Atamın “nemesski” ayaqları - Yaşar Bünyaddan hekayə

Kulis.az yazıçı Yaşar Bünyadın “Atamın ayaqları” hekayəsini təqdim edir.

 

"Tapp..!"

 

Yuxu aparıbmış, küt səsə diksindim. Əvvəl elə bildim yer tərpəndi, damın köhnə dirəkləri uçub yerə töküldü. Onsuz da amanabənd evimiz cüzi yer silkələnməsinə tab gətirməzdi. "Bir gün uçub başımıza töküləcək!" - deyirdi anam. Köhnə idi, təmirsiz. Müharibə başlamasaydı, atam əl gəzdirib abıra salacaqdı. Belə getsə, abıra salınası heç nə qalmayacaq. Yaxşı ki, sənədləri qaydasındaydı, yoxsa bank girovla kredit verməzdi. Buna da şükür...

 

Durdum, kəllə otağa yüyürüb işığı yandırdım. Şükür, dam uçmamışdı. Amma atam yerində yox idi. Ürəyim əsdi. Boş çarpayıya yaxınlaşmağa cəsarət etmədim. "Ata... Ay ata... Har-da-san?" - pıçıldaya bildim. Səsim elə eybəcər çıxdı ki, lap özüm iyrəndim. Bilmirəm belə vəziyyətdə niyə vahimələnirəm. Anam hər dəfə gecə növbəsinə gedəndə: "Ayıq yat, qulağın otaqda olsun" - deyib bərk-bərk tapşırmağından gözümün yuxusunu qovurdum. Yatağanam. Neçə dəfə demişəm ki, nolar, ana evdə olmayanda qoy böyründə uzanım, bir şey istəyəndə, dümsüklə, duracam, razı olmayıb.

 

Döşəməyə sərələnmiş yorğanın altından başını qaldırdı. Bir xeyli gözlərimin içinə baxdı. Heç nə olmayıbmış kimi çarpayının kənarına dirsəklənib dartındı, altdan-altdan, fağır-fağır üzümə baxdı. Gözlərindəki kədəri gizlətməyə çalışırdı. O belə baxanda az qala bütün dünyanı lənətləmək, qurban olum, elə baxma, demək istəyirdim! "Səni zəlil qoyanın evi yıxılsın!.. Dava qızışdıran, görüm, əziz balan qabağına döşənsin! Heç ağ gün görməyəsən!" Anam hər dəfə bu ağır qarğışları yağdıranda anlamaq olmurdu kiminlədi, hər dəfə üzünü naməlum istiqamətlərə tutub ağızdolusu qarğıyır, deyinir, bir də boğazını qəhər boğanda hönkürüb sakitləşirdi. Sakitləşirdi ona görə ki, sözü nəm havaya qarışıb dörd divar arasında qalır, çölə ayaq açmırdı, onsuz da qarğış sahibinə çatmırdı - kar olmuşdu...

 

- Qorxma, - dedi.

 

Əvvəlcə büzüşmüş döşəkağını sahmanladım, yorğanı yerdən yığışdırıb çarpayının üstünə atdım.

 

- Qorxmuram ki... - deyib ona yaxınlaşdım. - Sən... Sən burdasan?..

 

İndi gördüm, alnı döşəməyəmi, dolabın tininəmi dəyib, azca göyərib şişmişdi. "Bircə bu çatmırdı". Elə istəyirdim ki, beş-on yaş böyük olam, belinə girib qucaqlayam, göz qırpımında qaldırıb çarpayısına qoyam! Əllərimi uzadanda gücüm çatmayacağını duyub qollarını boynuma doladı, mənə sarı dartındı, "ya Allah" deyib var gücümlə onu yuxarı qaldıra bildim. Ağırdı. Boğuq səslə ufuldadı. İlahi, ikimizdə bir boydayıq ki?! Çarpayıya uzatdım, başını yastığa söykəyəndə ah çəkdi... Onu özüm kimi balaca, aciz və köməksiz görmək istəmirdim. "Əvvəllər daha məğrur, cəsur görünərdi!" Gözlərim doldu. Fikirləşdim, görəsən, neçə il yaşamalıyam ki, onun itirdiyi ayaqları boyda böyüyəm?..

