Azad seks yeganə çıxış yolumuzdur

Həmişə azad seksin tərəfində olmuşam. Cəmiyyət üçün seks önəmli məsələlərdəndir. Amma, ancaq, lakin... hazırıqmı buna? Bakirəlik söhbətlərinə? Hələ yox. Təəssüf ki, yox. Dünya üçün artıq bu suallar köhnəlib. Yalnız bizim kimi toplumlar üçün hər zaman aktual, ciddidir. Avropada seksə idman kimi baxırlar.

 

Olimpiya oyunları yadınıza düşür, Avropadan gəlmiş qonaqlar necə boylu-buxunlu, mutlu, işıqlı görünürdülər. Ona görə ki, zamanında sekslə məşğul olublar, zamanında istədikləri yerlərdə təhsil alıblar, istədikləri qadınla evləniblər, istədikləri kimi də yaşayırlar. Bizdə isə tərsinədir. İstəmədiyimiz təhsil, qadın, iş və s.

 

Qadına seks maşını kimi baxan kişilər olduğu surətdə azad seks olmayacaq. Azad seks üçün ilk öncə mental və ənənəvi düşüncələr dağılmalıdır. İki insan bir-birilə sevişmək istəyirsə bundan kimə nə?!

 

Bir hadisə eşitmişdim. Deməli, qız sevgilisinin fotolarını telefonunda saxlayırmış. Bir gün qardaşı bu fotoları görür, başlayır qızı o ki var döyməyə. Axşam ata gəlir evə. Hadisədən hali olan kimi o da qızı var gücüylə döyür. Sonra bilirsiniz, nə olur? Qız gecə evdən çıxır və intihar edir.

 

Bu da sizin ailə tərbiyəniz. Namus anlayışınız. Tüpürüm, belə adət-ənənəyə, mentalitetə ki, insan həyatını məhv edir. Hansı ki o insan gəncdir hələ. Onun da sevgiləri, seçimləri, mövqeyi, arzuları var. Və onun bütün istəklərini də elə ən doğma atası, anası, qardaşı məhv edir.

 

Ümumiyyətlə, bu “ər evi” məsələsi nədir belə? Bir qadın mütləq ərə getməlidirmi? Onun tək yaşamaq hüququ yoxdurmu?

 

O qədər təhlükəli cəmiyyətdə yaşayırıq ki, bir qadının tək yaşamasına dözə bilmirik. O qadın təkdirsə, deməli başına iş gələcək, namusunu əldən verəcək, camaatın içində biabır olacaq.

 

Yaşı keçib deyə ona hamı lağ edəcək. Bu qadının yanında mütləq ər sözü durmalı olacaq. O söz olmasa o qadın həmişə əzab çəkəcək, gecələr yuxusu olmayacaq. Hər gün kimlərsə ona bu mövzunu xatırladacaq, xatırladacaq. Bezdirəcək, bezdirəcək.

 

Üstəlik, ona seks maşını kimi baxacaqlar. Küçədə, metroda, iş yerində belə onu seksual ehtiyac ödəyən ləvazimat kimi görəcəklər. Əslində, kişilər də istəyir ki, rahat sevişsin, sevdiyi qadınla yaxın olsun. Bəs kimdir bizim qarşımızı alan? Dediyimiz kimi mentalitet, din, ənənə.

 

Bir dostum vardı, dindardı. Neçə dəfə mənə danışıb ki, evli qadınlarla münasibətdə olmuşam. Deyirəm, bəs necə namaz qılırsan, Allahdan tövbə istəyirsən hər dəfə? Bu sözlərdən sonra susur. Cavab vermir.

 

Bir neçə azğın dindar var ki, az qalırlar qadınları diri-diri yesinlər. Bir hadisə olan kimi çıxırlar qarşımıza ki, namus belə, qadın elə. Özləri cənnətə gedəcək, biz kafirik onsuz da.

 

Namus keşikçiləri, mental təfəkkürlülər qadınların qarşısını alır, qadağalar qoyur.

 

Və yaxud ata övladının universitet ixtisasına belə qarışır. Ona investisiya kimi baxır. Gələcəkdə deyir, oğlum da məni saxlayar.

 

Başqa misal çəkək. Qızı zorla sevmədiyi biri ilə evləndirirlər. Zaman keçir, qadın ərini aldadır. Bu yerdə Platonovun sözü yadıma düşür: “Mən səni çox aldatdım, amma xəyanət etmədim.” Cəmiyyətsə əlində balta qadını fahişə elan edir. Əxlaqsız damğası vurur. Axı bu qadını siz bədbəxt etdiniz, istəmədən evləndirdiniz. Axı onun da ehtiyacları var. Seks də hava, su kimi bizim ehtiyacımızdır. Mən demirəm ki, kimlə gəldi, harda gəldi münasibət yaratmaq olar.

 

Şair demiş, savaşmayın, sevişin.

 

Düşünürəm ki, cəmiyyətimizin inkişafı, tərəqqisi ilk öncə azad seksdən keçir. Əgər buna nail ola bilsək, insanlar nə istədiklərini, necə yaşamaq istədiklərini müəyyən edəcəklər. Sizə deyim, ədəbiyyatımız, mədəniyyətimiz, səhiyyəmiz, təhsilimiz ikiqat inkişaf edəcək. Özü də çox sürətlə. Çünki insan beyni təmiz düşünməlidir. Buna görə seks vacibdir.

 

Ondan sonra biz dünyada gedən proseslərdən, post insandan, robotlardan, Marsdan danışarıq. Hələlik azad seksə nail olaq. Nimdaş qoxulu düşüncələri güllələyək, yerinə istədiyimiz həyatı yaşayaq.

 

Cəmiyyətin sübuta yetirilməmiş fikri ilə oturub-durmaq bədbəxtlikdir. Qohumlarınızın, dostlarınızın, ətrafınızın xoşuna gəlmək üçün deyil, özünüz üçün yaşayın. Bu həyat bircə dəfə verilir adama. Onu doya-doya yaşamaq lazımdır.

 

LENT

16 Noyabr 2019
15 Noyabr 2019
14 Noyabr 2019
13 Noyabr 2019