İsa Muğannanın qızı od püskürdü: “Bu, atama və bizim ailəyə qarşı təhqirdir!” – Müsahibə

Kulis.az Xalq yazıçısı İsa Muğannanın qızı, BDU-nun müəlliməsi, filoloq Sevinc Muğanna ilə söhbəti təqdim edir.

 

- Sevinc xanım, Firudin Qurbansoyun Kulis.az-a müsahibəsi səs-küy yaratdı. Orada atanız İsa Muğanna haqda da kəskin fikirlər səsləndirib.

 

- Müsahibəni oxudum. Açığı, ilk baxışdan müsahibə bir qədər əsəblərimə toxundu. Təbii ki, İsa Muğannanın varisi kimi, onun yadigarı kimi cavab verməyi özümə borc bildim. Mən bunu tək özümə yox, ailəmizə, Muğanna soyadına çox böyük təhqir kimi saydım.

 

- Aha... Yəni belə çox təsir etdi sizə?

 

- Hə... İlk baxışdan belə oldu. Ancaq dərinə vardıqda, geniş aspektdən baxdıqda, özümü sakitləşdirməyi bacardım. Həm də atamın söhbətlərini yadıma saldım. Anamın dediklərini xatırladım. Və bir anlıq öz-özümə düşündüm ki, bəlkə də İsa Muğanna qədər Azərbaycanda təhqirlərə, söyüşlərə məruz qalan ikinci yazıçı yoxdur. Bəlkə də olub, mən rast gəlməmişəm. Yəqin indi gənclərimizə bu cür hücumlar olur. Ancaq ən çox təqibə məruz qalan atam olub.

 

- “Məhşər” romanına da İsa müəllimin sağlığında çoxlu hücumlar olub. Hətta “İdeal”a da. Hər halda o dövr üçün yenilik idi və qəbul olunmurdu...

 

- Bəli. Mən ad da çəkə bilərəm. Atamın paxıllığını çəkənlər vardı. “İdeal” romanının ilkin variantı olan “Yanar ürək” çıxanda partiya iclasında atamı partiyadan çıxartmağı tələb eləyən xeyli yazıçılar olmuşdu. Düzü, etiraz edənlər də olub, onların sözünə qahmar duranlar da. Bu söhbəti də çox adam bilir.

 

Image result for isa muğanna

 

- İsa müəllim nə edirdi belə hallarda? Cavab verirdimi o cür adamlara?

 

- Mən bir dəfə özündən soruşmuşdum bunu. Dedim, papa, sənin içindən hayqırmaq gəlmədi? Bir etiraz edəsən, haqqını tələb edəsən? Dedi, yox. Çünki onu deyənlər o qədər mənim dünyamdan aralı, mənim aləmimdən uzaq insanlar idi ki, mən onların səviyyəsinə enmək istəmədim. Mən onlara qıraqdan baxanda gülürdüm.

 

- Bəs siz indi Firudin Qurbansoyun müsahibəsini oxuyanda nə hiss keçirdiniz?

 

- Elə müsahibəni oxuyanda da atamın bu sözləri yadıma düşdü. O adamlar kimi Firudin müəllim İsa Muğanna dünyasından uzaqdır.

 

- Demişdi, “Məhşər” zəif yazılıb, İsa Muğanna Nəsimini anlaya bilməz...

 

- Açığı, mən Firudin müəllimi şəxsən tanımıram. Onu ancaq televiziya verilişlərində izləmişəm və bir insan olaraq hörmət eləmişəm. Firudin müəllimin danışdıqları, söhbətləri mənə maraqlı gəlib. Ancaq onun indi belə bir müsahibə verməsi və İsa Muğanna kimi dahi - bunu mən yox, az qala dünya deməyə hazırdır - Azərbaycan ədəbiyyatına yenilik gətirən bir sənətkar haqda belə bir söz deməsi qəbuledilməzdir. Mən onun fikirlərini İsa Muğannanın ruhuna çox böyük hörmətsizlik hesab etdim. İsa Muğannanın işığı bizim ədəbiyyatın hələ də üstündədir.

 

Image result for məhşər romanı

 

- Bir az sərt yanaşmırsınız ki? Hər halda sadəcə bir fikir bildirib...

 

- Bilirsiniz, bayaq danışdığım o partiya iclası əhvalatında Mirzə İbrahimov atama qarşı çıxanları susdurmaq üçün kürsüyə qalxıb və deyib ki, romanı qanı ilə yazıb, nə istəyirsiniz? İndi mən də Firudin müəllimə deyirəm ki, mənim atam o romanı ürəyinin qanıyla, ruhunun işığıyla, yiyələndiyi biliyiylə yazıb. Atamın dünya elmindən, fəlsəfədən tutmuş ta riyaziyyata, kimyaya, fizikaya kimi xəbəri vardı...

 

- Yəni Firudin bəyin “Nəsimini anlaya bilməz” ifadəsi İsa müəllimə yapışmır...

