Ədəbiyyat insanı əqli inkişafdan saxlayır

 

Kulis.az gənc yazar Müşfiq Şükürlünün “Ədəbiyyat bataqlığı” adlı essesini təqdim edir.

 

Həmsöhbətimdən eşitdiyimdi. Deyir, ədəbiyyat insanı inkişafdan saxlayır. Böyüməyə qoymur.

 

Reaksiyam üsyan eləmək olur. Nə danışırsan?! Mədəniyyətdən vurub təhsildən çıxıram. Sonradan dərindən götür-qoy edirəm. Bəlkə haqlıdır? Niyə də yox? Dediyində bir həqiqət var. Olmamış olmaz.

 

Uşaqlıqdan mütaliə ilə məşğulam. Oxumaq mənimçün vaxt öldürməyə vasitə deyil. Kitab oxumaq bir sevgidir. Qıza məhəbbət kimi. Daxili qüvvə səni buna vadar edir. Oxumağa, sevməyə, yaşamağa. Mən oxuduqlarım damarlarımdan axsın istəyirəm. Söz dilimdə təpik döyməlidir. Bədii sözü hiss etmək mütaliənin birinci qanunudur.

 

Söhbət, əlbəttə, bədii kitabdan gedir.

 

Biz isə dərinlərə gedək. Oxumaq arzusu necə yaranır? Oxuyaraq nəyi dəyişirik? Ən əsası, axı ədəbiyyat bizə nə verir?

 

Son sualdan başlayım. Məncə, bədbəxtlik. Ədəbiyyatla yaşayan biri üçün kitab bədbəxtlik mənbəyidir. Axı o, həyatı yaxından və dərindən dərkə kömək edir. Ədəbiyyat narkotik kimidir. İçkidir. Onun başağrısı, peşmançılığı, paxmeli, aludəçiliyi var.

 

Oxumaq vərdişdir, sözsüz. Yeniyetməlik dövrünəcən ədəbiyyat üzü açmayan birinin sonralar kitab oxumaq qabiliyyəti asanca formalaşmaz. Oxuyar, ancaq az. Çətinliklə.

 

Ədəbiyyat yalnızca oxumaqdan ibarət deyil, əlbəttə. Yazıçılar üçün həm də istehsal sahəsidir. Onlar yaradır. Bu mənada ədəbiyyat və incəsənət cəmiyyətlə bağ deməkdir. Onlar insanların həyatına və ictimaiyyətə təsir göstərir. İndi də bacarırmı? Bilmirəm. Hər halda, hardasa mədəniyyət varsa, orda estetik söz və düşüncə var. Ədəbiyyat məhz bu yüksək amalın qulluqçusudur.

 

Əgər yanlış deyiləmsə, Sartrın Avropada ölüm hökmünün ləğvində rolu olub. Sartrı həm də güclü qələmi olan söz ustadı kimi düşünsək, ədəbiyyatın cəmiyyətə, ictimai quruluşa təsiri danılmazdır.

 

Mən estetika tərəfdarıyam. Yəni ədəbiyyatın cəmiyyətlə birbaşa bağı, sosial məzmunu ilə elə də ilgilənmirəm. Bu, məni çəkmir. Ədəbiyyat mənə görə həyatı daha yaxşı hiss etmək üsuludur. Yeganə üsul budurmu? Əlbəttə, yox. Ancaq mənimçün ən uyğun budur.

 

Bəs həyatı hiss etmək bizə nə qazandırır?

 

Qayıdıram həmsöhbətimin sözünə. Bədii söz insan inkişafının qarşısını alırmı? Beynimiz həmişə uşaq beyni kimimi qalır? Qətiyyətlə razılaşmaq çətindir. Çünki inkişafdan qalmaq deyərkən əgər ədəbiyyatın bədii təxəyyüllə yarandığı, bilavasitə də, oxucunun xəyallar aləmində yaşayıb qaldığı nəzərdə tutulursa, gerçək oxucuları əks arqument kimi irəli sürə bilərəm. Gerçək oxucu reallıqla illuziyanı bir-birindən ayıra bilir. O, həm aldanmaqdadır, həm də bunun fərqindədir.

 

Məncə, məsələ bu deyil. Hətta bu cür olsa da, sorun olmazdı. Çünki əgər ədəbiyyat bizim saflığımızı qoruyursa, mənəviyyatımızı diri və təmiz saxlayırsa, buna ancaq sevinmək olar. Bəs problem hardadır?

 

Ədəbiyyat həyatı hiss etməyə kömək edirsə, onu yaxından və dərindən dərk etməyə yardımçıdırsa, deməli, biz elə həqiqətlərlə qarşılaşacağıq ki, çıxacağı, girişi, yoxuşu enişi yoxdur. Bu, mənasızlıq bataqlığıdır.

 

Hərçənd ki, ədəbiyyat həyatı mənalandırmaqdadır, ancaq həyat özü mütləq qayədən məhrumdursa, onu necə xəlq edə bilərik?

 

Bəli, ədəbiyyat elə həyatın özü kimi mənalana bilər. Qurtuluş ola biməz. Çünki belə bir şey yoxdur. Əksinə, o, bizi daha dərinlərə daldıracaq. Bədbəxtlik dəryasına.

 

 

LENT

16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019