Futbolçu olmaq istədi, rəssam oldu... - Reportaj - Fotolar

Rəssamlar İttifaqında tanınmış rəssam Əli Əliyevin sərgisi keçirilir. İçəri keçirəm. Tək-tük adamlar gözə dəyir. Onlar da xanımlardı. Telefonları rəsm əsərlərini yaddaşa köçürür. Selfi edir, gülümsəyirlər. Bəs Əli rəssam hanı? Qəfil bir xanım yaxınlaşır.

 

- Buyurun, xoş gəlmisiniz. – nəzarətçi xanım dillənir

 

- Əli rəssam yoxdu?

 

- Burdadı, keçin...

 

Rəssamla köhnənin tanışları kimi salamlaşırıq. Əli müəllimdən bir neçə dəqiqəlik icazə istəyib rəsmlərinə göz atıram. Rəsmlərində dağlar, kənd həyatı, almalar, kilimlər, təbiət var. Əsərlərindəki təbiətlə insan arasındakı vəhdəti duyuram. Görək, rəssamın özü nə deyir:

 

“Qərbi Azərbaycanda doğulmuşam. Kənddə böyüdüyümdən təbiət mənə doğmadır. Əsərlərimi birbaşa təbiətlə təmasda olarkən işləmişəm. Vaxt tapan kimi qaçıram kənd yerlərinə.”

 

Rəsmləri uşaqlığımı, Alvan dağlarını xatırladır. Dağlar, yaşıllıq bizi təbiətə səsləyir.

 

- Əli, müəllim heç təbiət qarşısında aciz qalmısınız ki, bunu mən çəkə bilməyəcəm?

 

 

- İnsan həmişə təbiət qarşısında acizdir. Mənim də aciz qaldığım anlar olub. Biz işığı rənglə ifadə edirik.

 

Qonaqlar çoxalmağa başlayır. Rəssamın qonaqları bizə imkan vermir. Onu çox istəyən nə qədər insan var. Bu zaman kəsiyində onun əsərlərinə baxıram. Düşünürəm, xəyal qururam, xatırlayıram...

 

Böyüyəndə rəssam olmaq istəyirdim. Uşaq yaşlarımda ağ vərəqləri boş buraxmazdım. Rənglərə bulaşmış əllərimlə məhəlləmizin yağışlı görüntüsünü, cizgi film personajlarını, futbolçuları, qocaları, ağacları, atları, itləri çəkərdim. Həvəsim dünya səviyyəli idi. Rəsmsiz, rənglərsiz qala bilmirdim. Sonra bilmirəm nələr dəyişdi. Niyə rənglər həyatımı tərk elədi?! Sonra sözlər ilişdi ayaqlarıma və hələ də onları özümdən uzaqlaşdıra bilmirəm. Doğurdanda indiyə kimi bilmirəm ki, niyə mən rəsmdən uzaq düşdüm. Kim məni rənglərdən ayırdı? İnsanlarmı? Həyatmı? Kim? Cavab yoxdu.

 

Əli rəssam da böyüyəndə futbolçu olmaq istəyirmiş, amma tale elə gətirir rəssam olur. Əzim Əzimzadə adına Rəssamlıq məktəbini, ardınca isə Azərbaycan Dövlət İncəsənət Universitetinin Rəssamlıq fakültəsini bitirir.

 

Aha, Əli müəllim təkdi.

 

 

- Necə gedir sərginiz, insanların əsərlərinizə marağı var? Açılışdan razısınız?

 

- Açılışdan tam razı qaldım. Dəvət elədiyim adamlar demək olar hamısı gəlmişdilər. İnsanların marağı çox yaxşı oldu. 90-dək sənət əsərim yer alır. İşlərim əsasən natürmort-mənzərə janrında iriölçülü kompozisiyalardır. Bu kompozisiyalar əsasən milli məişət üslubunda, etnoqrafik səpkidə, real və özünəməxsus janrdadır.

