bulaşmış halda orda-burda (və R-nin çiçəkyatağından uzaqda) başıboş uçduğum günlər geridə qalmışdı, kədərim zamanla uzaq bir xəyala, zərərsiz vərdişə çevrilmişdi. Y-ni gözümdə böyütmüş olduğuma özümü inandırmışdım. Bəli, ola bilsin ki, Y-nin qoxusu, şirəsi, yaşatdığı həzzi əvəzedilməz idi, amma R çiçəyinin geniş çiçəkyatağında və ya onun kiçik, sakit yarpaqlarının üzərində hiss etdiyim dinclik, güvən və qayğının daha vacib olmasına, əsl sevginin mənə, əslində, bu hissləri yaşatmalı olduğuna qət etmişdim.

 

Növbəti həftə, indi dayandığımız məsafədən G-yə aşiq oldum. Amma onun yatağında, sinəsinin üzərində yerləşib, şirəsini, dadını doyunca ala bilməyəcəyimi dərhal anladım. Bununla belə, bəzi şeyləri özümdə dəqiqləşdirmişdim. Birincisi, G çiçəyi gördüyüm ən incə saplaqlı, tikansız olsa da əlçatmaz, ilk baxışda təzə fidan təəssüratı yaratsa da, cəlbediciliyi yetkin çiçəklərinkindən az olmayan, baxımlı və çəkingən çiçək kolu idi. Onu görərkən əməlli-başlı gülümsəmişdim. Çünki, ikincisi, G çiçəyinə bundan sonra mən qulluq edəcəkdim, onu bütün digər böcəklərdən uzaq tutacaqdım, mənim qanadlarımın altında yetkin bir çiçək olacaqdı. Ürəyim sinəmdə dəlicəsinə çırpınmağa başladı. Başımdakı vızıltını susdura bilmirdim. Çünki, üçüncüsü, kolunun içərisindəki özgüvənini bəyan edən duruşu, sağlam pöhrələri və bütün zərifliyi ilə, sanki, mənə yaxın gələcəkdəki həyat tərzimdən, tamamlanacaq xoşbəxtliyimdən xəbər verirdi. Ona qonub, şirəsini canıma çəkəcəyim günü iplə çəkirəm. Çünki, mən, G-ni də sevdiyimə əminəm.

 

LENT

18 Noyabr 2019
17 Noyabr 2019
16 Noyabr 2019
15 Noyabr 2019
14 Noyabr 2019