Fikrət Qoca: “Nəsimini öz yazıçılarımız soyub” – Müsahibə

Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi, Xalq şairi Fikrət Qocanın APA-ya müsahibəsi

 

- Fikrət müəllim, bu il AYB-nin 85 yaşı tamam olur. Bununla bağlı hansı tədbirlər nəzərdə tutulub?

 

- Böyük tədbir keçirməyi planlaşdırırıq. Bildiyiniz kimi, bu il “Nəsimi ili” elan olunub. Onunla bağlı dövlət səviyyəsində tədbir keçiriləcək. Biz də həmin ərəfədə AYB-nin 85 illiyini keçirmək niyyətindəyik. Çünki bunlar elə tədbirlərdir ki, qonaq dəvət etmək lazım olacaq. Ona görə düşünürük ki, iki dəfə xərcə düşməmək üçün qonaqlar Nəsiminin yubileyinə gəlmişkən onları AYB-nin 85 illiyinə də dəvət edək.

 

- Yubileyi Nəsimi tədbiri ilə eyni vaxtda keçirmək istəyirsiniz?

 

- Eyni yox, hardasa üç gün fərqlə. Qonaq da gəlib tez qayıtmaz. Azərbaycanın gəzməli yerlərini gəzər, həm də biz qonaqdan lazımınca istifadə etmiş olarıq.

 

- Belə çıxır ki, yubiley tədbirinin vaxtı hələ bəlli deyil?

 

- Yox, hələ bəlli deyil. Çünki Nəsimi dövlət tədbiridir. Bizim tədbirin vaxtı da ondan asılıdır.

 

- AYB-nin 85 illiyinə xarici yazıçılardan kimləri dəvət etməyi düşünürsünüz?

 

- Onu indi deyə bilmərəm. Onun üçün gərək AYB-nin yubiley vaxtı dəqiq məlum ola. Hətta ola bilsin 85 illik qurultay ərəfəsində də keçirilsin. Çünki bu il bizim qurultayımız da keçirilməli idi. Belə görünür ki, bu böyük tədbirlərə görə qurultayı gələn ilin əvvəlinə salmalı olacağıq.

 

- Sizcə AYB-nin Azərbaycan mədəniyyət tarixində yeri nədir?

 

- Yazıçılar Birliyi Azərbaycanın ayrılmaz tarixidir. Azərbaycan hansı yolu keçibsə, Yazıçılar Birliyi də həmən yolu keçib. Azərbaycan repressiyadan keçibsə, Yazıçılar Birliyi də keçib, Böyük Vətən müharibəsindən keçibsə, Yazıçılar Birliyi də keçib, bu gün də Qarabağdan keçirsə, Yazıçılar Birliyi də o yolu keçir. Yazıçılar kimdir? Azərbaycan vətəndaşları, Azərbaycanın keçmişini, gələcəyini düşünən insanlar...

 

- Belə fikir də var ki, AYB Azərbaycanın tarixinin təkcə fərəh yeri deyil, çünki onun divarları arasında neçə-neçə yazıçı-şairin repressiya olunması haqqında fərman verilib, haqqında donoslar yazılıb, yersiz ittihamlar səsləndirilib.

 

- Bunu deyənlər boş adamlardır, başları da bir az boşdur. Onların gözü ancaq nöqsan axtarır. Bu həmən Yazıçılar Birliyidir ki, Müşfiqi yetişdirib, Cavid kimi sənətkarı yetişdirib.

 

- Müşfiqin, Cavidin əleyhinə iclaslar da elə burada keçirilib axı...

 

- İndi də keçirilir. Anar müəllimin haqqında hər gün yazırlar. Həmin yazıçılardır da. Bunlar da donosdur. Sadəcə, indi donosa baxan yoxdur. İndi Anar haqqında qəzetlərdə yazılanlar o vaxtı xəlvəti yazılan donoslar kimi bir şeydir. Cavan yazıçılar yazırlar ki, Anar filan pulu yedi. A kişi, pulu dövlət  bankdan banka keçirir. Anar əvvəla sədrdir, bu pula ehtiyacı yoxdur. Anarın maaşı da sizin maaşınızdan çoxdur. Anarın yoldaşı alimdir, yaxşı qazanır. Bunlar bu saat evdə iki adamdırlar, övladları da onlara möhtac deyillər. Anarın nəyinə lazımdır ki, dövlətin ayırdığı pulu yesin. İmkanı olsa, üstünə qoyub camaata verir. O cür də edir.

 

- Cibindən qoyur?