 

Hamama cumdum, təmiz dəsmal isladıb otağa qayıtdım, alnındakı şişin üstünə qoyub: "İndi keçər," - dedim. Məmnun göründü. Nəsə demək istədi, amma susdu. Əvvəldən çox danışan deyil atam.

 

- İncidir?

 

Başını tərpətdi, "hə". Mən alnını soruşuram, o isə sağ əliylə ayaqlarının kəsilmiş yerini ovuşdura-ovuşdura deyir:

 

- Sızıldayır...

 

İki il keçib əməliyyatından, amma ayaqsız olduğuna öyrəşə bilmir. Mən də. Kim öyrəşər ki? Ayaqla doğulasan, otuz yeddi il üstündə yeriyəsən və bir gün... mərmi qəlpələri ayaqlarını parça-parça edə. Neçə döyüş yoldaşının tikəsi də ələ gəlməyibmiş. "Buna da şükür" - deyirdi hamı. Təsəlliyə bax!.. Həkimlər vaxtında ayaqlarını diz qapağından iki barmaq aşağıdan kəsməsəydi, qanqrena olacaqmış, yəni çürüyəcəkmiş.

 

Neçə ay hospitalın yolunu ölçdük. Anam hara, mən də yanınca. Qabağa düşən, dərdimizə yanan kimsəmiz yox idi. Yarası gec sağalırdı. İynə-dərman baha, pul çatmırdı. Bir yandan da qonşu dükanların nisyə dəftərinə ad yazdırmaqdan xəcalət çəkirdi anam. Həyətin bir küncünə qısılıb ağlamağı bir yana, nisyə aldığı ərzaqları evə gətirənə kimi ölüb-dirildiyini dəfələrlə görmüşəm. Küçədə dükançılarla üz-üzə gələndə başını aşağı salıb ötürdü, elə bilirdi indicə salam verib borcu istəyəcəklər. Bəzi dükançılar, sağ olsun, atama görə hörmət edib pul götürmür, inşallah, sağalar, ayağa durub işləyər, borclu qalmaz - deyə ürək-dirək verir, bəziləri "dəftərə yazın" eşidəndə ağız büzürdü. Hiss edirdim ki, ağız büzənlərin də bizə yazığı gəlir. Bəzən düşünürdüm ki, yəni atam ancaq mənə, anama görə ayaqlarını itirib? Çoxlarına qismət olan firavanlıqdan bizə ovuc içi boyda pay düşməmişdi.

 

Gecələr sübhə kimi dözülməz ağrılardan ufuldayanda, əlli-ayaqlı kişilərlə rastlaşmasın deyə küçəyə çıxmayanda, təbii ehtiyacını ödəmək üçün altına qab qoyulanda, çiməndə... necə əzab çəkdiyini görüb bu dünyaya necə nifrət etməyəsən? Görəsən, bəla yanından ötən bəxti gətirənlər nədən özgələrə qarşı biganədirlər? Bəxt həmişə gətirmir axı?!

 

Yəqin, atam əlil olmasaydı, qaçıb dünyanın o başına gedərdim. Hara olur-olsun! Mənə elə gəlirdi ki, olmadığım, görmədiyim yerlərdə insanlar daha azad, daha xoşbəxt yaşayır...

 

Sən demə, sevincin, kədərin də rəngi, dadı olurmuş! Onları atamın üz cizgilərində görüb tanımışam. Uşaqkən boynuna mindirib otaqboyu fırladanda, yıxılmayım deyə gur saçlarından bərk-bərk tutanda istər-istəməz boynumu əyib onun üzünə baxar, dünyanın ən bəxtəvər atası olduğunu işıq kimi yanan gözlərindən, şaqraq gülüşlərindən, qollarımı sıxan güclü biləklərindən hiss edərdim. Onda atam xoşbəxt idi! Kədər sonralar gəldi və onu mən də tanıdım. Evimizə sevinc yerinə kədər adlı sırtıq, üzlü qonaq gəlmişdi, getmək istəmirdi...