 

- Bəli... O biliklərə əsaslanaraq romanı yazıb. Bu romana ürəyini verib, həyatını verib, gözünün nurunu verib, əsəblərini, sağlamlığını verib. Ona görə, Firudin müəllimə səslənirəm: atama bu cür söz demək ona hörmətsizlikdir, bu heç, ancaq bu fikirlərinizi atamın sağlığında onun özünə də deyə bilərdiniz. Etirazınızı daha hörmətlə, daha səlis ifadə edə bilərdiniz.

 

- “Məhşər”in zəif olmasını və eləcə də tarixi təhrif etdiyini əvvəllər də deyən olmuşdu. Hətta İsa müəllimin sağlığında da. O da cavabında “mən tarixçi deyiləm, mən bədii əsər yazıram” demişdi.

 

- “Məhşər” romanına zəif demək gülüncdür. Mən adi bir universitet müəllimiyəm, ola bilər o qədər dərindən bilmirəm. Ancaq bu romana ən ciddi yazıçılar, akademiklər və ən əsası xalq qiymət verib. Mənim indi burda romanı təhlil etmək fikrim də yoxdur. Roman Azərbaycan ədəbiyyatında möhürünü vurmuş roman sayılır. Həmişə atam haqda deyirlər ki, o, dünya miqyasında yazıçıdır. Ancaq burda ağrılı bir məqamı da vurğulamaq istəyirəm. Mənim atamı dünyaya çıxartmırlar, tanıtmırlar.

 

Image result for Nəsimi filmi

 

- Nəyə görə, sizcə?

 

- Səbəbini özüm üçün müəyyənləşdirmişəm. Ancaq burda demək istəmirəm. Deyəsən, atamın 80 illiyi idi. Ürfan Ülkü kimi ədəbiyyat adamı atam haqda məqalə yazıb demişdi ki, o, Azərbaycan ədəbiyyatının Folkneridir. İndi Firudin müəllim deyir, bu romanı yaza bilməzdi.

 

- Hətta əlavə edir ki, Etibar Erkin yaza bilərdi. Amma Etibar yazıçı kimi tanınmırdı. Bəlkə ona sifariş etsəydilər, daha yaxşı yazardı.

 

- Etibar Erkin bizim evin ən doğma adamı olub. Biz ailəlikcə onu çox istəyirdik, xətrini əziz tuturduq. Etibar Erkinin özü mənim atama sitayiş eləyirdi. Mən bunu heç nədən çəkinmədən deyirəm. Çünki bunun şahidi olmuşam. Düzdü, məktəbliydim, ancaq onların söhbətlərini dinləmişəm. Görün, Firudin müəllimin dediyi adam atamdan öyrənən adam olub. Etibar Erkin ekstrasens idi, öncəgörənliyinin mən özüm şahidi olmuşam. Mən özüm də pərəstiş etmişəm Etibar bəyə. O isə mənə deyirdi ki, Sevinc, sənin öz atandan xəbərin yoxdur. Birinci, İsa müəllimə sitayiş elə, sonra mənə hörmət edərsən.

 

- Sevinc xanım, “Nəsimi” filmi haqda da fikirlər səsləndirib Firudin bəy. Rasim Balayevin qəzəlləri düzgün oxumamağını qeyd edib...

 

- Mən uşaq vaxtı o qəzəllərin hamısını yaxşı bilirdim. Gəlib atama oxuyurdum, o da deyirdi ki, sən necə gözəl oxuyursan, əruzu necə dəqiq bilirsən. Eləcə də Rasim Balayev. Necə gözəl, necə möhtəşəm oxuyur... Mən onun dediyi qəzəllərə indinin özündə də qulaq asanda həzz alıram. Elə bir möhür vurub ki, ikinci bir adam o qəzəlləri deyəndə mən dinləyə bilmirəm. Mən Firudin bəyin müsahibəsində atama da, Rasim bəyə də, Həsən Seyidbəyliyə də çox böyük təhqir duydum və bu mənə çox pis təsir elədi. Həyatımda özümə təhqir hesab etdiyim şeylərdən biri də bu müsahibə oldu. Firudin bəyin fikirləri. “Məhşər” romanı haqda dedikləri...

 

- Siz Firudin bəyi televiziyadan tanıdığınızı deyirsiniz. Ondan bu cür fikirlər gözləyirdiniz?

 

- Açığı, yox, gözləmirdim. Bu qədər duyumsuzluq olarmı? Bilmirəm buna nə ad verim? Kobudluq da etmək istəmirəm. Bu, mənim nə özümə, nə soyadıma yaraşır. Bu cür peyğəmbər kimi yazıçıya sataşmaq ən azından Tanrı yanında böyük bir günahdır. Hər kəs İsa Muğannanı dərk eləyə bilməz. İsa Muğanna da Nəsimi kimi müasir ədəbiyyatımızda günəş kimi doğmuşdu və o, qüruba enib saralsa da əbədiyyən işığı üstümüzdə qalacaq. Firudin kimi adamların fikirləri isə heç zaman bu günəşə ləkə qondura bilməyəcək. Əksinə, onu daha da böyük zirvələrə qaldıracaq.

 

LENT

06 Dekabr 2019
05 Dekabr 2019
04 Dekabr 2019