 

- Kimsə gəlir ki, uşağım xəstədir, kömək edin, bizim də bankımız yoxdur, hardan götürürük? Cibimizdən veririk.

 

- Deyirsiniz, o vaxt Müşfiqə, Cavidə qarşı olan repressiyalar indi də Anara qarşı olur?

 

- Təkcə Anara yox, bir-birlərinə qarşı da repressiya edirlər. Bir-birlərinə qarşı söyüş, təhqir yazırlar. Yenə söyüş yazsalar, cəhənnəm, elə şər atırlar ki, 37-də belə şərə görə adamı tutardılar.

 

 

- Onda indiki ədəbi mühitdən razı deyilsiniz?

 

- Mühit həmişə belə olub. Nəsimini kim soydu? Onun paxıllığını çəkən yazıçı yoldaşları. Yüz nəfərdən biri anadangəlmə şair olur, qalanları da onun paxıllığını çəkir. Elə bilirlər ki, o olmasaydı, bunlar şair olacaqdı. Füzulinin dövründə yüzlərlə şair vardı, hanı onların adları?

 

- Sizin də paxıllığınızı çəkənlər çoxdur?

 

- Mən bilmirəm. Vaxtı ilə haqqımda “Kirpi”yə yazı verirdilər ki, Fikrət əruzu pozur, əruza təzə forma gətirir. Mənim də haqqımda yazıblar.

 

- AYB Stalin vaxtı yazıçıları nəzarətdə saxlamaq üçün yaradılmışdı. SSRİ dağılandan sonra bir çox ölkədə yazıçılar birliklərinin funksiyaları məhdudlaşdı, əhəmiyyətini itirdi. Sizcə, bu gün AYB müasir dövrün tələblərinə cavab verirmi?

 

- Çox qəribə sual verirsən. Sən deyirsən ki, dəniz yaxşıdır, yoxsa pisdir? Dənizdə hər şey var: pis də, yaxşı da. AYB də cəmiyyətdir, burda yaxşı da var, pis də. Sən bilən XI əsrdə Məhsəti xanım evində şair məclisi keçirəndə bunu dövlət eləmişdi? Yox. Bunu bizim ruhumuz eləmişdi. Anası Məhsəti xanım olanın XII əsrdə də Nizamisi doğulur. Bizdə ədəbiyyatın bu cür kökü var. Ona görə də çox ölkədə yazıçılar birliyi indi yoxdur. Çünki onların kökü də olmayıb. Amma bizdə var, sadəcə, onu istəməyənlər, düşmənləri də var.

 

- Deməli, AYB-nin fəaliyyəti sizi qane edir?

 

- Əlbəttə. Çox yaxşı fəaliyyət göstərir. AYB-nin on nəfərə yaxın akademik üzvü var. Hansı cəmiyyətin bu qədər akademiki var? Nə qədər millət vəkili olan üzvü var. Bir vaxtlar Yazıçılar Birliyinin üzvü olan millət vəkillərinin sayı iyirmiyə yaxın idi, indi azalıb. İki minə yaxın üzvümüzün arasında bir nəfər də orta təhsilli yoxdur, hamısı ali təhsillidir.

 

- Bəs onda necə olur ki, Siz sədr, katib kimi Yazıçılar Birliyindən razısınız, amma üzvləriniz narazıdırlar?

 

- Onlar da sədr olanda razı qalacaqlar (gülür). Məsələ sədrlikdə deyil. Hər dəfə qurultay yaxınlaşanda həmin cavanlar Anarın əleyhinə danışırlar. İndi qocalıblar, yenə həmin fikirdədirlər.

 

- Anar müsahibəsində deyib ki, qurultayda istənilsə, sonuncu dəfə sədr olar. Siz necə, yenə katib olmaq istəyirsinizmi?

 

- Olsun də, niyə olmasın. Mən də istəyərdim yenə katib olum. Bilirsən, bir var, hansısa ölkənin məşhur yazıçısına yazırsan ki, bizim qurultayımızdır, sizi dəvət edirik, imza: Məmmədağa. Deyəcək, Məmmədağa kimdir? Amma Anar yazılanda tanıyırlar. Məmmədağa cavandır, sədr olmaq istəyir, lap yaxşı, qoy özünü tanıtsın, ondan sonra sədr olsun.

 

- Siz istəyirsiniz növbəti qurultayda da Anar sədr seçilsin?

 

- Mən istəyirəm.

 

- Anar seçilsə, Siz yenə katib olacaqsınız?

