20 il əvəlin və sonranın dostu

Bir dəfə Kulisin redaksiyasını ömrünün 30 ilini məmurluğa həsr edib təqaüdə çıxan bir şair gəlmişdi. O, qəribə bir söz dedi bizə. Dedi, məmur işlədiyim bu 30 il ərzində ədəbiyyatla ciddi məşğul olmağa vaxt tapmamışam. Bu illər ərzində həyatımı qaydaya saldım. Oğul-uşağımı yerbəyer elədim, indi vaxtım da var, imkanım da, ciddi şəkildə ədəbiyyatla məşğul olmaq fikrindəyəm.

 

İmzasını tanıdığım və maraqlı şeirlərini oxuduğum bu adamın yazdığı şeirlərə göz atdım - ədəbiyyatdan necə aralanmışdısa, elə o havadaydı. 30 il əvvəlin ədəbi-bədii təəssüratı...

 

Qəribə nədir, adam bu 30 ildə rəhmətə gedən bir çox tay-tuşlarını hələ da sağ hesab edirdi. Üstəlik bu 30 ildə ədəbiyyata yeni gələn imzalardan xəbəri yox idi. Elə bil məşhur “Əshabi-Kəhf” mağarasından gəlmişdi.

 

Dostum Səfa Rəşidin bu yaxınlarda çapdan çıxan və təqdimatı keçirilən “Ayrılığı sal yadıma” kitabını oxuyanda da oxşar hisslər yaşadım. O, kitabda yer alan ilk şeirinin ilk misrası ilə məni 20 il əvvələ apardı. Onunla tanış olduğum uzaq 90-ların axırına. Ozamankı ədəbi mühitə.

 

Ömür bitdi gün olmadı mənimki
Bir gülərüz üzdə qalıb min ahım
Bundan belə darıxmağa nə var ki,
Ayrılığı sal yadım, darıxım

Ayrılığı sal yadıma darıxım
Beli kəmər çiçəklərə əlvida
Arzular var, ürəyimdə bir qubar
Açılmayan ləçəklərə əlvida

 

O vaxt ədəbi proses qəzet və jurnallardan çox çayxanalarda qaynayırdı. Dərnəklər, şeir şölənləri, odlu-alovlu məclislər, çay süfrələri...

 

Səfa Rəşid bizdən fərqli olaraq çox sakit, qaradinməz idi. Söz verəndə danışar, şeirini oxuyar, verməyəndə sakitcə oturub qulaq asardı. Bəlkə belə emosiyasız yaşadığı üçün bizdən xeyli cavan qaldı.

 

Image result for səfa rəşid

 

O zamandan imzasını qoruyub-saxlayan və bu günə keçirən dostlardan İlqar Fəhminin, Zahir Əzəmətin, Aqşin Yenisyein, Kənan Hacının, Rövşən Naziroğlunun adını çəkə bilərəm... 

 

Mən Rövşən Naziroğlu ilə lap yaxın idim. Səfa da Rövşənlə yaxın idi. Bu vəsilə ilə bizim də dostluğumuz yarandı. Biz həm də “APİ uşaqları” idik. N.Tusi adına pedaqoji universitetindən söhbət gedir. Rövşən və Səfa orda oxuyurdu, mən bir neçə il əvvəl bitirmişdim. Sonralar Rövşən Naziroğlu universiteti atdı. Səbəbi çox ilginc idi. İmtahanlara girmədiyi üçün çoxlu kəsirləri vardı və bir gün kömək üçün Azərbaycan Yazıçılar İttifaqına müraciət etdi. Anar müəllim zəng edib tapşırdı onu. İşlər qaydasına düşürdü ki, Rövşən bizimlə birlikdə AYB üzvlüyündən imtina etdi. Bu dəfə AYB-nin ozamankı mətbuat katibi Ədalət Əsgəroğlu Anarın köməyini Rövşənin başına qaxdı. Rövşənsə, bu sözü qəbul edə bilməyib universitetə getmədi.

 

Ozamankı ədəbi mühit dağılandan sonra Səfa Rəşidlə əlaqələrimiz kəsildi. Bir də iyirmi il sonra Facebookda qarşılaşdıq. Səfa tamam fərqli sahələrdə işləmişdi. İndi isə İspaniyada yaşayır və işləyir. O, ədəbiyyatdan əlini tamam üzməmişdi. Lakin şeirləri 20 il əvvəlin havasını, o psixoloji əhvalı özüylə gətirirdi. Bəlkə, elə bu şeirlərin çoxu o zaman yazılanlar idi. Mən arada şeirlərini kulisə göndərən köhnə dostuma bu barədə demək istəyirdim ki, birdən onun “Mənsur şeirlər” adı ilə yazdığı silsilə qarşıma çıxdı. Səfa Rəşidin yazımızın girişində adını çəkmədiyin təqaüdçü şairə bənzəmədiyini gördüm. O, ədəbiyyatdan ayrıldığı yerdə qalmamış, “Əshafbi-Kəhf”də dərin yuxuya getməmişdi. Oxumuş, yazmış, öz üzərində işləmişdi.

 

Gün bitdi
Günəş getdiyi yolu bitirdi
Gözlərimsə uzaq yolları...

Balıqlar yuvasına döndü
Kəpənəklər güllərdən qopdu
Quşlar nəğmələrini yarımçıq qoydu
Sahildə qağayılar aradan çıxdı
Ayaqlarımı yandıran qum dənəcikləri
Çırpılmaqdan yorulub üzüqoylu düşdü
Günəş yuvasına gizləndi

 

Səfanın kitabı təkcə özünün keçdiyi yolu əks etdirmir. O həm də bizim nəsil şairlərinin hardan hara gəldiyini bələdçisinə çevrilir. İddiasız, qışqırmayan, Səfanın özü kimi sakit, rahat şeirləri maraqla oxudum. Buna səbəb təkcə Səfanın nəsildaşım olması deyil. Amma etiraf edim ki, öz tay-tuşunu adam bir ayrı ləzzətlə oxuyur. Gözünün qabağında olan bu proses həm də necəsə sənin yaşadığın ömürdən də müəyyən izlər daşıyır.

 

“Ayrılığı sal yadıma” kitabın siz də maraqla oxuyacaqsınız. Buna əminəm.   

 

LENT

16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019