Eyni yerdən şikəst qalır anaların qucağı – Aqşin Evrəndən Yeni Şeirlər

Bu gün tanınmış şair Aqşin Evrənin doğum günüdür. Kulis.az bu münasibətlə onun heç yerdə çap olunmamış iki şeirini təqdim edir.

 

Çevrilmə

(Minimalist şeir)

Görəsən, pambıq kolu nəyi soruşur
tikanına ilişmiş köynəkdən?


***

Antik XXI əsr

Dünyanın siyasi xəritəsinə baxıram:
Bu dünya bircə xəritədə belə al-əlvandı.
Bizi aldadıblar, dost.., bizi aldadıblar.
Əslində, qırmızı rəng yoxdur,
Qırmızı - rəng deyil, qandı.

Əllərinə "Ana" və "Ata" yazıb savaşa gedənlər itirdilər əllərini,
Yəni təkcə əlləri yox, ataları, anaları da yaralandı.
Müharibələrə görə peyda oldu okeanlar dənizlər
- Torpaq insanları bir-birindən
uzaq tutmaqçün aralandı.

Qəribədir:
Torpağın üstündə döyüşənlər, altında qonşu olurlar
Bütün güllər dərilir, dost, bütün güllər dərilir
Ancaq ən birinci məzar üstə qoyulanlar solurlar.

Eyni ağacdan düzəlir tar və silah qundağı
Eyni yerdən şikəst qalır anaların qucağı

...bir də kəpənək zənn edər raketləri gül-çiçək
Görən hansı səs çıxar pianonun dillərini güllələsək?

Yer kürəsinə baxıram:
Əlahəzrət XXI əsr kimyəvi dərmanların üstünə yazır:
"Uşaqların əlinin çatmadığı yerə qoyun"
Göz yaşları içində pıçıldayır Doktor:
"Uşaqları kimyəvi raketlərin çatmadığı yerə qoyun".

LENT

17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019