“Bir adamla 30 il evli qalmaq məntiqsizlikdir”

Kulis.az gənc yazar Rəvan Cavidin “İctimai əxlaqsızlığın qurbanı qadın” yazısını təqdim edir.

 

Azərbaycanda və Türkiyədə gündəmə çevrilən qadın zorakılıqlarının başqa bir səbəbi də ictimai mövqeyin olmamasıdır. Ümumiyyətlə, Orta Şərqin bu gün ən böyük problemi ictimai əxlaqsızlıq və sosial mövqesizlikdir. Qəzetləri küçələri süpürən, kitabları tezbazar qəlyanaltılara salfetka olan, televiziyaları ciddi trend yarada bilməyən bir cəmiyyət mütləq bu cür hadisələrə hazır olmalıdır.

 

Biz kütlə olaraq hələ insanın mahiyyətindəki fərdi yaşamaq istəyinə, heyvani instinktlərinə, azadlığına öyrəşə bilməmişik. Xəyanət bizə ona görə dəhşətli görünür ki, biz özümüzü kimlərəsə həsr edir, onun olmaq uğrunda özümüzdən belə keçməyə hazır oluruq. Bu normaldırmı? Əlbəttə, yox!

 

Mahiyyət etibari ilə (və çox güman bu, psixologiyada da belədir) bezən, sıxılan varlıqlarıq (heyvanlarıq). Heç kimdən otuz il sadəcə bir adamla yaşamağı istəmək məntiqsizlikdən başqa bir şey deyil. “Sən mənim həyat yoldaşımsan deyə, ömrünü mənim məzmunsuzluğuma həsr etməyin mütləqdir” düşüncəsi bu gün Emine Bulut faciələrinə gətirib çıxarır.

 

Əxlaq nədi? Əxlaqsız kimdi?

 

Jan Jak Russonun məşhur “İctimai müqavilə” əsərində əxlaqa belə tərif verilir:

 

“Özünə qarşı olunmasını istəmədiyin bir şeyi başqasına rəva görürsənsə, bu əxlaqsızlıqdır”.

 

Əxlaqsızlıq, xalq dili desək, “başqasının işinə burnunu soxmaqdı”.

 

Ailə həyatında da bu keçərlidir. Qarşı tərəfin sənə sevgisi, hörməti, səbri qalmayıbsa, onunla yolunu ayıracaqsan, məsələ bu qədər sadə.

 

Xəyanətin “qisasını almaq” barbarlığımızdan gələn bir şüuraltı implusdur. Fiziki gücü ilə dünyaya hökm eləmək istəyənlərin nəvələri bu gün öz kişi eqoları sınıb deyə bunun əvəzini bu cür kobudluq, heyvaniliklə çıxırlar.

 

Qadının bütün hüquqlarının qorunduğu, onun azadlığının təmin olunduğu, söz haqqının tanındığı toplumlar mədəniyyət flaqmanı olub. Bu gün Avropa ona görə yüksək dəyərlərə və beynəlxalq standartlara sahibdir. Zamanında küçələrə axışan, öz haqqını tələb edən qadınlar bu günün çağdaş mədəniyyətini yaratdılar.

 

Feminist hərəkat bəlkə bizdə də ciddi təşəkkül tapsaydı, bu gün qadın zorakılığının heç olmasa nisbəti azalardı.

 

Yaxın keçmişdə Avropada qadınların nikaha girmə yaşı on dördə qədər endirildi. Bizim cəmiyyətdə bu xəbər belə şərh olundu:

 

“İslam qadını on dörd yaşında ərə verəndə günahdı, Avropada yox?”

 

Əlbəttə, yox!

 

Çünki Avropada on dörd yaşlı qız seksin nə olduğunu bilir, ailə qurmağın mahiyyətini bilir, bəlkə məsuliyyətini bilmir, amma hansı yola getdiyini çox yaxşı anlayır. Sənin ölkəndə, sənin dinində isə on dörd yaşlı qız əlifbanı təzəcə oxuyub bitirir.

 

Ona görə, cəmiyyətin azad seks düşüncəsinə, intim mədəniyyətə ehtiyacı var deyirəm.

 

Bütövlükdə mental dəyərlərimiz bizim azadlığımıza, sonra isə həyatımıza təhlükədir.

 

 

LENT

16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019