 

Arada başqa qonaqlarımız da gəlirdi; hündür ağ, qara "CİP"-lərdə. "Qızıl Aypara"dan, hansısa partiyadan, bir dəfə də televiziyadan gəlmişdilər. Atama dedilər ki, verilişin sponsoru, - tanınmış adamdı, - sizin üçün ən müasir protez ayaqların alınmasına yardım edəcək. Son döyüşdən, dostlarından danışdı atam. Rejissor kövrəlmişdi, iki dəfə ürək dərmanı içdi. Aparıcı qız son sualını verdi ki, əmi, inşallah, ilk dəfə ayaq üstə sərbəst dayananda nə etmək istərdiniz? Yəqin ürəyinizdən çox şeylər keçir?.. Atam çox fikirləşmədi. Elə bil sualı çoxdan gözləyirmiş, cavab verdi: "Rəqs edəcəm!" Hamı heyrətlə gülümsədi, inşallah - dedi. Anam, öz toyunda belə əl qaldırıb oynamayan atamın cavabına təəccüblənsə də, arzusuna çatacağı günə qurbanlıq əhd elədi.

 

Televiziya işçiləri gedərkən bildirdi ki, həftəiçi vətənpərvərlik verilişində göstəriləcək, mütləq baxın.

 

Heç yadımdan çıxmaz, səhərdən-axşamacan, düz iki həftə televizorun qənşərindən qopmadıq. Verilişlərin heç birindən vətənpərvərlik iyi gəlmirdi. Anam dedi, bəlkə, kanalı səhv salırıq. Allah bilir, göstəriblər, ötürmüşük... Boyat xəbərlər, təkrar-təkrar hava proqnozu, müğənnilərin qayğısız, dəbdəbəli həyatı, yeyib-içmək məclisləri, şit-şit əyləncələrdən, seriallardan savayı heç zad göstərilməyən həmin kanal atamı yaman məyus etmişdi. Onu göstərmədiklərinə görə yox ha, o boyda kanalın dərdimizə, problemlərimizə beş-on dəqiqə yer ayırmadığına görə. Neçə gün dinib-danışmadı. "Tfuu!.. Balaca gədə (rejissoru deyirdi) necə şeyinə doladı bizi?!" deyib, anama tapşırdı ki, televizoru otaqdan çıxartsın. Və o vaxtdan biz televizordan "küsdük".

 

Atam daha davadan söhbət açmadı...

 

Evimizi girov qoyub kredit götürəndən sonra borcların çox hissəsini ödədik. Anam bir qucaq sənəd toplayıb atamın pensiyasını düzəltdirdi. "Qan puludu bu, qanpulu!" - anam hər dəfə pensiyanı alanda belə deyir, əlləri titrəyə-titrəyə pulu atamın ovcuna basır, sanki baxışlarıyla deyirdi: "Olmayan ayaqlarına baxa-baxa bu pula alınan çörəyi necə yeyə bilərəm? İrinə-qana dönər ki?!" Neçə dəfə görmüşəm, atam inadla pulları geri itələyib, səsi titrəyə-titrəyə "borcları vaxtında qaytar ki, qapıma o-bu gəlməsin" - deyirdi...

 

Bərpa mərkəzində ələngə bir əlil arabası vermişdilər. Allah bilir, neçənci ildən qalmaydı. "Bundan Xruşşovun iyi gəlir" - demişdi anam. Kim olduğunu bilməsəm də, başa düşmüşdüm ki, yaxşı adam olmayıb Xruşşov... Bayır-bacaya çıxmağa yararlı olmasa da, küçənin tininəcən apara bilirdim, əsasən də camaatın əl-ayağının çöldən kəsilən vaxtlarda. Atam, dizdən aşağı içi boş şalvarının balağını külək yelləyəndə əlləriylə elə tuturdu ki, kənardan baxan yad baxışlar onun ayaqsız olduğunu bilməsin... Bilinirdi...

