O rəsmi boyayanlar niyə haqlıdır?

 

Bakıda gender bərabərliyinə aid art-festival çərçivəsində çəkilmiş qraffiti aləmi qatıb bir-birinə.

 

Bilməyənlərə, durumu qısaca anladaq.  Deməli, yarı dağınıq kombinatın divarlarında “Qadın olmaq” şüarı ilə avanqard üslubda qraffittilər çəkilib.

 

Qraffitinin nə olduğunu soruşsanız...

 

Qraffiti divar yazıları, şəkillərlə özünü ifadə edən vizual sənətdir. Onu həm sənət hesab edənlər var, həm də yox. Deyilənə görə, qraffitinin tarixi mağara divarlarındakı rəsmlərin yarandığı vaxta dayanır. Qısaca belə deyək: qraffiti üsyankarlığı ifadə edən rəsm nümunəsidir. Bir qrup gənc əsasən, siyasi mənada, yaxud da cəmiyyətdəki hər hansı bir problemi qabartmaq üçün qraffitidən istifadə edib.

 

İndi isə gələk qalmaqal yaradan qraffitiyə.

 

Birincisi, bilənlər bilir, qraffiti dediyimiz kimi, bəzi müstəvilərdə sənət kimi qəbul olunmur. Yenə deyirik: o, etirazı göstərmək üçün bir vasitədir, sadəcə. 

 

İsveçli xanım rəssam Karolina Falkholt da bu vasitədən geninə-boluna istifadə edib. Mən onun Bakıdakı o “biabırçı” rəsminə baxandan sonra dedim görən başqa nə işləri var. Baxdım və şoka düşdüm. Penis, vagina şəkilləri ilə Avropanın küçələrini bəzəyibmiş. Hələ o şəkillərə baxanda şükür elədim ki, nə yaxşı bizə beləsindən çəkməyib.

 

Çox güman ki, onun transgender çəkməsi və onun çılpaq təsviri qıcıq yaradıb. Sərgidə başqa qraffitilər də var. Əraziyə gedib baxsanız, görərsiniz. Hətta bizim rəssamlar da o sərgidə iştirak ediblər. Hamısı o kombinantlarda yerli-yerindədir. Bircə Karolina bacının çəkdiyini əziz xalqımız bir az abıra salıb.

 

Başa düşürəm, üsyankarlıq, nəyəsə etiraz gözəl şeydir. Sənətdə sərhəd yoxdur, istədiyini çəkməkdə rəssam, istədiyini yazmaqda yazıçı azaddır.

 

Ancaq gəlin bir özümüzə soruşaq:

 

Hər çılğın, çılpaq nümunə sənət ola bilərmi?

 

Məsələn, bizim dostlarımız teatrda soyunub sevişmişdilər.

 

Teatrın boz mühiti üçün bu yenilik idi. Razıyam. Amma və lakin. Onların bu tərs şilləsi sənətə çevrilə bildimi?

 

Tutaq ki, Markiz de Sadı götürək. Onun yazdıqları hansı estetik dəyərlə ölçülməlidir?

 

Yaxud Çarlz Bukovski.

 

Sənət başqa şeydi axı, Yavər.

 

Нет описания фото.

 

Onu da anlayıram ki, nəyisə qabartmaq üçün bəzən sərt formaya ehtiyac duyulur. Lakin bütün bunlar etiraz olaraq qalır.

 

Buna Avropa da sənət kimi baxmır. Sadəcə performans deyib keçirlər.

 

Bizdə o azad mühit formalaşmadığı üçün isə qraffiti qıcıq doğurur.

 

Gedin baxın ora. Niyə bizim insanlar məhz o rəsmi boyayıblar?

 

Düzdü, boyayandan sonra daha çox diqqət çəkib, amma hər halda bu “abıra salmaq” metodu mənə görə isveçli xanımın performansından daha maraqlı olub.

 

Camaatımız özündən asılı olmadan qraffitiyə mentalitetdən gələn don geyindirib. Bu da Avropayla bizim aramızdakı fərqi açıq şəkildə ortaya qoyub. Əslində Karolina buralara Avropanın havasını əsdirmək istəyib, ancaq o hava çox qalmayıb burda. Karolina bilməli idi ki, hər şəhərin öz vizual effekti var. Bakı üçün – hələ üstəlik kombinant üçün o qraffiti, yumşaq desəm, söyüşdür. Elə bil gəlmisən Bakının ara küçələrinə, camaata söyüb çıxmısan.

 

Bizim camaat da “anamız-bacımız görər” janrında qərara gəliblər ki, bu “biabırçı” rəsmdən qurtulsunlar. Nəhayət, onu “az, bir yubkanı aşağı sal, ayaqların görünür, ayıbdı” tərzində bəzəyiblər. Bir sözlə, o İsveçlini eləyiblər azərbaycanlı.

 

Bura bizim şəhərimizdir. Bura Bakıdır.

 

Burdakı insanlar Qobustan qayalarını görüblər, Azıx mağarasını da.

 

Qraffiti bizim altşüurumuzda var əslində. Məsələn, bir nümunə deyim.

 

Əvvəllər (indi bilmirəm, bəlkə hazırda da bu üsul işləyir) divarlara söyüşlər yazılırdı, yaxud kiminsə “oğraş” olduğu bildirilirdi. Yaxud da hansısa bir qızın nömrəsini yazırdılar.

 

Bu, bizim əsl qraffiti nümunələrimiz idi. Bir növ cəmiyyətimizin özünü ifadə formasıydı.

 

İndi Karolina xanım köhnə bazara təzə nırx qoymaq istəyir. Olmaz.  Bu bizə yaramaz.

 

Bizim camaat ən düzünü eləyib. Üstəlik, inciməsin isveçli xanım, mən oradakı digər qraffitilərə də baxdım. O hamısından aşağı səviyyədə idi. Və estetik zövqü pozurdu. İtici görünürdü.

 

Düzdü, bizim camaat “sənətdir,  sənət deyil” söhbətinə görə bu məsələyə münasibət bildirməyib. Təsəvvür eləyirsiniz, oradan keçənlər deyiblər ki, yox e, bu nəsə sənət deyil, gəlin bunu bir az düzəldək.

 

Bu, aksiya (buna belə demək mümkünsə) sadəcə bizim özümüzün ifadəsidir. Və burda təəccüblü heç nə yoxdur. Karolina xanım getsin ayrı yerdə öz sənət əsərlərini yaymağa davam eləsin. Ona ki mane olan yoxdur... 

 

LENT

09 Dekabr 2019
08 Dekabr 2019
07 Dekabr 2019
06 Dekabr 2019