 

 - O qalıb üzvlərin seçiminə. Amma istəyərəm, niyə istəmirəm. Bilirsiniz, evdə ölməkdənsə, burda ölərəm. Bura da mənim evimdir. Bura yazıçıların hamısının evidir. Ömrümün xeyli hissəsi evdən çox burda keçib. Evdə arvad-uşağa demədiyim dərdimi burda şair yoldaşlarıma demişəm.

 

- Fikrət müəllim, AYB 1934-də yaranıb, siz də 1935-də doğulmusunuz. Aranızda bir yaş fərq var. Bu yaşınız üçün katib vəzifəsi çətin deyil ki, Sizi yormur?

 

- Ağırdı, amma bizim üçün ən çətini işsiz qalmaqdır. Onsuz da mən işsiz qalmıram, gecə də düşünürəm, gündüz də. Amma burda olanda bir növ cavanlarla ünsiyyətə girirsən deyə məlumatlı olursan.

 

- Deyirəm, bəlkə yaşlanmısınız, katib vəzifəsini yerinə yetirmək Sizə çətin olar?

 

- Tutalım bir xəstəmiz var. O şeyi ki, mən zəng edib nazirdən xahiş edəcəyəm, onu kim edər? Çünki nazir heç olmasa məktəbdə mənim şeirlərimi oxuyub. O mənim sözümü dinləyər. Min dəfə eləmişəm, demişəm, cavan istedadlı şairdi, xəstələnib, ona kömək etmək lazımdır. Və ya kiminsə borcdan işığını kəsiblər. Gəlib xahiş edib zəng vurub tapşırtdırmışam... Hələ ki, işləmək gücüm var.

 

- Fikrət müəllim, işləmək çətin deyilsə, onda necə olur ki, Anar özü vəsiqə verdiyi üzvləri tanımır?

 

- Sən 1800 üzvün hamısını tanıya bilərsən?

 

- Tanıyaram, niyə tanımaram.

 

- Onda gəl sən ol sədr.

 

- Mən heç AYB üzvü deyiləm. Fikrət müəllim, ümumiyyətlə bu gənclər AYB-dən nə istəyirlər?

 

- Bəziləri deyir ki, mənim yazı masam yoxdur. Bilirsən, yazan adam dizinin üstündə də yazar, stolun altında da yazar. Yazan adam əksinə, dəbdəbədən qaçır. Mən bu yaxınlara kimi özümə evdə iş otağı düzəltməmişdim. Çünki ora girəndə elə bilirəm kiminsə qəbuluna girirəm, düşüncə qalmır, azadlıq qalmır.

 

- Bəs bu kabinetdə necə azadlıq qalır?

 

- Bura gəlirəm iki-üç saat otururam.

 

 

- Burda şeir yazırsınız?

 

- Qətiyyən.

 

- Niyə?

 

- Ona görə ki, şeir içəridə yaranır. Burda ancaq bəzi şeirlərimi düzəltmişəm, amma heç vaxt şeir yazmamışam. Burda çox gözəl cavan şairlərin kitablarını oxuyuram.

 

- Mənə elə gəlir ki, AYB ilə gənc nəslin mübarizəsində, nəhayət, yaşlı nəsil qalib çıxdı. Siz necə düşünürsünüz?

 

- Bilirsən, insan doğulandan ölümə doğru gedir. Əgər insan olumla ölüm arasındakı bu məsafədə ölümdən qorxursa, deməli axmaqdır. Onsuz da bilirsən ki, öləcəksən də. Bu səni niyə vadar edir ki, pislik edəsən? Bu məntiqlə yaşasaq, dünyada oğru olar? Yox. Bu məntiqlə insan yaşasa, dünya nə gözəl olar. Uşaqdan da soruşsan biləcək ki, ölüm nədir. Bax, bu adi məntiqi bilməyən adamlar isə bu gün yaltaqlıq edir ki, sabah ona vəzifə verilsin. Gecə yıxıldın öldün, amma adın həmişəlik qaldı yaltaq. Zəhmətin də batdı getdi. Şair belə şeyləri düşünməlidir, hər saat, hər an.

 

- Deyirsiniz ki, şair vəzifə haqqında düşünməməlidir?

 

- Bəli.

 

- Amma kənardan baxanda mənzərə ayır cürdür. Anar 32 ildir birliyin sədridir, Siz də bir o qədər katibsiz. Bu təzada nə ad verək?

 

- Neyləyək, çıxaq qaçaq? Sən neçə ildir evlisən?

 

- On il.