 

Doqquz aydı protez ayaqları gözləyirik. Oğlu “kantujenni” qonşumuz Ağasadıq əmi "pul verməsən, ayaqları gözləmə, nemesdər dəqiq millətdi, söz versəydilər, çoxdan göndərərdilər" - deyib anamın başını doldururdu. "Zalım uşağı, öyrəşib, medsestrasından qlavvraçınacan xəstə, özü də ağır xəstə görəndə, elə bil, çiçəkləri çırtlayır, əllərinin içi qaşınır. Oğluma görə maşınımı satmasaydım, dəlixanalıq edəcəkdilər uşağı. Allahımız haqqı, düz deyirəm, yiyəsi olmayan xəstənin vay halına! Əşi, qapıçısı da rüşvət alır ee!.." - bunu da o deyirdi. Çoxu danışırdı ki, Ağasadıq əmi həyatda pisdən başqa heç nəyi görmür. Bəlkə görmək istəmir. Amma anam başıyla onun sözlərini təsdiq edəndə anlayırdım, deməli, pis yaxşıları üstələyib ki, gözə girir...

 

Deyəsən, Ağasadıq əminin proqnozu düz çıxmadı. Mərkəzdən anama zəng eləmişdilər ki, iki günə protezlər gəlir. Anam elə sevinirdi, sanki şəhərin mərkəzində beşotaqlı mənzilə order vermişdilər!...

 

- Ayaqyoluna istəyirdin, ata? - Qəfil soruşdum. Dinmədi. Baxışlarını gizlətməyə çalışırdı. Əlacsızlığından, möhtac olduğundan darıxırdı, sıxılırdı, məncə. Əlbəttə, arabaya mindirib ayaqyoluna apara bilərdim. Bəs sonra? Sonrasını anam yaxşı bilirdi. Birdən çarpayının altına qoyduğu qab yadıma düşdü. Yəqin onu qaldıranda yıxılıbmış. Əyilib götürdüm.

 

- Niyə çağırmırdın? - Cavab vermədi. Məcburi, könülsüz gülümsədi. Bir böyrü üstə çevrilib şalvarının zəncirbəndini açanda başıyla işarə elədi ki, üzünü çevir. Utanırdı. Qabı özünə sarı çəkəndə uzaqlaşdım. Çox çəkmədi ki, isti sidik iyi otağa yayıldı...

 

On dəqiqə qapı dalında gözlədim; qoy rahatlansın. "Bircə anam tez gələydi!"

 

İstəklərini anamdan yaxşı kim bilərdi? Evdə olanda atamı uşaq kimi qucağına alıb divanın bir küncündə oturdar, özü də böyrünə qısılıb dərdləşərdi. Belə vaxtlarda otaqdan çıxardım; qoy xısınlaşsınlar. Neçə dəfə hiss etmişəm ki, onu stula, ya da divana əyləşdirəndə atam anamın belinə sarılaraq pıçıldayıb: "Nolar, heç yana getmə, yanımda qal." Gecə növbəsinə hazırlaşanda da, "bəlkə getməyəsən?" - deyirdi. Bunu başqa yerə yozur, onları birlikdə buraxıb bir bəhanəylə evdən çıxır, məhəllədə veyllənirdim. Sonralar başa düşdüm ki, hər dəfə anam işə gedəndə atam qorxurmuş. Onu atacağından, bir daha geri dönməyəcəyindən qorxurmuş. Tənha qalmaqdan, küçələrdə insanların gur yerində kəsik ayaqlarını nümayiş etdirə-etdirə dilənməkdən qorxurmuş.

