O yazıdan sonra şeirin daşını atacam

 

Kulis.az Oğuz Ayvazın Müşfiq Şükürlünün “Çağdaş poeziyamız: Bir tabut parazit” yazısına cavabını təqdim edir.

 

Müşfiq Şükürlünün hamını yıxıb sürüyən yazısının başlığını görəndə sevindim.

 

Çünki son vaxtlar ədəbi proseslər durğunlaşıb. Bu cür tənqidi yazılara ehtiyac var. Amma Müşfiqin yazısında naşı yanaşmalar olsa da dediyi fikirlərlə müəyyən qədər razılaşıram. Ad çəkdiyi şairlərdən ən istedadlısı, imzasını təsdiq etmiş Şəhriyar Del Geranini Məmmədbağır Bağırzadənin “Darıxıram” mahnısını ilə tay tutur. Şəhriyarın demək olar zəif şeiri yoxdur. Hər şeirinin yükü, musiqisi var. Həm də Şəhriyar yaxşı “aranjımançı”dır. Xoşuna gəldiyi musiqidən, mahnıdan, şeirdən özünün dəsti-xəttilə şeir yarada bilən tək-tük şairlərdəndir.

 

Müşfiq heç məni təhlil etməyə də lüzum görməyib. Yəqin ki, şerlərimlə dərindən tanış deyil. Demirəm, o yuxarı qatlara çatmışam. Amma saydıqları şairlər arasında özünü yazanlardan biri də mənəm. Əlimi sinəmə vurub iddialı çıxışlar da etmirəm ki, mən şairəm. Ədəbiyyat iddiaların, məqsədlərin olmadığı tənhalıq ərazisidir. Müşfiqə belə pis çıxmasın, bir neçə məsləhətim var: Prustu oxuyacaq qədər dolmamısan. Sən hələ Azərbaycan ədəbiyyatını, nağılları, dastanları, aşıq ədəbiyyatını oxu, sonra keç dünya ədəbiyyatına. Özü də birdən-birə Prusta yox. Bu kiçik ədəbi məsləhətim ona görədir ki, sən istedadlı və işıqlısan.

 

Sən o cüllüt canınla tüfəngin sapını bizlərə tuşladın. Kaş o “ədəbi güllə”lər tez-tez açılsa, ədəbiyyatımızda imzası təsdiq olmayanların iddiası aşıb-daşmaya... O iddianın arxasınca gərək mətn gələ. Amma təəssüf ki, o mətn gəlmir və o adam da bunu bilmir, bilmədiyi halda yenə də özünü şair adlandırır.

 

Bu yazıda istəmirəm ki, ad çəkdiyin şairlərin yaradıcılıqlarını təhlil edəm. Nəyi səhv, nəyi düz yazmısan deyə ağsaqqalıq edəm. Mən nə şairəm, nə ədəbi tənqidçi, nə də yazar. Mən sadəcə oxucuyam. Sənin yazından sonra da şeir yazmağın başını buraxacam. Düz deyirsən, parazit kimi ədəbiyyata özümü dürtüşdürmək istəyirəm.

 

Raskolnikovun baltasını götür kəs mənim kimi parazitləri ədəbiyyatın müvafiq yerlərindən...  

 

Müşfiqə dəstək naminə bir sözüm də var. Gələcək yazısı da gənc yazıçılar haqqında olsun. Görək, Müşfiq nəsr sahəsindən kimləri güllədən keçirəcək?

 

 

LENT

19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019