 

- Bəs kənardan demirlər ki, on ildir bu necə yaşayır? Bezmir?

 

- Müqayisə düzgün deyil axı. Siz Yazıçılar Birliyi ilə evlənməmisiz.

 

- Evlənmişik. Çünki burdan çıxıb getsək də, buranın üzvüyük. Bizə şairliyimizə, yazıçılığımıza görə hörmət edirlər, vəzifəmizə görə yox.

 

- Bu yaxında Prezident AYB-nin Şüvəlandakı Yaradıcılıq Evinin təmirinə 3 milyon manat vəsait ayırdı. Hazırda orda təmir işləri başlayıb?

 

- Artıq təmir işləri başlayıb. Təmir olunandan sonra bizə təhvil veriləcək.

 

- Şabranda da yazıçılar üçün yaradıcılıq evi tikilirdi, orada işlər nə yerdədir?

 

- Orda da tikinti işləri gedir. Yəqin gələn yaya hazır olar.

 

- Bu yaradacılıq evlərinin funksiyaları nə olacaq?

 

- Xaricdən gələn qonaqlar, evi olmayan yazıçılar orda qala biləcəklər. Əsər yazmaq istəyənlər gedib orda həm dincələcək, həm də yaradıcılıqla məşğul olacaqlar. 

 

- O yaradıcılıq evlərinə ancaq AYB-nin üzvü olan yazıçılar gedə biləcək, yoxsa üzv olmayanların da orda dincəlmək imkanları olacaq?

 

- Ora ancaq AYB üzvləri üçün fəaliyyət göstərəcək. AYB üzvü olmayanlar orada dincələ bilməyəcək.

 

- Bir müddət əvvəl də Yazıçılar Birliyinə 800 min manat vəsait ayrılmışdı. Siz o vəsaitin bir hissəsini mükafat kimi xərclədiniz. Bəs birliyin özünün gəlir yeri yoxdur? Birliyin binasının birinci mərtəbəsindəki yer restorana icarəyə verilib. Ordan gələn gəlir hara gedir?

 

- Bir dənə elə aşağıdakı yerimiz var. Onu da restorana icarəyə vermişik. Oradan gələn gəlir də yazıçılara xərclənir. Bu işlərlə mən yaxından maraqlanmıram, onu mühasibatlıqda daha yaxşı bilirlər. Bir də hər il bura yoxlama gəlir, gəlirlər-çıxarlar hamısı yoxlanılır.

 

- Fikrət müəllim bu yaxında gənc yazar İkinci Mahmud ürək tutmasından vəfat etdi. Ondan əvvəl də Mövlud Mövlud intihar eləmişdi. Yaradıcı gənclərin belə vaxtsız getməsinin səbəbini nədə görürsünüz? Bəlkə yaradıcı adamların yaşamaq üçün kifayət qədər şəraitləri olmur, bu da bu cür nəticəyə gətirib çıxarır? Sizcə bu gənclər niyə ölürlər?

 

- Bu həmişə olub. Bu şair-yazıçının həssaslığından irəli gəlir. Amma həyat sən deyən kimi o qədər də qara rəngli deyil... Taledir də. Əli Kərimin balaları da vardı, evi də vardı.

 

 

- Deyəsən axı AYB-nin "çörəyinin duzu yoxdur", gənclər gəlib üzv olurlar, təqaüd alandan sonra çıxırlar. Bu yaxında da üç gənc şairlə Anarın mübahisəsi yaranmışdı. Üzv olmayanların tənqidi yenə başa düşüləndir, üzv olanlar Sizi niyə tənqid edirlər?

 

- AYB ailədir də, ailədə hər şey olur. Tez məşhur olmaq üçün belə edirlər. Amma gərək məşhur olasan ki, sonra sədr qoyalar.

 

- Yazıçılar Birliyi niyə onu tənqid edən gəncləri dərhal üzvlükdən çıxarmaqla hədələyir?

 

- Tənqidə görə deyil, əxlaqsız söz, əxlaqsız fikrə görə Yazıçılar Birliyi üzvlükdən çıxara bilər.

 

- Elşad Barat Çingiz Abdullayev haqqında əxlaqsız heç nə yazmamışdı axı.

 

- Yazmışdı. Xəlvətcə gedib maşınının şəklini çəkmişdi. Bu şair işi deyil, əxlaqsızlıqdır. Çingizin milyon tirajla kitabı çıxır, ordan qazanır.

 

- Bu məsələnin sonu nə oldu, Elçad Baratı üzvlükdən çıxardınız?

