Üzeyir Mehdizadənin 100 milyonu

 

Üzeyir Mehdizadə yenə gündəmdədir. “Yaxşı ola” mahnısı “Yutub”da tavana qalxıb: 100 milyon baxış.

 

Həmvətənlərimiz də hər zamanki kimi iki yerə bölünüb: kimi onu bayağılıqda günahlandırır, başqaları isə deyir, bu da bizim Azərbaycanlımızdır, onunla fəxr edirik.  

 

Yadıma düşür, Üzeyirin Türkiyədəki konsertdə də hay-küylə qarşılanmağı gündəmə bomba kimi düşmüşdü. Hərə bir cür münasibət bildirmişdi buna.

 

Sanki dəhşətli bir şey olmuşdu.

 

Sanki Üzeyirin buna haqqı yox idi.

 

O adamlara elə gəlirdi ki, Türkiyə ancaq Sezen Aksudan, Ajda Pekkandan ibarətdir. Oranın da İsmayıl YK-sı var, Demet Akalını var deməkdən yorulmuşduq.

 

Ümumiyyətlə, bizimkilər bu sərhəddi tutdura bilmir: bayağı mahnını sevənlər bundan başqasını tanımır, yaxud da əksinə.

 

Postmodernizmdə belə bir anlayış var: kütləviliklə hesablaşmaq. Biz Üzeyirə bu cür yanaşmalıyıq. Üzeyir kimlər üçünsə etalondur: onun şirin, ürəyə toxunan səsi var deyirlər.

 

100 milyon izləyicisi varsa, deməli, onda nəsə var axı. Düzdü, razıyam ki, ciddi bir şey bu qədər baxış gətirməz. Amma bunu hamımız bilirik. Özü də mahnı əyləncəvidir. Yəni hədəfi böyük kütləyə xitab etməkdir. Və məncə, öz hədəfinə ulaşıb. Özü də fantastik göstərici ilə...  

 

Bunu da deyim, keçək növbəti abzasa... Bir müğənni kütləvi şəkildə sevilirsə, sözsüz, onun içində bayağılıq olacaq. Lakin o bayağılığın içində bir saflıq, bir istedad da arada bir boy atacaq.

 

Üzeyir Mehdizadə ilə bir verilişə çıxmağımız yadıma düşür. Onda hələ Üzeyirin necə deyərlər, təzəcə cücərən vaxtlarıydı. Mənim də yumurtadan indicə çıxdığım zamanlar.

 

İkimizə də reytinq, tanınmaq lazımıydı.

 

Mənə Üzeyirdən daha çox.

 

Çünki mən yazırdım, o oxuyurdu. Və məndən daha şanslıydı.

 

Aparıcı veriliş başlayandan məni “tırka”ladı ki, qalmaqal yarat, Üzeyiri yıx sürü.

 

Onda “tırkaya” gedən vaxtlarım idi, etiraz etmədim, veriliş başlayan kimi Üzeyirə döşədim.

 

Bayağılıq, məzmunsuzluq haqqında uzun-uzadı çıxış elədim. Üzeyir də sakitcə mənə qulaq asırdı.

 

Mikrofon Üzeyirin əlinə düşəndə dedim, indi o da məni yıxıb-sürüyəcək, söz altda qalmayacaq, qalmaqal yaranacaq, saytlar manşet edəcək. Xəyalımda özümü şöhrətin ən uca zirvələrinə qaldırırdım.

 

Ancaq əksi oldu.

 

Üzeyir məsumcasına fikirlərimə hörmət etdiyini və onun da yalnız bunu bacardığını dedi.

 

Əlim üzümdə qaldı.

 

Etiraf edim ki, şok oldum.

 

Çox utanmışdım açığı. Mən niyə bu vəziyyətə düşmüşdüm? Bir aparıcının sözünə görə bu cür mədəni bir adama niyə bunları söyləməliydim? Tamam, haqlı ola bilərəm. Amma adam bir az sözlərinə fikir verər, qabağındakından bir-iki kitab artıq oxuyub deyə onu əzməyə çalışmaz.

 

Verilişin sonlarına yaxın valı dəyişdim: Üzeyir kimi müğənnilərin dünyada da olduğunu dedim. Nə olar ki bizdə də Üzeyir olanda? Qoy sevilsin.

 

Proqramdan sonra gedib əl tutdum və dediklərimə görə üzr istədim. Həminki mehribanlıqla gülümsündü və mənə dedi ki, sizin fikirlərinizdir, hörmət edirəm.

 

Belə...

 

Üzeyir heç vaxt özünü Sezen Aksu mərtəbəsində hiss etməyib. Onun öz çevrəsi var və orda sevilir. Qoyun orda sevilməyə davam eləsin.

 

Qardaş ölkədə də, başqa yerlərdə də Üzeyirsevənlər varsa, nə edək? Oturub dərd çəkək? Guya hamımız intellektuallıqdan yerimizdə dayana bilmirik, bayağı bir şey eşidən kimi qulağımızı tuturuq.

 

Yadımızda saxlayaq, sənət bəzən bayağı şeylərin üzərində yaranır. Və Üzeyir heç vaxt heç bir sənətçinin yerini dar eləmir.

 

 

LENT

19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019