Vaqif Bayatlı ilə ad günü gəzintisi - Ayxan yazır...

Vaqif Bayatlıyla ilk dəfə ad günümdə tanış olmuşam. Dostlarla İçərişəhərdə gəzişirdik. Bir də gördüm ki, Elşad Paşasoy məni əli ilə yanına çağırır. Yaxınlaşanda ayağını ayağının üstünə aşıran, qalın qaşlı, üzündə günəş doğan bizim Vaqif Bayatlıyla qarşılaşdım. Sən demə, müsahibə verirmiş göy üzünün şairi.

 

Jurnalist dostumuz məni görüb tanıdı, salamlaşdıq, sonra rica etdi ki, şəkillərini çəkim. Vaqif Bayatlı göy üzünə baxırdı, Elşad Paşasoy obyektivə. Çox qəribə şəkil alındı. Sonra birdən şair məni diqqətlə süzdü:

 

- Sən bizim Ayvazın oğlusan? Eyvaz Əlləzoğlunun...

 

- Bəli, Vaqif müəllim.

 

- Şəklini görmüşdüm qəzetdə. Yazılarını oxuyuram, maraqlı dünyan var.

 

Vaqif Bayatlı məni qucaqladı. İndi fikir verdim ki, o mənim kimi geyinib: cins şalvar, krasovka, göy köynək. Elə bil Vaqif Bayatlı göy üzünü keçirmişdi əyninə. Gülümsünürdü. Onun bir vaxtlar hansısa müsahibədə dediyi sözlər yadıma düşdü: "Mən iki qatarın arasında duranda şeir gəlir sinəmə".

 

Bu fikir qəribə gəlmişdi mənə. İlahi, qatar səslərinin yaratdığı ritmi sən demə, Vaqif Bayatlı öz şeirlərinə hopdurubmuş.

 

- Bu gün mənim doğum günümdür. - dedim. - Sizi görmək mənim üçün ən böyük hədiyyə oldu.

 

- Vayy! - elə təəccübləndi ki, qalın qaşları alnına tökülən saçına dəydi. - Yanımda kitabım var, gözlə.

 

"Yupyumru eşq ilə" kitabını verdi. Sonra bir anlıq fikrə getdi:

 

- Uşaqlar, - yanımdakı dostlara səsləndi. - Siz də bu kitabdan oxuyarsınız. Yanımda təəssüf ki, başqası yoxdur.

 

Sonra bilirsiniz nə oldu? Vaqif müəllim soruşdu ki, hara belə, nəsə planınız var?

 

- Yox, eləcə İçərişəhərdə gəzişirik.

 

- Mən də sevirəm buraları. Hüzur verir mənə.

 

Çevrilib Elşad Paşasoya əl elədi:

 

- Yaxşı, Elşad, görüşərik. Mən cavanlarla getdim.

 

Dostlarım təəccüblə mənə baxdılar.

 

- Vaqif Bayatlı bizimlə yaşıddı elə. - gülümsündüm. - Şeirləri kimi təzə-tərdi.

 

Vaqif Bayatlı ortamıza keçdi, bir qolunu mənim çiynimə keçirdi, o birini də bəxtəvər dostumun çiyninə. İçərişəhərin islanmış küçələrini dolaşdıq. Vaqif Bayatlının əzbərdən bildiyim şeirini də oxudum:

 

Dilərəm Tanrıdan qəlbə dəyməyən,
Uduzub yorulan, udub doymayan,
Ağlaya-ağlaya top-top oynayan,
Qardaşımın üzü köməyim olsun.

Vurduğu topları dəyər dirəyə,
Kimə bir söz desə dəyər ürəyə,
Belə bəxti olan çətin kiriyə,
O da ağlamasın bəs kim ağlasın.

Dərd gəldi - könlünü bağlamaz kişi,
Yaş gəldi - gözündə saxlamaz kişi,
Çox nahaq deyirlər ağlamaz kişi,
Kişi də insandı gözü-könlü var.

Ağla demirəm ki, hər kəlməbaşı,
Dərd olur, söz olur ağrıdır daşı,
Üzündə xəbərsiz qovur yaş-yaşı,
Dörd yanın kişiysə utanma, qardaş!

Dilərəm tanrıdan qəlbə dəyməyən,
Uduzub yorulan, udub doymayan,
Ağlaya-ağlaya top-top oynayan,
Qardaşımın üzü köməyim olsun.

 

Dedik, güldük. Vaqif Bayatlının yaşlı olduğunu o an unutmuşduq. Bizə elə gəlirdi ki, hansısa dostumuzdu, sadəcə saçları cavan vaxtı ağarıb. Onun kefi yaxşı idi, fikir verdim, üzündə hey gülüş vardı. Dostlarım bir az keçəndən sonra utancaqlığı qırağa qoydular. Hətta "Vaqif" deyənlər də vardı ona.

 

Həmin gün Vaqif Bayatlıyla bir qızın eyvanının altında durub saatlarla gözləyə də bilərdik. Bir məktub yazıb içəri də ata, sonra da qaça bilərdik. Ad günümə gəlib çıxmış bu möhtəşəm insanı Tanrının mənə hədiyyəsi kimi qəbul etmişdim.

 

Evə çatanda atama bu gözəl günü danışdım. Sevindi:

 

- Göy üzündən gələn adamla rastlaşmısınız. - dedi. - Vaqif böyük şairdi. Həm də uşaqdı.

 

Xəstələndiyini eşidəndə Vaqif Bayatlıyla keçirdiyimiz o möhtəşəm günü xatırladım. Sonra nəsə ürəyim dözmədi, zəng elədim. Vaqif Bayatlının ogünkü şux səsi zəifləmişdi: "Oğlum..." Kövrəldim, dedim, şair, siz bizim həyatımızın işığısınız, hələ bu işıq çox qaranlıqları aydınlandıracaq.

 

Sonra onun bir şəklindən danışdım. Şəkildə Ramiz Rövşən, Afaq Məsud, Rəşad Məcid də var. Soruşdum ki, o şəkli kim çəkmişdi. Cavaba baxın: "O şəkli Tanrı çəkib..."

 

Tanrıdan bir istəyim var: Vaqif Bayatlını tamam sağalmış, gümrah görüm! Yorğunluq, qocalıq, xəstəlik Vaqif Bayatlıya yaraşmır. Onun işığındakı kölgəni götür, Tanrı. Çox xahiş edirəm!

 

LENT

15 Noyabr 2019
14 Noyabr 2019
13 Noyabr 2019