Ad gününü faciəyə çevirən yoxsullar

 

Kulis.az “Əsl kino” layihəsində Pon Çjun Honun “Parazitlər” və   Ceyms Ayvorinin “Altun cam” filmlərini təqdim edir.

 

Cənubi Koreyalı rejissor Pon Çjun Honun “Parazitlər” komediya dramı 2019-cu il  Kann kinofestivalında əsas mükafata Qızıl Palma budağına layiq görülüb.

 

Süjet: Əhvalat yarımzirzəmidə yaşayan, maddi çətinlikləri olan bir ailədən bəhs edir. Ölkədə işsizlikdir və ailə üzvləri azqazanclı işlərlə kifayətlənməli olurlar. Onlar pizza üçün  qutular düzəldir, hərçənd, işlərindəki səliqəsizlik şirkəti  narazı salır. Ailənin oğlu Ki Unun (Uşik Çxve) dostu ondan zəngin ailənin qızını ingiliscədən hazırlaşdırmağı xahiş edir. Hadisələrin sonrakı gedişatında Ki U, zəngin ailənin xanımı Pak Yon Kyönun (Ço Yodjon) güvənini qazanır. Və onun qəribə rəsmlər çəkən balaca oğluna peşəkar rəsm müəlliməsini-bacısı Ki Conu (So-dom Pak) məsləhət görür. Beləcə, Ki Con atası Kimi (Son Kan Ho) ailənin sürücüsü, atası isə arvadını evin təsərrüfat işlərinin peşəkar idarəçisi kimi təklif edir. Əvəzində isə Kimin ailəsi əvvəlki sürücünü və xidmətçini böhtan ataraq işdən uzaqlaşdırırlar. Zəngin Pak ailəsi isə onların bir-birinə qohum olduğundan xəbərsizdir...

 

“Parazitlər” məzmun, süjet oxşarlığına görə Yeni fransız dalğasının parlaq nümayəndələrdinən biri Klod Şabrolun “Mərasim” dramından (1995) təsirlənmədir.  Hər iki film bu fikirləri irəli sürür: sosial şərait fərdi heyvana çevirə, zorakılığa məcbur edə bilər. Mərhəmət, humanizm, meşşanlıq, acgözlük hansısa sosial təbəqənin xarakterik göstəriciləri deyil. Hər iki filmdə aşağı təbəqə onlara mərhəmət göstərən, işə götürən varlı sahiblərinin əmlakını fürsət düşdükcə istehlak edirlər. Sosial ədalətsizliyin qisasını onları talamaqla, istehza etməklə, öldürməklə alırlar. Zahirən mərhəmətli görünən yuxarı təbəqə isə onların ikinci sinif olduğunu necəsə büruzə verir.  Bu mənada əhvalatda konflikt fərdlər  yox, siniflərarasıdır. 

 

 

“Parazitlər”  “Mərasim”dən başqa bir dramaturji gedişi ilə fərqlənir. Kimin ailəsi bu zəngin ailəyə xidmət etmək istəyən başqa bir yoxsul ailə ilə savaşa çıxır, biri digərini qətlə yetirir. Beləliklə, rejissor filminə daha da sarkastik ton verir.

 

Şabrolun “Mərasim” filminin final səhnələrindən birində Jorj ailəsi ilə birlikdə klassik musiqi dinləyir. O, klassik musiqini dinləməyə xüsusi hazırlıq görür, geyinir-keçinir. Onun qulluqçusu Sofi rəfiqəsi ilə birlikdə zənginlərin konsert – həzz mərasimini özlərinin həzzinə cinayət mərasiminə çevirir və bütün ailə üzvlərini öldürürlər. “Parazitlər”in  son səhnələrdən birində isə ailənin kiçik oğlunun dəbdəbəli ad günü mərasimini yoxsul ailələr cinayət mərasiminə döndərir.  Digər yoxsul ailə Kimin qızını, Kimin arvadı isə qızının qatilini öldürür. Və Kim  yoxsullardan gələn qoxuya görə burnunu tutan mister Pakı qətlə yetirir. Əsas konflikt yenə də siniflərarası münasibətə gəlib çıxır. Çünki Kim təsadüfən mister Pakın arvadı ilə, ondan gələn qoxunu ikrahla müzakirəsini eşidir. Onların məhz ikrah və istehzalı münasibəti, onlara ikinci dərəcəli adam kimi yanaşması onun cinayətində rol oynayır.

 

Yaranmış şəraitin qurbanı olan fərdlər yeni texnologiyalardan istifadə edərək yaşamaq uğrunda mübarizə aparır. Şərtlər dəyişir, inkişaf gedir, insan təbiəti dəyişmir və sinfi ziddiyyətlər qalır.

 

Amerika rejissoru Ceyms Ayvorinin 2000-ci ildə ekrana çıxan “Altun cam” filmi Kann festivalının əsas müsabiqəsində iştirak edib.

 

Süjet: Hadisələr XX əsrin əvvələrində İngiltərədə cərəyan edir. İtalyan aristokrat knyaz Ameriqo (Ceremi Nortem) sevgilisi Şarlottanı (Uma Turman) tərk edir. Çünki kasıblaşmış Ameriqo onun zəngin rəfiqəsi Meqqiylə (Keyt Bekinseylailə qurmağı planlaşdırır. Meqqi amerikalı milyardçı Adam Ververin (Nik Nolti) qızıdır. Adam Avropa incəsənətinin vurğunudur və bu əsərlərin kolleksiyasını toplayır. Şarlotta və Ameriqo əvvəl tanış olduqlarını Meqqidən gizləyir. Sonradan Şarlotta Adama ərə gedir. Beləcə Meqqinin ögey anası ilə əri Ameriqo arasında sevgi macərası davam edir. Amma gec-tez ata və qızı xəyanətdən xəbər tutur...

 

 

“Altun cam” zənginlər dünyasındakı fitnələri, gizli ehtiraslarını göstərir. Eyni zamanda nəhəng qəsrlərdə, nəhayətsiz zənginlikdə darıxan, sıxılan adamların tənhalığı, bədbəxtliyi onun əsas motivlərindən biridir. Sevgi və səmimiyyət olmayan yerdə onlar maskalanmağa, oynamağa məcburdur. Buradakı hər dörd personajın öz maraqları var və onların hər biri özünəməxsus şəkildə eqoistdir.

 

Kostyum filmi olan “Altun cam” amerikalı yazıçı Henri Ceymsin eyniadlı romanı əsasında ekranlaşdırılıb.

LENT

19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019