Millət vəkilinin istefası nələri yada salır?

İstefa etmək bir mədəniyyətdir.

 

Nədənsə imtina etmək, gözü-könlü tox olmaq.

 

Bu bir az gəlib çıxır sufizmə, bir az da buddizmə.

 

Arzular nə qədər çox olursa, xoşbəxt olmaq o qədər çətin olur.

 

Şener Şenin sonuncu filmi yadıma düşür. “Yol ayırımı” filmi. Varlı bir adam qəfil avtomobil qəzasına düşür. Əzazil adam birdən-birə yumşalır, vaxtı ilə əziyyət verdiyi işçilərə yardım etmək istəyir, əvvəllər fikir vermədiyi təbiət bu dəfə ona ecazkar gəlir.

 

O, istefa verir – bütün mal-mülkündən imtina edir, şirkətin rəhbərliyindən gedir. Qərara alır ki, bütün var-dövlətini işçilər arasında bölsün. Təbii, bu ailəsi tərəfindən narazılıqla qarşılanır, ona dəli kimi baxırlar. Elə dəlixanaya da atırlar.

 

Bizdə də istefa, nədənsə imtina etmək qeyri-adi qarşılanır. Sanki sən həyatının ən dəhşətli qərarını vermisən.

 

Sanki sənin üçün həyat artıq bitib.

 

Atam – yazıçı Eyvaz Əlləzoğlunun Gürcüstan səfirliyindəki vəzifəsindən istefa verməsi də evdə söz-söhbət yaratmışdı. Hamı onun yüksək vəzifələr tutacağı bir məqamda bu hərəkəti etməsini qınayırdı.

 

Əslində isə istefa şəxsiyyətin bioqrafiyasını zənginləşdirir.

 

Məncə, bir insana əldə etdiklərinə görə yox, imtina etdiklərinə görə qiymət verilməlidir.

 

Nə qədər çox imtina etmisənsə, nə qədər vəzifədən istefa vermisənsə, o qədər çox insansan.

 

Çərçivələrin yoxdur.

 

Azadsan.

 

Heç kimə bağlı deyilsən.

 

Ancaq qınaq olunacaqsan, sənə dəli kimi baxacaqlar.

 

Olsun.

 

Elə bu yaxında istefa verən millət vəkilinə də güldülər.

 

Bu gülüşün içində həqiqət payı da var.

 

Lakin niyə istefa, imtina yumor hədəfinə gəlsin ki?

 

Bəlkə yumor şəxsin özünədir?

 

Bilmirəm.

 

Bildiyim odur ki, 37 nəfərin öldüyü Sivas qətliamında – yəni Madımak oteli yandırılanda Türkiyənin hökümət nümayəndələri istefaya getmişdi. Etiraf etmişdilər ki, biz bu işdə bacarıqsız olduq, nə qədər adam bizim səriştəsizliyimiz nəticəsində öldü.

 

Doğrudur, istefa bu hadisəni unutdurmadı, amma o istefa ən azından böyüklük idi.

 

Bizim mədəniyyət sahəsində istefaları yada salmaq istəyəndə təəssüf hissi keçirdim.

 

İstefa o tərəflərə çox az-az təşrif buyurubmuş.

 

Məsələn, Yazıçılar Birliyinin sədrliyindən istefa edən İsmayıl Şıxlı.

 

“Azdrama”dan gənc aktyor Hikmət Rəhimova görə istefa verən Fuad Poladov.

 

Ancaq bəzən 30 il bir kürsüdə oturan yazıçıya bunu izah edə bilmirsən.

 

İstefanın bir mədəniyyət olduğunu deyirsən.

 

O isə deyir ki, təzyiqim qalxır, dərmanımı verin.

 

Halbuki imtina və istefa insana daxilən rahatlıq gətirir.

 

Onu böyük insanlığa doğru bir addım yaxınlaşdırır.

 

LENT

15 Noyabr 2019
14 Noyabr 2019
13 Noyabr 2019