İstanbulda yaşayan Yutuber: “Onlar var-dövlət qazandıqları Azərbaycanı Türkiyədə pisləyirlər”

Kulis.az İstanbulda yaşayan azərbaycanlı yazar, özünün “Yutub” kanalında Azərbaycanla bağlı Türkiyə ictimaiyyəti üçün maarifləndirici videolar yayımlayan Nərgiz Əzizova ilə müsahibəni təqdim edir.

 

- Nərgiz xanım, gəlin əvvəlcə Türkiyəyə gedib çıxmağınızdan danışaq.

 

- Yəqin çoxu razılaşar ki, Türkiyə Azərbaycan üçün son 10-15 ilin Rusiyası rolunu oynayır. Əsas da Naxçıvan bölgəsi üçün. Əvvəllər gənclər, elə orta yaşlılar da Azərbaycanda maddi baxımdan istədiklərini tapa bilməyəndə Rusiyaya gedirdilər. Son illər bu axın azaldı. İndi Türkiyəyə üz tuturlar. Əsasən də İstanbula. Sadəcə bir fərq var. 90-cı illərdə Rusiyaya gedənlərin böyük əksəriyyəti yalnız maddi durumlarını düzəltmək üçün gedirdilər. Türkiyəyə gələnlər arasında isə daha çox müxtəlif sahələrdə özünü təsdiq etməyə çalışan insanlarımıza rast gəlinir. Əsasən də gənclərə. Bizim üçün 90-ların deyil, 60-ların Rusiyasıdı bir növ. Gələnlərin sayına dil probleminin olmaması da güclü təsir edir. Yəni bura gəlib, yaşamağa qərar vermək, artıq adi hala çevrilib.

 

- Videolarınızın biri, Türkiyədə yaşayan azərbaycanlı və Azərbaycanda yaşayan türklərin bilməli olduğu nüanslarla bağlıdır. Bu davranış fərqləri çoxmu sorun yaradır və kökü hardandır?

 

- Bura gələndən müşahidə etdiyim əsas məsələ bizim heç də hər mənada qardaş ölkələr olmadığımızdır. Qan bağlılığımız, tariximiz eyni yerdən gəlsə də, biz daha çox Rusiya mədəniyyətinə yaxınıq. Əsl niyyəti savadlı nökər düzəltmək olsa da, fakt odur ki, bizim əlimizə kitabı Rusiya verib. Bu, çox ciddi məqamdır. Məhz buna görə də yeməklərimiz, danışığımız, düşüncələrimiz, dinə baxışımız, etik qaydalar, hətta məclislərimiz və salamlaşmaq kimi xırda nüanslar belə çox fərqlidir. Zamanla buranın qaydalarına uyğun yaşamağa öyrəşir insan. Türkiyəliyə çevrilirsən. Səni öz içində əridir. Bu, min illərin ənənəsidir. Ancaq bir şərti var: özün buna razı olmalısan, istəməlisən. Ürək “Azərbaycan” deyirsə, ha vuruş, çalış, türkiyəli olmağın alınmayacaq. Özünü heç yerdə rahat hiss etməyəcəksən, dostun olmayacaq, milyonların içində yuvasından ayrı düşən qarışqa kimi tək dolaşacaqsan.

 

 

- Bəzən, Türkiyənin intellektual kəsimində Azərbaycana qarşı bir az aşağı gözlə baxmaq halları müşahidə olunur. Ayrı-ayrı filmlərdə, tamaşalarda, skeçlərdə, bəzən tanınmışların açıqlamalarında hətta həqarət səviyyəsində zarafatlar edir, lağa qoyurlar. Bu haqda nə deyə bilərsiniz və nələr müşahidə etmisiniz?

 

