Dəlilərdən canım qurtardı, manyaklar çıxdı qabağıma – Son bölüm

 

Kulis.az Oğuz Ayvazın “Bir dəlinin gündəliyi” avtobioqrafik romanından son hissəni təqdim edir.

 

əvvəli burada

 

 

- Hazırlaş bu gün çıxardıram səni.

 

- Yalan demə...

 

- Çıxırıq, bala, vallah çıxırsan.

 

Atamı sevincək qucaqlayıb, bağrıma basıram. Kənardan dəlilər bizə miskin baxışları ilə tamaşa edirlər.

 

Bu gün dəlixanadan çıxıram. Bundan gözəl xəbər olar?! Cəhənnəm dolu, əzab dolu günlərim artıq geridə qalmaqdadır. Xəstəxananın divarları mən gedən gündən rənglənməyə başlamışdı. Özü də ağappaq rəngə.

 

Dəlilərlə vidalaşmaq vaxtıdır. Deyəsən, onlar üçün darıxacam, bəlkə də tezlikə unudacam, bilmirəm.

 

Onlarla vidalaşmağın yolunu da bilmirəm. Heç vidalaşmağın nə olduğunu bilirlərmi görən, Allahın bu dəliləri? Əslində hanısımız bilirik ki? Vidalaşmaq ən çətin duyğudur bəlkə də. Bacarmırıq heç birimiz. Eləcə üzümüzü üzümüzə söykəyib uzaqlara baxırıq. Vidalaşmağın özünü yox, rəsmini çəkirik. Elə bizim dəlixananın divarlarına çəkilən əyri-üyrü rəsmlər kimi...

 

- Nə oldu əynini geyinə bilmədin?

 

Atam məni tələsdirir.

 

- Geyinirəm...

 

Əslində geyinirdim, amma həyəcandan şalvarı düz tuta bilmirdim.

 

- Ə, düz geyin. – atam gülümsünüb kömək əlini uzadırdı. 

 

Mən isə getməyə tələsmirdim. İçimdə dəlixana divarlarını yaşıla, qırmızıya boyayıram.

 

Lətif həkim atamla danışır. Məni gözləyirlər.

 

- Oğuz yaxşı olacaq həkim?

 

- Bu xəstəlik şizofreniyaya bənzərdi. Elə diaqnoz qoymuşduq. Heç bir ümid də yox idi. Ancaq oğlunuz əsl insan iradəsi nümayiş etdirdi və normal halına qayıtdı. Ancaq bu hal...

 

- Qayıda bilər?

 

- 40 yaşda ehtimal var qayıtsın. Amma yenə də özündən asılıdır. Genetik faktor varsa mümkünsüz deyil.

 

Atam barmaqları ilə qaşqasını ovxalıyır, düşünür. Bir siqaret də alışdırır.

 

- Həkim bu gün çıxıram e, artıq tam sağalmışam... – üzümdə güllər aça-aça danışıram.

 

- Hə, Oğuz. Bizi tez unudarsan. Elə burdakıları da tez unut. Xatırlama. Bura birdə qayıtsan səni bərk döyəcəm. – həkim gülümsünüb əlini mənə uzadır.

 

Atam siqaretindən qullab vurub ağzını açır:

 

- Həkim, hər şey üçün minnətdaram. Oğlum sizin sayənizdə ayaqdadır.

 

- Dəyməz, müəllim. Buyurun. Heç yeri deyil, amma nə vaxt istəsəniz gəlin söhbətləşək. Allah bir də buraya düşürməsin!

 

Atamla həkim mehribanca sağollaşırlar.

 

Bu gün mənim üçün son gün idi. İki aylıq dəhşət dolu günlərim bu gün xatırlamaq istəmədiyim xatirələrə çevriləcəkdi. Özümə gəlmişdim. Ancaq hələ də özümü qəribə, bu dünyadan olmayan canlı kimi hiss edirdim.

 

Dəmir qapıdan çıxmaq vaxtı çatmışdı. Arzuladığım gün gəlmişdi. Dəfələrlə bu dəlixanadan qaçmaq istəmişdim. Bu gün isə tam azad idim. Sanki dəlixanadan deyil, həbsdən azad olurdum.

 

Səma masmavidi, ağaclar yenicə çiçək açıb. Quşların cikkiltisini aydın, çox aydın səsdə eşidirəm. Gözlərim parıldayır. Adamlar, maşınlar, küçələr, günəş, göy üzü o qədər möhtəşəm görünürlər ki... Sanki uzun illərdi ki, kor olmuşam.

 

- Ata, bu maşınlar orjinaldı?

 

- Əlbəttə, hamısı zavod istehsalıdı.

 

- Rəngləri çox parlaqdır.

 

- Yaxşı rəngləyiblər ha...

 

İkimiz də ürəkdən gülürük...

 

Atamın əlindən tutdum. Axırıncı dəfə atamın əllərindən tutduğum vaxt 14 yaşımda idim. İndi isə 18 yaş. Dörd illik fasilə. Həyat ata ilə oğulu yenidən başa qaytarmışdı. Günəşə baxdım. Arxada qoyduğumuz xəstəxana günəşin gur işığında itirdi.

 

Anamı düşündüm. Yəqin evdə mənə sevdiyim yeməklərdən hazırlayıb. Bəs bacım, qardaşım necə? Onlar da məni dörd gözlə gözləyir.

