Tarkovski filmləri nədən bəhs edir?

Kulis.az  Günel Təhməzzadənin tərcüməsində Bijaya Bisvalın “Andrey Tarkovski ekzistensialist kinematoqrafiya filosofu kimi” məqaləsini təqdim edir.

 

Mən başa düşə bilmirəm ki, insanlar həyatın özünün mənasız olması faktını qəbul etdikləri halda, niyə  incəsənətdən məna gözləyirlər” – Devid Linç

 

Tarkovski bir zaman heykəltəraşıdır. O, zamanı sadəcə saat vasitəsilə   məhdudlaşan  bir hesablama quruluşu kimi deyil, fəlsəfi bir konsepsiya kimi anlayır. Zamanın elmi qavrayışı çox kiçikdir və olduqca subyektivdir; o,  bəzən məlul-müşkül gözləməyə düçar olanda, lənətli qeyri-müəyyənliklər sizi aşağı çəkərkən, bəzən də sevgilinin qollarında bir yuxu kimi sürətlə keçir və ya qürubdan, qış yağışından tutmuş çiçəyin üzərindəki damlalara və  pəncərə şüşəsindəki şehə qədər forma dəyişdirir; insanlar üçün zaman bütün narahatlıqların əsas səbəbi olduğu kimi, həm də  xatirə, yaddaş kimi yaraları sağaldan ən yaxşı anti-depressantdır. “Heç bir incəsənət növü kinonun etdiyi qədər zamanı müəyyən edə bilmir. Kino nədir, ancaq zamanla düzəldilən mozaika?” – o deyirdi. “Zaman  hər şeyin baş verdiyi qeyri-müəyyən, yüngül bir ifadə vasitəsi deyil. Biz zamanın özünün sıxlığını hiss edirik”. 

 

Tarkvovski ziddiyətli insan ruhunun dixotomiyalarını təhlil edən ekzistensialist kinemotoqrafiya filosofudur. Onun qəhrəmanları adətən həyatın mənasızlığını əvvəlcədən dərk edən və ağır bir şəkildə onun içindən çıxmaq üçün mübarizə aparan, ölümdən qorxduğu halda ölümə can atan  Dostoyevskiçilərdir, O, fiziki olaraq ən ağrılı əzablarımızı  göstərir, daxilimizi xaricimizə çevirir, məntiqsiz şüurumuzun gözəçarpan bir modelini qurur. Gerçəkdə beynimizin içində qadağan olunmuş  yer olan “Zona” elə bir yerdir ki, biz burada  iki tərəf arasındakı boşluqda körpü qurmaq üçün özümüzü manipulyasiya edərək  mənən və idealistcəsinə prioritetlərimizə qarşı olan ən güclü istəklərimizi ölçüb-biçirik. Tarkovski insan qəlbinin içərisində bir təbiətin olduğunu açıqlayır. Onun simvolları, Toro  kimi beton cəngəlliklər arasında ömür sürərkən qədim dövrə məxsus təbii dincliyin həsrəti çəkənlər, müharibə, texnologiya və müasirliyə nifrət edənlərdir. O həm də təbiətin özünü təsvir edir. Şiddətli qum fırtınaları ilə simvolizə olunan qəzəb, qarla təsvir olunan peşmançılıq, musson yağışları ilə təsvir olunan kədər və gün işığı ilə simvolizə olunan böyük uğur onun hekayələrinin nadir tərəfləridir.

 

 

“Güzgü”  zamanın və yaddaşın axıcılığını nümayiş etdirir, necə ki, keçmişin həsrəti ilə məğlub gələcək bir-birinə qarışır və səpələnir. Elə bir gələcək ki, orada tarix  əbədi təkrarlanır və öz evində aramsız şəkildə ev həsrəti çəkmək hissini yaşayırsan.  O elə irəliləyir ki, elə bil  şüur axını kimi axıb gəlib huşsuzluğa çatırsan,  özünü Arseninin poeziyasında tapırsan və  bu səbəbdən də film sanki  anlardan deyil, misralardan yonulub.  Görüntülü, iztirablı misralar okeandakı dalğalar kimi axır və bir-birinə qərq olur. Obrazların dəyişkən  böhranlı taleləri ilə təlatümə gətirilmiş pərdələrin rəqsində, sürüşüb əldən gedən uşaqlığın yükü altında dağılmış, dəlik-deşik olmuş damlarda,  ən azından təsəvvürlərimizdə azad olduğumuzu xatırladan, yüngülcə yerdən yüksələn və  havada qalan xəyallarda bir poeziya var. Xəyallardan və pis yuxulardan ötüb keçmirsə bəs onda həyat nədir? Baş qəhrəman kainatın insan olmadan da mövcud olduğunu göstərmək üçün çıxıb gedəndə  kamera səhnələrin arxasında dayanır. 