- Ayrı-ayrı şəxslərə qalanda bu, bizdə də olur bəzən. Hətta türkiyəlilərə düşmən gözü ilə baxanlara, nifrət edənlərə də rast gəlirik. Ümumilikdə isə razıyam. Türkiyədə təəssüf ki, bu hallarla qarşılaşırıq. Əslinə qalanda, hardasa onlara haqq qazandırmaq da olar. Çünki bəzi həmyerlilərimiz nə qədər klassik də olsa, bura ilə Azərbaycanı səhv salırlar. Sovetin qanunsuzluqlarını da özləri ilə gətirməyə çalışırlar. Türkiyəlilərin beynində də bizimlə bağlı yanlış düşüncələr formalaşır. Türkiyə xalqı birmənalı olaraq Azərbaycanı, azərbaycanlıları sevir. İcazənizlə, fikrimi daha detallı izah edim. Baxın, Türkiyəyə gələn azərbaycanlıların böyük əksəriyyəti turist kimi gəlir. Və sırf gəzməyə gəldikləri üçün yerli xalqla daha sıx təmasda olurlar. Onların içində həkimə, müəllimə, mədəniyyət xadiminə, alimə nadir hallarda rast gələrsən. Əksəri mədəni səviyyəsi yetərincə olmayan şəxslərdir. Və bu cür istedadsız, mütaliəsiz, vecsiz, qanun-qaydalarla istədikləri kimi davrana biləcəklərini düşünən insanlar Azərbaycanda daha tez varlanırlar. İçlərində elələri var ki, ildə 3-4 dəfə bura gəzməyə gəlirlər. Bizdə neçə müəllimin, alimin, rejissorun büdcəsi çatar buna? Gəlib, burda ölkəmiz haqqında fikir formalaşdırırlar. Bunun fərqində belə deyillər. Əksəri anlamır ki, elədiyi hər hərəkət Azərbaycanın və azərbaycanlıların ayağına yazılır. Bu, təkcə Türkiyə ilə bağlı deyil, bütün getdiyimiz digər ölkələrlə də analoji hal var. Hərəkətlərimiz təkcə MDB ölkələrində anormal qarşılanmır. Yəni problem Türkiyə ilə bağlı deyil. Bizimlə bağlıdır. Bunu üzülərək söyləyirəm. Məsələn, Ərəbistanda da mədəni səviyyəsi yüksək insanlar var. Ancaq Azərbaycana gəlib, min hoqqadan çıxanları görəndə o mədəni insanların varlığını düşünən olmur.

 

Qəribəsi budur ki, bu insanlar Türkiyəyə gəlib heç bir xüsusi qabiliyyətləri olmaya-olmaya onları varlandıran Azərbaycanla bağlı hər şeydən şikayətlənirlər. Hər şeydən! Elə bil, hansısa geridəqalmış Afrika ölkəsindən gəliblər. Hərdən elə bilirlər, mən də türkiyəliyəm. Danışırlar. Dəhşətə gəlirsən ki, Azərbaycan belə deyil axı. Bütün ölkələrdə problemlər var. Amma hansı ölkənin vətəndaşları kənarda öz ölkəsini bu qədər pisləyir? Mən heç rast gəlmədim.

 

Azərbaycan Türkiyə ilə müqayisədə daha intellektual, mədəni səviyyəsi daha çox inkişaf etmiş ölkədir. Kor-kor, gör-gör.

 

Bizə yanaşmanın ikinci detalının isə bizimlə heç bir bağlantısı yoxdur. Türkiyənin problemidir. Çünki bu ölkə bezib artıq mühacir qəbul etməkdən. Özümü buranın vətəndaşlarının yerinə qoyanda düşüncələrimdə yoruluram. Buradakı bəzi mühacirlərə imkan versələr, ermənilərin bizə etdiyini edərlər.

 

 

- Türkiyədə Azərbaycan haqqında xeyli yanlış məlumatlar da var.

 

- Bəli. Yanlış məlumat o yerdə əl-qol açır ki, sən düz olanı təqdim eləmirsən. Bu dəqiqə türkiyəlilərin böyük əksəriyyəti Azərbaycan haqqında demək olar ki, heç nə bilmir. “Sizdə də qadınlar hicablıdır?”, “Niyə ölkənizdə məscid azdır?”, “Donuz ətini çox yeyirsiz?”, “Pul vahidiniz nədir?” kimi suallar verirlər. Bizi hələ də Sovet ölkəsi bilənlər var. Çünki təbliğat yox səviyyədədir. Azərbaycan mediası öz ölkəsini təbliğ etmək yerinə, Türkiyə haqqında yazır. Baxın, Türkiyə mətbuatında nadir hallarda Azərbaycanla bağlı xəbər görürsən. Olanlar da hansısa siyasi proseslə, ya da dəhşətli hadisə ilə bağlı olur. Təbliğat xarakterli heç nə yoxdur. Niyə? Çünki biz heç öz mediamızda belə özümüzə yetərincə yer ayırmırıq. Xəbərlərin böyük hissəsi Türkiyə mətbuatından götürülür, tərcümə edilib verilir. Onsuz da əhali bütün günü dayanmadan Türkiyə TV-lərini, “YouTube” kanallarını izləyir. Bu qədər götürülmə xəbərə nə ehtiyac var? Xəbər başlıqlarımızda belə artıq Türkiyənin yazı üslubu hiss olunur. Özümüzdən danışmağa, özümüzü təqdim etməyə, gördüyümüz yaxşı işlər haqqında məlumat verməyə utanırıq sanki. Niyəsini tam olaraq anlamıram.