 

Yolboyu gözüm səmada ilişib qalmışdı. Sonsuz mavilik. Günəşə baxa-baxa gözüm ayrışır, amma doymuram.

 

Atam gizlincə sevinir. Hisslərini büruzə verməsə də gözlərindən “şükür, hər şey yaxşıdı, hər şey bitdi” ifadəsi görünür.

 

Metroya tərəf gedirik. Və mən xəyal edirəm. Metro da tünlük görünür. Basabasın içində sıxıla-dura evə çatdım. Liftin qabağında gözlərində böyük eynək, saçları pırtlaşıq, sifətindən kütlük yağan bir kişi dayanmışdı. Bu kişidən heç gözüm su içmədi. Öz-özümə dedim ki, bəlkə piyada qalxım evimizə. O an lift ağzını açıb, nəfəsini dərdi. Məcbur bu kişiylə liftə mindim. O arxada, mən irəlidə. Lift ağır-ağır yuxarı dartınırdı. Həyəcan, qorxu boğazıma düyünlənir, əllərim əsirdi. Mənə elə gəlirdi ki, bu manyaka bənzəyən kişi arxadan bıçağı kürəyimə saplayacaq. Qəfil geri qanrılıb kişinin yaxasından yapışdım.

 

- Məndən nə istəyirsiniz?

 

- Ay bala əlini çək, dəlisən nəsən...

 

Lift dayandı, qapılar üzümüzə açıldı. Kişinin yaxasını buraxıb üzr istədim. O da arxamca donquldandı. Dediyi cümlələri ağlımda redaktə edib gülümsündüm.

 

Axşam dostumgilə qonaq gedərkən binanın işıqlarının söndüyünü gördüm. Öz-özümə deyindim ki, qaranlıqda necə gedəcəm. Üstəlik hər yerdə də manyak söhbətləri dolaşır. Vay indi mənim halıma. Alışqanımın fənərini yandırıb pillələri qalxmağa başladım. Tez-tez döngələrdə divarlara işıq salır, səksənirdim. Dəhlizə çatanda qapıların birində belini əyib qapıyla əlləşən bir adam gözümə dəydi. Bu bəlkə manyakdır? İndi mən neyləyəcəm? Özümdə güc tapıb naməlum adamın kölgəsinə doğru addımladım.

 

Deyəsən, addımlarımdan duyuq düşdü. Fanar işığında onun sərxoş üzü xoşbəxtcəsinə gülümsündü. Yerində ləngər vururdu. Qapını aça bilmir, qayıq kimi ora-bura yellənirdi. Əlindəki açarı götürüb evlərinin qapısını açdım.

 

Dostumgilin qapısını döyürəm. Di gəl qapı açılmır.

 

- Aç da, aççç!

 

- Kimsən?

 

- Mənəm daa...

 

- Sən kimsən e?

 

Soyuq dəydiyindən səsim dəyişmişdi. Dostum da qorxusundan elə bilirdi manyakam. Gördüm xeyri olmayacaq. Dostumgilin qonşusu Almaz xalagilin qapısını döydüm. Deyəm ki, dostumun qapısını döyün, deyin gələn Oğuzdu. Bu qonşu da ordan kimsən dedi, səsimi tanımadı. Nə qədər and aman elədim ki, Oğuzdu, qonşudu. Xeyri olmadı. Dostuma zəng elədim.

 

- Alo.

 

- Alo… Oğuz sənsən?

 

O an telefonumun bateriyası söndü. Qaldım havada. Saatlar keçir, dəhlizdə pişik kimi ora-bura gedir, qapının açılmağını gözləyirdim. Çarəsiz özümü küçəyə atdım. Vaxtın keçməsi üçün parka yola düşdüm. Parkda bir inni-cinni gözə dəymirdi. Hava da soyumuşdu. Külək boş skamyalarda vurnuxur, vahiməli səs ətrafa yayılırdı. Manyaklar da belə havaları çox sevir. İşıq gələn tərəfdə qaraltı gözümə dəydi. Maraq boğdu məni. Nəydi o qaraltı? Birdən özümü cırtdanın nağılındakı kimi hiss etdim.

...

- Oğuz, ay Oğuz, eşidirsən? Nə oldu sənə? Yaxşısan?

 

Atam deyəsən yenə dəliləşdiyimi düşündü. Yazıq atam...

 

- Hə, hə yaxşıyam...

 

- Eləcə xəyal qururdum... – pillələri çıxa-çıxa əlavə etdim.

 

Evə çatmışdıq. Qapının arxasındaydıq.

 

- Keç içəri. Həmişə evində eşiyində!

 

Anam qollarını açıb bağrına basır məni. Üzümü-gözümü öpüşlərə qərq edir. Bacım, qardaşım da qucaqlaşma kompaniyasına qoşulur. Qəfil qapı döyülür. Qorxuram. Bəlkə gələn manyakdır?

 

Müəllif romanı burdaca dayandırmaq qərarına gəlir. Çünki belə getsə, o da dəli olacaqdı.

 

Son cümləsi də belə oldu müəllifin: “Dahi ola bilmədim, amma həyatımı yaşamağa başlayacağam”.

 

SON

 

 

LENT

19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019