 

İvan anasının kölgəsində böyüyən balaca oğlan olmağı arzulasa da özünü yetkin kişinin həyatını yaşayan yerdə tapır. Ququ quşunun nəğmələr ona mistik görünür, amma qətiyyən  silah səslərindən qorxmur. Ətrafında gedən müharibə  daxilində artıq yenildiyi mənəvi müharibə qədər  ürəyini qanatmır . O müharibə ki, onun döyüş meydanı özü İvanı seçmişdi, İvan deyil. İntiqam istəyən alman məhbusun sığınacağının divarlarında onun yazdığı ismarıcları oxuyan İvan anlayır ki, o özü də intiqam gözləyən bir məhbusdur.

 

 

 “Biz dəliliyin nə olduğunu bilmirik. Onlar adamı üzür, narahatlıq verir, biz onları dərk etməyi rədd edirik.  Ancaq  əlbəttə ki, onlar həqiqətə daha yaxındır”, bu dialoq “Nostalgia”nı qısa şəkildə izah edir. Bu hamının sağlam olaraq qəbul etdiyi insanların dəliliyi ilə dəli adamların müdrikliyinin hekayəsidir. Məşhur bir yazıçı həyatın məqsədini  tapa bilməzkən dəli  adam əlində şamla gölməçəni keçərək dünyanı xilas etmə meditasiyasına yiyələnir. “Solaris” içində peşmançılığın, iblislərin olduğu həyatımızın adsız okeanı barədədir. İnsanın özünü kəşf  və müşahidə etmə öhdəliyindən boyun qaçıraraq başqa dünyanın kəşfinə olan mübtəlalığından bəhs edir. “Qurbanvermə” bizim heyvani ölüm qorxumuzu, siyasət və nüvə silahı ilə ələ keçirdiyimiz dünyada yolumuzu itirməyimizi aşkara çıxarır. Sivilizasiyanın nəbzi şəfqətlə yox, yalnız və yalnız soyuqluqla və ayrılıqlarla döyünür. Andrey Rublev rejissorun şəxsi jurnalının allegorik təmsilçisi kimi görünür. Bilmək istəyir ki, əgər sevmirsə, onda onun bütün hikmətinin dəyəri nədir? Obrazın psixikasının bədii təsviri, dini inancının sınanılması,  şəxsi işlərə regional siyasətin təsiri –bütün bunlar sonda onla yekunlaşır ki, bu davamlı ruhi narahatlıqlara cavabı insanın Tanrı ilə barışmaq cəhdində tapmaq olar.

 

 

 “Stalker” heçnə haqqında filmdir. İncə yolla həyatın məramını göstərir: Yəni, heç nəyi. Zona həyatımızın bütün suallarının təcəssümüdür. O sualların ki, bütün cavablarını bilirik, ancaq rədd etməyi seçirik. Yazdığı ədəbiyyatın heç bir zaman kiminsə həyatını yaxşılaşdırmadığına təəssüf edən yazıçı  hər birimizdə bükülüb qalan özünə ikrahın və özünə şübhənin ən gözəl simvolizmidir. Tarkovski metaforik şəkildə hamımızın həyatına tək bir səhnəylə yekun vurur; biz hamımız  arzularla aşıb daşsaq da onların həyata keçməsini nə dərəcədə istədiyimizə şübhə ilə yanaşan, ömür boyu “otağın” çölündə əyləşən əsəbi canlılarıq. “Şüurum istəyir ki, vegetarianlıq bütün dünyada qələbə çalsın. Ancaq alt şüurum bir parça dadlı ət tikəsinə can atır. O zaman mən nə istəyirəm?” Bu hər şeyi izah edir. 

 

İnqmar Berqman bir dəfə demişdi ki, Tarkovskini bütün rejissorların ən böyüyü hesab edir. Lakin sonra bildirmişdi ki, Tarkovski ömrünün sonuna yaxın elə Tarkovskini təkrarlayır. Onun filmlərində mövzuların təkrarlanmağı barədə fikirlərdə həqiqət olsa da, ekzistensial təşviş, xristianlığa dərin hörmət, fresko sevgisi, film poeziyası, cansız nəsnələrin və  yanıldıcı ahəngsizliyin verdiyi qarşılıq bir daha təsdiq edir ki, onun filmləri onun özü üçün necə də xüsusi idi. Sən Tarkovskini Tarkovski filmindən çıxara bilməzsən. Onun kinemotoqrafiyası bir çox əksər rejissorların mövzularını əhatələyib: Linçin filmlərindəki doğmalıqda yadlıq qorxuları, Berqman filmlərindəki  absurdizm, yapon kinemotoqrafiyasındakı həsrət və ümidsizlik, Akerman və Lars Von Trierin göstərdiyi yalnızlıq. Tarkovski bizim bələdçimizdir: bizi həyatın rahatlığı və fəlakətləri içindən keçirərək arxasınca aparan və birbaşa mesaj və ya şərh buraxmadan həyatı qiymətləndirtdirən bələdçi. Kino işi özünü və Tarkovski  kinosunu  ifadə etməlidir, onun, bizim və bütün bəşəriyyətin üzü kimi yalnız olmalıdır. 

 

https://www.highonfilms.com/andrei-tarkovsky-existentialist-cinematic-philosopher/

 

LENT

19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019