 

- Deyəsən, bircə “O səs Türkiyə” proqramında özümüzü oxuya bilən xalq kimi təqdim edə bilmişik...

 

- “O səs Türkiyə”də Elnur Hüseynov elə performansla çıxış etdi ki, diqqət çəkməməsi mümkün deyildi. Məncə, məhz ondan sonra Azərbaycan musiqiləri və müğənniləri türkiyəli gənclər arasında bu qədər sevilməyə başladı. Hamısı “YouTube” kanallarına girir, musiqilərimizi dinləyir, xoş sözlər yazırlar. Düzdür, daha çox bayağı musiqilərimizə qulaq asırlar. Amma Akif İslamzadədən Miri Yusifə qədər tanıyıb, dinləyənlər var. Bizim musiqi zövqümüzün, musiqimizin dərinliyini özləri də ən üst səviyyələrdə dəfələrlə etiraf ediblər. Burda yolda gedərkən də, kafelərdə, radiolarda Azərbaycan musiqilərini tez-tez eşidə bilərsiniz. Məncə, Mədəniyyət Nazirliyimiz musiqimizlə bağlı “yutub”da xüsusi layihələr gerçəkləşdirməlidi. Buna çox ehtiyac var.

 

 

- Ədəbiyyatımız da bu 30 ildə heç cür Türkiyə mühitinə çıxa bilməyib. Sizcə, nə etməliyik?

 

- Təəssüflər olsun ki, Füzuli, Nəsimi, Bəxtiyar Vahabzadə, Sabir Rüstəmxanlı, Rüstəm Behrudi və bir neçə digər şairdən başqa heç kimi tanımırlar. Onların da tanınması kütləvi deyil. Nəsr nümunələrimizdən dar çərçivəni saymasaq, ümumiyyətlə, xəbərləri yoxdur. Türkiyənin şairləri bütün ölkəni doyuracaq səviyyədə yazırlar. Bir dənə Nazim Hikmətləri bəsdir elə. Nəsrlə bağlı isə əməllicə aclıq var. Hər gün onlarla yeni əsər nəşr edilir, amma yetmir. Burada yaradıcı insanlara həqiqətən dəyər verilir. İnsanlar yazacağı hər cümlənin qiymətli olduğunun fərqindədir. Bizdəki vəziyyət isə məlumdur. Yaradıcı insanlar layiq olduqları qiyməti almırlar, məncə. Bunu siz daha yaxşı bilərsiniz, amma yenə də fikrimi söyləyim. Məncə, bir yazıçının uğurlu əsər yazması etdiyi cəhdlərin sayı ilə də bağlıdır. Bir yazarın bütün əsərləri mükəmməl ola bilməz. Sənin davamlı ən mükəmməli yaratmaq üçün cəhd etməyin lazımdı ki, alınsın. Buna isə zaman və maddi imkan lazımdır. Maddi imkan yetərincə olmayanda məcbursan, zamanını başqa şeylərə xərcləyəsən. Türkiyədə isə tam fərqlidir. Normal tirajla çıxan əsərin qonorarı normal həyat şərtlərinə də yetir. O ki qaldı bizim ədəbi nümunələrin Türkiyədə dərcinə, satışına, tanıdılmasına, bunu qətiyyən ədəbi əsərlərimizin zəifliyi ilə bağlamıram. Kifayət qədər möhtəşəm əsərlərimiz var. Sadəcə, nəşriyyat sistemimiz, bu sahədəki menecerlik keyfiyyətlərimiz lazımınca inkişaf etməyib. İnkişaf üçün mütləq dövlət dəstəyi lazımdır. Məqsədyönlü iş aparılmalıdır. Fikrimcə, təkcə yazarların çabaları ilə nəsə əldə etmək çox uzun və işgəncəli proses olacaq. Amma inanıram ki, sonunda bizim Türkiyə ədəbiyyatını yamsılamayan, sırf öz psixoloji, ictimai durumumuza uyğun, xalqımızın fəlsəfi yanaşmasını əks etdirən əsərlər dünya kitab bazarına ayaq açacaq. Məhz bundan sonra əsərlərimizin Türkiyədə dərci, ədəbiyyatımızın təsiri çoxalacaq. Türkiyəyə gəlmək üçün, dünyaya çıxmağımız lazımdır. Çünki buradakı nəşriyyatların böyük əksəriyyəti bütün dünyada, əsasən də Avropada satılan əsərləri dərc edirlər.