 

Göyçə mahalında doğulan Əli rəssam boya-başa çatdığı yerlərdən yanaşı, Bakı, Xızı, Gəncə və digər yerləri də gəzə-gəzə fırçası ilə əsərlər yaradıb.  “Ramana qəsri”, “Bakıda payız”, “Bakı qışı. Ramana”, “Kəpəz dağı”, “Kiçik Qafqaz dağları”, “Qış. Bakıxanov”, “Qoşqar dağı”, “Beşbarmaq”, “Xızı” kimi işlər ərsəyə gətirib.

 

 

“Azərbaycan naxışları” adlı fərdi rəsm sərgisi keçirilən rəssamın sonuncu sərgisi 2002-ci ildə baş tutub. Səbəbini öyrənək:

 

“59 yaşım var. Yubiley yaşıma 1 il qalırdı. Amma belə şeylərə önəm vermirəm. Gözləmədim. Bu ilə qismət oldu. Rəssamın işləmək qabiliyyətindən asılıdır. Gördüyünüz bu əsərlərin yarısını 5 ildə çəkmişəm. Digərlərini isə tələbəlik illərində çəkmişəm ki, dəyərini itirməyib. Artıq bütün sərgilərimdə iştirak etmək statusu qazanıb.”

 

Əli müəllimin çəkdiyi rəsmlər natürmort-mənzərə janrındadır. Bu janrı Səttar Bəhlulzadə işləyib. İndi Əli rəssamdan başqa heç kim bun janra üstünlük vermir. Rəsmlərinə baxıram. Bir əsəri mənə necə də doğma gəlir. Qarlı bir mənzərə və ev. Ağaclıqların arasında parıldayan qırmızı rəngli ev.

 

 

- Bu ev mənə doğma gəldi...

 

- Bura Göyçədəki evimizdi. Tələbə vaxtımda çəkmişəm. Qar yağmışdı. Mən də bu mənzərəni işlədim.

 

Əli müəllimlə gəzə-gəzə Göyçədən, işlərindən danışırıq. Daha bir əsərinin qarşısında dayanıram. Komputer və kilim. Müasirliyin və milli ənənənin sintezi. Görək rəssam öz işinə nə rəy verib:

 

“Öz stolumun üstünü işləmişəm. Fikirləşdim ki, fərqli bir şey çəkim. Bu rəsmi də yenə öz dəsti-xəttimə bağladım. Yuxarıdan, hardansa kilim gəlir, monitora girir, düşür, hətta  almalar da düşür.”

 

 

Əsərlərində qədimlik, kilim, farmaş, cecim, xalçalar, bir də almalar üstünlük təşkil edir. Naxışlara diqqət yetirsək, görərik ki, qədim türk simvolları, digər millətlərin simvolları da nəzərə çarpır. Amma Əli müəllim deyir, insanlar buna diqqət yetirmir. Baxırlar, zövq alırlar.

 

Rəssam yaradıcılığında naxışlarla bizlərə qədim kökümüzün yerlərini göstərir. Azərbaycan təbiətinin, Şahdağın, Qoca dağının, Kəpəz dağının nəhəngliyi və gözəlliklərini bizə xatırladır. Onlara əsərlərində can verir.

 

 

Əli müəllim emalatxanaya qapanan rəssamlardan deyil. O təbiətlə vəhdət içində olmağı sevir. Belə olanda da yaradıcılığında güllər açır, ard-arda işlər yaradır. Əsərlərinin qəhrəmanları təbiət, dağlardı. Onun mənzərələrində vətənə, təbiətə böyük sevgi duyulur.

 

Əli rəssamla vidalaşmaq vaxtı gəlib çatır. Vaxtın neçə keçdiyini hiss etmirəm. Onunla doğma insanlar misalı sağollaşırıq. Binadan çıxarkən Səttar Bəhlulzadəni xatırlayıram...

 

LENT

11 Dekabr 2019
10 Dekabr 2019
09 Dekabr 2019
08 Dekabr 2019