 

- Fikrimiz var, çıxarmaq istəyirik. Çünki əxlaqsızlıq edən adamın qabağını almasan, sonra daha pis şeylər edər.

 

- Bu səbəbdən AYB-nin tərkibində Əxlaq komissiyası yaratdınız?

 

- Bəli.

 

- Əxlaq komissiyası nə iş görəcək?

 

- Bizim xalqın əxlaqi dəyərləri var. Bu dəyərlər Yazıçılar Birliyində də qətiyyən pozulmamalıdır. Hansı quruluş olursa-olsun, yazıçı xalqın nümayəndəsidir. Söyüş söyən yazıçıların, əxlaqi qaydaları pozanların əməlləri bu komissiyada müzakirə olunacaq, onlara baxacaqlar. Söyüş yazanlar, bunun kimi gedib Çingizin maşını çəkənlərin əməlləri orda müzakirə olunacaq.

 

- Əxlaq komissiyası dünyadan köçmüş yazıçılar barədə tənqidi fikir deyənləri də təftiş edəcək?

 

- Ölmüş adam haqqında belə şeylər demək əxlaqsızlıqdır.

 

- Məsələn, bəzi gənc şairlərin dediyi kimi “Bəxtiyar Vabahzadə böyük şair deyil, şişirdilmiş şairdir” söyləmək olmaz?

 

- Olmaz. Deyirsənsə, sübut etməlisən.

 

- Sübut da edirlər, deyirlər ki, “Axı dünya fırlanır” misrasının heç bir fəlsəfi yükü yoxdur.

 

- Sən belə yazırsan, sabah biri bunu götürüb rus dilinə çevirdi. Onda necə olacaq, ruslar nə bilir Bəxtiyar kimdir? Onlarda səhv təsəvvür yaranacaq. Onlar nə bilir ki, bunu yazan xəstədir? Bəxtiyara pis şair demək üçün sən gərək Bəxtiyardan yuxarıda dayanasan. Əxlaq komissiyasında oturan adamlar bu cür məsələləri müzakirə edib bir qərara gələcəklər, biz də onların qərarını həyata keçirəcəyik.

 

- Üzvlükdən çıxaracaqsız?

 

- Ya üzvlükdən çıxaracağıq, ya da beş il vaxt qoyacağıq.

 

- Getsin, ağlı başına gəlsin.

 

- Bəli.

 

- Sizcə sözün keşiyində durmalı olan bir təşkilat üçün Əxlaq komissiyası yaratmaq söz azadlığını boğmaq anlamına gəlmir?

 

- Xeyr. Azadlığı başa düşmək lazımdır. Hamımız dünyaya gələndən azad olsaq da, ümumi cəmiyyətdə yaşayırıq. Onun üçün heç kəsin heç kəsi təhqir etmək ixtiyarı yoxdur. Bunun üçün hər xalqın milli xüsusiyyətləri var. Bunları qorumaq da yazıçıların, sənət adamlarının borcudur.

 

- Fikrət müəllim, oğlunuzu qətlə yetirənlər haqqında çıxarılan məhkəmə hökmü ilə razılaşmamışdınız. Bu haqda yazınızda demişdiniz ki, prokuror 19 il iş tələb edib, hakim isə 5 il iş verib. Bununla bağlı sonradan hansısa instansiyalara müraciət elədiniz?

 

- Yox, heç yerə müraciət eləmədim. Bilirsən, Allah göstərməsin, heç kəsin başına gəlməsin. Mənim bir oğlum var idi, ölüb gedib. Bundan sonra yüz oğul öldürsələr də, mənim oğlum dirilməyəcək. O ölənlər də mənim azərbaycanlımdır, elədirmi? Lap tutaq ki, o qatilləri 20 il saxladın, onunla düzəlməyəcək ki. Həbsxanada adam tərbiyə olunur? Yox. Ona görə də kiməsə şikayət etmək istəmədim.

 

- Amma hakimin qərarı ilə barışmadınız.

 

- Heç şübhəsiz. Bilirsən, qərara niyə etiraz eləmədim? Əvvəla yuxarıda bir kişi var, əvvəl-axır öz qərarını çıxarır, hər kəsə elədiyinin qarşılığını verir. Onun nizam-tərəzisi heç vaxt pozulmur, o nizam-tərəzi pozulsa, onda qiyamət çatıb deməkdir. Hələ qiyamətə var.

 

LENT

13 Dekabr 2019
12 Dekabr 2019
11 Dekabr 2019