 

- “Yutub” kanalınızda yayılan videolardan bu qənaətə gəlmək olur ki, Türkiyədə yanlış tanınan Azərbaycan sizi çox narahat edir. Sizə dəstək verən, bu sorunun aradan qalxması üçün çalışan başqa kimlərsə varmı?

 

- Burada yaşayan bəzi aktiv azərbaycanlı tələbələr, Azərbaycanda ölkəni təmsil etmək istəyən gənclər arasında yazanlar olur bəzən. Fərqli layihələr həyata keçirirlər. Ancaq mənə dəstək olan kimsə yoxdur, açığı. Evdə özümə az da olsa, şərait yaratmışam. Danışacağım mövzuları araşdırıram, çəkirəm, montaj edib yayıram. Əvvəl az baxılırdı, həvəsdən düşürdüm. Amma sistemli şəkildə, israrla davam etdikcə hər şey qaydasına düşməyə başladı. İndi baxış sayı da, abunə artımı da sürətlə yüksəlir. Xeyli xoş sözlər eşidirəm. Açığı bu kanalı açanda maddi dəstək filan düşünməmişəm. Məni incidən bu idi ki, Azərbaycanda Türkiyəni kifayət qədər tanıyırlar. Hətta Türkiyənin tarixini, ədəbiyyatını heç də özlərindən az bilmirlər. Şəxsiyyətlərinin həyat yollarına bələddirlər. Amma türkiyəli qardaşlarımızın bizimlə bağlı bilgiləri Qarabağ münaqişəsindən o tərəfə keçmir. Bir çoxu Şah İsmayıla, Nadir Şaha nifrət edir. Cənubi Azərbaycanı düşmən gözündə görür. İnsanlarla danışdıqca, onlara tariximizi, mədəniyyətimizi izah etməyə başladıqca, baxdım ki, günah bizdədir. Çünki bu sahədə demək olar ki, kütləvi iş aparılmayıb. Axtarış sistemlərində, sosial şəbəkələrdə Türkiyə türkcəsində düz-əməlli nəsə tapmaq olmur. Olanların çoxu da həqiqəti əks etdirmir. Düşündüm ki, tək-tək kimlərəsə izah etməklə bu iş olmaz. Beləcə “yutub” kanalı açdım. Bəlkə də bir az böyük çıxacaq, ancaq reallıq budur ki, tək olsam da, böyük bir diaspora təşkilatının gördüyündən az iş görmürəm. Hətta daha effektli işlə məşğulam. Çünki hansısa tədbir keçirib, ora 100 adam çağırıb Xocalıdan danışmaqdansa, bir video hazırlayıb milyonlara doğru şəkildə təqdim etmək ölkəmiz qarşısında daha böyük xidmətdir. Sadəcə onlara dövlət maddi dəstək olur, mənə isə özüm.   

 

- Məndə həmişə bir təəssürat var ki, bizdən Türkiyəyə, ordan da bura daha çox fərdi maraqları olan və daha çox bunun üçün çalışan adamlar, işbazlar, bəzənsə, fırıldaqçılar ayaq aça və hərəkət edə bilir. İntellektual mübadilə üçün nələr etməliyik, sizcə?

 

- Bəzən mən azərbaycanlıyam deyəndə, “Oo... Azeriler beni çok dolandırdı” cümləsini eşidirəm. Bunun nə qədər utancverici olduğunu təxmin edərsiniz. Yəni bizimkilər burda, burdakılar da Azərbaycanda çox fırıldaqlar edirlər. Çünki gəlib-gedənlərin çoxu bayaq da dediyim kimi, mədəniyyət daşıyıcıları deyil. Pul qazanmağa gələn birinin məqsədi ancaq və ancaq pul qazanmaq olacaq. Bunun yolunu da öz səviyyəsinə uyğun seçəcək. İnanın, bu şeyləri gördükcə nəinki başqa ölkənin vətəndaşında, hətta özündə də ikrah hissi yaranır. Bəlkə də biz çoxdan mədəniyyətimizi burda tanıda bilərdik. Bu cür şeylər qarşımızı çox kəsir. Bir problemimiz də əsrlərlə susdurulmağımızla bağlıdır. Türkiyəyə gələndən sonra bu açıq-aydın başa düşülür. Utanırıq, çəkinirik, “nə deyərlər?” düşüncəsindən qurtula bilmirik. Sanki gözüqıpıqlığı qanımıza, canımıza hopdurublar. Adi işlə bağlı müsahibələrdə özümüzü təqdim etmək rəsmən əziyyətə çevrilir. Fərd olaraq, özümüzü təqdim edə bilmiriksə, mədəniyyətimizi necə təqdim edəcəyik? Türkiyə insanı isə bizdən çox fərqlidir. Harda olur-olsun, daha ucadan danışır, onun olanı sahiblənir, haqlarını bilir, uşaqdan böyüyə qədər bunun uğrunda mübarizə aparır, sözünü, fikrini ifadə etməkdən çəkinmir.