 

Bilirdim ki, onun gecə növbəsində işləməsi atamı çox darıxdırır. Yuxusu gözündən tökülsə də yatmırdı, anam evə qayıdanacan rahatlanmırdı. O qapıdan girəndə qonur gözləri parıldayırdı. Dava başlayana qədər işləməsinə razı olmamışdı. "Ev-eşiyə, uşağa, özünə bax, bəsdi, hələ ölməmişəm" - deyərdi. İndi də ölməmişdi atam, ancaq anam işləyirdi; gündüzlər varlıların evində sil-süpürdə, gecələr də çörək sexində. Gecə növbəsində ikiqat pul verirlər, deyirdi, dörd çörək də əlavə. Çörəyin üçünü qonşu Zəhra xalaya satırdı, biri qalırdı bizə.

 

Bir-iki həftə qabaq atam, işlədiyi məmur evindəki şəraitdən ağızdolusu danışan anama söz vermişdi ki, inşallah, “nemesski” ayaqlarım çatsın əlimə, əfəl deyiləm, işləyəcəm, qəşəng “kuxna” mebeli, paltaryuyan, lap qabyuyan da alacam sənə. Anam:

 

- Təki sən ayağa dur, yeri, mən paltarı əlimlə də yuyaram, - demişdi. Bu, atama ləzzət eləmiş, yanına çağırıb anamın əllərindən öpmüşdü...

 

...İçəri keçib qabı götürdüm, aparıb ayaqyoluna boşaltdım, su şırnağında yaxalayıb otağa qayıtdım. İcazə istəyib yanında uzandım. Duyğulu idi. Divardan asılmış toy şəklinə baxıb qüssələnirdi. Yəqin ötən xoş günlərinə qonaq düşmüşdü. Gah ona, gah da şəklə nəzər yetirdim. Mənə elə gəldi ki, şəkildəki atam daha xoşbəxt görünürdü.

 

- Anan gec gələr, - dedi, - hələ saat ikidi.

- Nəsə istəyirsən? - soruşdum.

- Hə, - cavab verdi, - bir az yuxulayaq... Həyəcanlıyam, sabah ayaqlarımla görüşəcəm axı.

 

Dodağı qaçdı. Alnından öpüb çarpayıdan sıçradım, üstünə yorğanı atıb otağıma keçdim. Yerimdə uzanıb atamın sabahdan ömrünün sonunacan doğma sanacağı protez ayaqları barədə düşünürdüm. "Görəsən öz ayaqları kimi görünəcək?"

 

Qulağıma səs gəldi. Deyəsən, onun çarpayısı həzin-həzin cırıldayırdı. Adətən anam evdə olanda bu cür səslər gələrdi... Maraq məni yuxumdan ayırdı. Qalxıb barmaqlarımın ucunda yataq otağının yarıaçıq qapısına yaxınlaşdım. Çarpayı həqiqətən asta-asta cırıldayırdı; onun ayaqları yorğanın altında gah sağa, gah sola hərəkət edirdi. Əgər yuxusunda mərmilər vıyıldasaydı, minalar partlasaydı, belə rahat olmaz, qışqırıb ayılardı. Neçə dəfə tərin-qanın içində oyanıb qışqırdığını, saatlarla özünə gəlmədiyini görmüşdüm axı.

 

Xeyli gözlədim. Hələ də ayaqları hərəkətdəydi. Mənə elə gəldi ki, o, yatmayıb, yata bilmir, güman ki, həyatını həmişəlik dəyişəcək sabahına "xoş gördük" demək üçün hansısa həzin melodiyanın ritminə uyğun rəqsini məşq edirdi. Bəlkə də yuxudaydı və yuxusunda uşaq idi; başının üstündə ulduzlar sayrışır, sevinə-sevinə ağappaq buludların üzəriylə asta-asta atılıb-düşür, seçdiyi nəğməsinin ritminə düşmək istəyirdi, ayaqları da özününküydü... Atam yuxusunda xoşbəxt idi.

 

Onu öz dünyasıyla baş-başa buraxıb yerimə girəndə fikirləşdim: "Görəsən, atamın oynamaq istədiyi sevimli melodiyası hansıdı?"

 

LENT

22 Noyabr 2019
21 Noyabr 2019
20 Noyabr 2019