Sevgim yetim qalıb - kəndsiz, şəhərsiz

 

Təranə Arifqızı

 

Bənd olasıyam

 

Yüküm qarışqa tək ağırdı mənim,

Solum da, sağım da yağıdı mənim,

Qulağım çox sözə sağırdı mənim,

Sözə köklənmişəm, bənd olasıyam.

 

Kirpiklərim oldu gözün hasarı,

Aramıza doldu sözün hasarı,

Bu yaranı qaldır özün, ha sarı,

Ömrümsüz ömrünə tən dolasıyam.

 

Boşluq içindəyəm, yuxu kimiyəm,

Bəlkə sənin üçün çoxu kimiyəm,

Dünyanın firlanan oxu kimiyəm,

Yəqin son mənzildə bənd olasıyam.

         

Danışar

 

Mənə, sus söyləmə, danışmaram mən,
Ağ yolda iz açan qələm danışar.
Qəlbimin sözüdür gözümdəki nəm,
Yanağa süzülən ələm danışar.

 

Uzaq illərimin yaxın dostusan,
Məni qədərinin yaxın dostu san,
Nə bez gileyimdən, nə də, dost, usan,
Sazım nalə çəkər, telim danışar.

 

Özgələr önündə susar, danışmaz,
Sözünü ruhundan asar, danışmaz,
Səbrini bağrına basar, danışmaz,
Dil susar, gözümdə selim danışar.

 

Qoruyar yad sözdən ürək sözünü,
Çalışar tox tuta hər vaxt özünü,
Göz yaşım söndürməz qəlbim közünü,
Yandıqca atəşdə külüm danışar.

 

Zaman, ey Təranə, yağı kimidir,
Həftələr can alan ağı kimidir,
Aylar ayağımın bağı kimidir,
Gün-günə calanar, ilim danışar.

 

Məni

 

Yanında durmuşam, xəyal kimiyəm,

Tut, saxla baxışla, gözündə məni,

Ruhunda açılmış bir yol kimiyəm,

Gəlirəm, bağışla, özün də məni.!

 

Yuxumda az axtar, məni az ara,

Sənsiz cismim düşüb dərdə, azara,

Əlinlə qoy məni, qoşa məzara,

Suya çək yağışla, gözündə məni.

 

Doğransam ruhumla dilim-dilim də,

Kimsəyə “sevdamsan” - deməz, dilim də,

Bir sənin adın var, vallah, dilimdə,

Sən sına sal daşla, dözümdə məni.

 

Deyirsən, gəlmə heç sən mənə sarı,

Sənsizlik ölümdü gözümdə sarı,

Səninlə aramda duran hasarı

Gəl götür barışla, süz indi məni.

 

Baxsan, görərsən ki, viran, söz bağım,

Baxır gözlərimdən toran, göz bağım,

Yazmasam, qan olar yaram, söz bağım!

Sirr oldum bu yaşla, çöz, indi məni!

 

Bu axşam

 

Nə nəğmə oxudum, nə şeir yazdım,

Nə də ki, könlümü aldım bu axşam,

Kirpiyimdə həsrət keçmişə sızdım,

Bulud tək göylərə doldum, bu axşam.

 

Yağdım yağış kimi, keçdim çən kimi,

Saçımın qarasın biçdim dən kimi,

Gəlib lal yerişlə sən ötən kimi,

İzinin tozunda qaldım bu axşam.

 

Vaxtsız gediş, vaxtsız yağan qar kimi,

Bülbülün nəğməsin boğan sar kimi,

Çiçəyi gözündən vuran çor kimi,

Ürəyi kaman tək çaldım bu axşam.

 

Daşı, daş yerindən oynatdı həsrət,

Qaşı, qaş yerindən oynatdı həsrət,

Gözümə yuxu tək daş atdı həsrət,

Ruhunu yollardan aldım, bu axşam.