 

 

- Müqayisədə mədəniyyətimiz necə görünür? Çoxmu yoxsuluq?

 

- Qətiyyən. Bizim mədəniyyətimiz hərtərəflidir. Təbii, Türkiyə böyükdür və imperiya varisidir. Hər bölgəsinin özünəməxsus yeməkləri, rəqsləri, musiqiləri var. Amma nə qədər keyfiyyətli, uğurludur, bu müqayisədə bir az sual altındadır. Bəzi şəhərlərə müasir mədəniyyət güclü təsir etsə də, əksər bölgələrində belə deyil. Üstəlik, bir çox möhtəşəm adətlərin yerini lazımsız ənənələr alıb. Təəssüf ki, Azərbaycanda bu proses Türkiyə seriallarının təsiri ilə getməkdədir. Amma yenə də bizim mədəniyyətimiz daha çoxşaxəli və zəngindir məncə. Çünki biz aldığımız hər şeyi özümüzdə olanla calayıb inkişaf etdirmişik. Cazı da, operanı da, rəsmi də, heykəltəraşlığı da. Hətta musiqi alətlərini də. Di gəl ki, bu üstün xüsusiyyətimizdən heç vaxt faydalana bilməmişik. Türkiyənin isə əsas üstünlüyü əlindəki fürsətləri dəyərləndirə bilməyidir. Turizm, film sektoru kimi sahələrdə dayanmadan inkişaf edir. Bu da onlar üçün dünyaya açılan ən önəmli qapılardır. Türkiyənin adına buna çox sevinirəm.

 

- Yeni proyektləriniz nə ilə bağlı olacaq?

 

- “Nergiz Nene” adlı yutub kanalımda başqa xalqlar tərəfindən assimilyasiyaya uğradılan millətlər haqqında layihə üzərində işləyirəm. İçlərində müxtəlif türk toplumlarından da bəhs ediləcək. Məncə, buna çox ehtiyac var. Çünki dəfələrlə özümüz də buna məruz qalmışıq. Repressiya qurbanlarımızla bağlı layihəm var. Bir də Cənubi Azərbaycan mövzusuna daha geniş yer ayırmağı düşünürəm. Bütün bunlarla yanaşı, bir aydır ki, Azərbaycan, Qarabağ haqqında ən azından Türkiyə auditoriyasına məlumatları düzgün çatdırmaq, türk dövlətləri arasında əlaqələri gücləndirmək üçün bir sayt və “yutub” kanalı yaratmışıq. Yaxın zamanda təqdimatı olacaq. Ümid edirəm, bu işlərin nəticəsində Azərbaycan haqqında bütün xurafatları, mühakimələri doğrularla əvəz edə biləcəyik. Bəzi yazarlarımız artıq yazılarını göndərir. Növbəti mərhələdə bizə dəstək olanların sayının artacağına ümidimiz böyükdür.

 

- Başqa nələr demək istərdiniz bu mövzuda.

 

- Türkiyəni sevirik, bu, danılmazdı. Bura da bizimdir. Buranın insanı da bizdəndir. Amma azərbaycanlı gənclər bir şeyi bilsinlər ki, bura seriallardakı və sosial şəbəkədəki fenomenlərin həyatı kimi ideal, rəngarəng deyil. Əsasən, gənclər və romantik xanımlar üçün deyirəm bunu. Olduqca dindar, mühafizəkar, həyat şərtləri ağır ölkədir. İstanbulda bir çox mədəniyyətin, tarixin bir neçə mərhələsinin insanlar üzərindəki təsirlərini görmək olur. Bəzi bölgələrində insanlar hər mənada müasirdir, yerdə qalanlarda isə nimdaş görüntü, qəlibləşmiş köhnə düşüncələr var. Qısası, bura gəlib romantik kinolardakı kimi həyat sürəcəklərini düşünənlər iki dəfə düşünsələr, daha yaxşı olar.

 

LENT

19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019