İşğaldakı evinin açarlarını saxlayan atam

Samirə Əşrəf

 

Bu günlərdə yolumu anamgildən salmışdım. Təzəcə onlara çatıb rahatlaşmışdım ki, qonşuluqda səs-küy qalxdı. Neçə vaxtdan bəri xəstə yatan ortayaşlı kişi üçün Heminqueyin təbirincə desək əcəl zəngi çalınmışdı. 

 

Anam qara paltarını geyinib, yaylığını başına ataraq qonşu qadınlarla birgə hüzr yerinə yollandı. Gün dönənə yaxın qayıdanda bir az ölənin cavanlığına, bir az da oğul, qız toyu görməməyinə vaysınandan sonra məclis ətrafında müşahidə etdiyi əhvalatı olduğu kimi ortalığa söylədi.

 

Yas məclisində anamla yanaşı oturan qadınlardan birinin əlində saxladığı bir topa açarın çoxluğu həm anamın, həm də başqa qadınların diqqətini cəlb edib. Qadın görüb ki, hər kəs onun özü ilə gəzdirdiyi açarlara qəribə nəzərlərlə baxır. O da dözməyib “sirrini” bəyan edir ki, açarların bir hissəsi Bakıda yaşadığl mənzilin, o biri yarısı isə illərdi  işğalda olan rayondakı evinin, həyət bağcasının açarlarıdı.

 

Anam danışır danışdıqca da ermənin qarasına gileylənirdi. Onun giley-güzarının fonunda öz evimizin açarlarını xatırlamağa çalışdım. Hamısı bir ölçüdə, düzümdə olan qızılı rəngli, sovet istehsalı olan açarlar.

 

Açarlarla bərabər atamın sonuncu dəfə evimizdən çıxdığı günü də təsəvvür etməyə çalışırdım. Həmin gün bizim heç birimiz onun yanında olmamışdıq. Yaşadığı evdən ayrılmağın, həyət-bacasına son dəfə göz gəzdirib ah çəkməyin yükünü o, təkbaşına öz çiyinlərinə götürmüşdü. Amma bizə nəql etdiklərindən uşaq yaddaşımda ilişib qalanlardan bilirdim ki, atam son dəfə bağımızda əkdiyi ağacların, pomidor, badımcan ştillərinin dibini suvarıb. Sonra hinin qapısını açıb toyuq cücələri həyətə buraxıb. Otaqların qapılarını isə tək-tək örtüb qıfıllayaraq bir topa açarı da özü ilə götürüb on beş ilə yaxın yaşadığı evindən həmişəlik ayrılıb.

 

Rayon işğal olunandan sonra atam həmin açarları uzun illər möhkəmcə qorudu. Oralara qayıtmaq ümidini son günə qədər itirmədi. Bəlkə də yaşlanması, ömrün sonuna doğru getməsi idi onda bu inamı gücləndirən. Bilmirəm... Sonra atam xəstələnib yatağa düşdü, açarlar da yadından çıxdı. Qaldı canının hayına. Həmin açarlar yeni-yeni doğulan nəvələrinin oyuncaqlarına çevrildi. Günlərin birində isə oyuncaq kimi istifadə olunan topdağıtmaz evin açarları itə-bata düşdü, yoxa çıxdı. Onda atam da artıq bu dünyada yox idi...

 

İllərlə torpağının, evinin həsrətini çəkə-çəkə nə vaxtsa geri qayıdıb evinin qapılarını açmağı arzulayan atamın arzuları taleyin oyununa çevrildiyi kimi, açarlarımız da övladlarımızın oyuncağına çevrilmişdi.

 

 

LENT

19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019