                     

Qədərim mənim

 

Baxma sən, gözümdə sevgi ağlayır,

Sevincim sənindir, kədərim mənim.

Ürəyim dərya tək coşur, çağlayır,

Nə gözəl yazılıb, qədərim mənim!!

 

Söyüd ağacı tək barsız, bəhərsiz,

Səhərim qaranlıq, gecəm səhərsiz,

Sevgim yetim qalıb, kəndsiz, şəhərsiz,

Gün var ki, dağ boyda hədərim mənim!

 

Bəzən öz-özümə savaş açıram,

Ürək mürgüləyir, yavaş qaçıram,

Özümdən bezirəm, obaş qaçıram,

Bəlkə birdən keçə, qəhərim mənim.

 

Yaş odun parçası ocaq olmadı,

Ocağı olmayan, bucaq olmadı,

Hissim, duyğularım qaçaq olmadı,

Başladı özümə səfərim mənim.

 

Susan könlüm

 

Niyə daş-qaya olmusan,

Yolmu gəlib yorulmusan?

Bu tezliklə yorulma sən,

Küsüb-küsüb susan könlüm.

 

Həyatı oyunmu sandın?

Oyuna düşdün də yandın,

Yanıb, yanıb sən oyandın.

Bir damlacıq susan, könlüm.

 

Damla bulaq oldu belə,

Dəryalara doldu belə,

Ömür bitməz yoldu belə,

Bu həyatı su san, könlüm.

 

Gəl bu ağı seç qaradan,

Ya işıq ol, ya qara dam,

Ya ömürlük qaç qaradan,

Ya biryolluq sus, yan, könlüm.

 

Dilim od tutsun, alışsın,

Odu oduna qarışsın,

Baxsın, gözlərim danışsın,

Danışmayam, susam, könlüm.

 

Bu həyatdı, bu həyat....

 

Güvənmə bu həyata,
Qırılmış cama bənzər,
Ürəyinin sapını,
Haçan istəsə üzər...
                          Müəllifdən.

Alar, aparar səni,
Səndən qoparar səni,
Alar-satar bazarda,
İtirər, tapar səni.

 

Gəlişini saxladar,
Gülüşünü ağladar, 
Ruhu canda laxladar,
Göylərdə çırpar səni.

 

Dərdləri ətək-ətək,
Verər ucun, deyər, çək!
Soyar şirin meyvətək,
Acından dadar səni.

 

Qəmdən qəmə alçalar,
Dəm tutarsan, dəm salar,
Bəm tutarsan, bəm çalar,
Zilindən vurar səni.

 

Xəncər tək yara çəkər,
Dilindən dara çəkər,
Bülbülü xara çəkər,
Zəli tək sorar səni.

 

Daşı daşdan ayırar,
Başı başdan ayırar,
Gözü qaşdan ayırar,
Kirpikdən asar səni.

 

Əl üstünə əl çəkər,
Ləl üstünə ləl tökər,
Dilini edər nökər,
Sözündən pusar səni.

 

Gününü edər bərbad,
Ya da eyləyər abad,
Bu həyatdı, bu, həyat!
Gün gələr udar səni.

 

Tapammırıq özümüzü hələ də

 

İkiliyik bu dünyada hamımız,

SƏN yaratdın bu boyda, bu biçimdə.

Bir özümüz içimizdə yaşayır,            

Bir özümüz insanların içində.

 

Axtarırıq, hələ tapa bilmirik,

Harda qalıb, bu ürəyin iç üzü?

Hey didişir içimiz çölümüzlə,

İndi sən gəl, ayırd elə seç üzü.

 

Bax beləcə, ömrü boyu axtarıb,

Tapammırıq özümüzü hələ də.

Sənin, onun bir üzünə inanıb,

Yaşayırıq həyat adlı belə də.

 

 

LENT

15 Dekabr 2019
14 Dekabr 2019
13 Dekabr 2019
12 Dekabr 2019
11 Dekabr 2019