Səma – Tanrının nəhəng poeziyası... – Aqşindən seçmə şeirlər

Kulis.az Aqşin Yeniseyin şeirlərini təqdim edir.  

Aynurənin ümidsizliyi

Ümidlər daha çox adam şəklində yoxa çıxır,
daha çox adam şəklində yoxa çıxır ümidlər
qızlarını varlı adamlar üçün bəsləyən ailələrin qonşuluğunda
şəkillərə ata deyən bir uşaq böyüyür
əllərinin arxasında gözlərinin qarası.

Qanlı dimdiyini dəmir relslərə çəkən çalağan
bıçağını itiləyən qəssab deyil
quş başqaları üçün öldürməmişdi.
Sevdiyimiz nəğmələrin tayıyıq, vəssəlam.

Gecələr Sahil bağında tütək çalan qaraçı oğlanın içində
yuxulayır dilənçi nəğmələr
o oğlanın oturuşu qədər
ümidsizdir bu şəhər.

Ümidlər daha çox adam şəklində yoxa çıxır
daha çox adam şəklində…

Gecəyarı boş küçəyə suallar

İstəyərdinizmi ürəyiniz adi insan ürəyi olsun?
Yəni bir az daş.
İstəyərdinizmi gözləriniz adi insan gözləri olsun?
Yəni bir az kor
İstəyərdinizmi adi insan kimi ağlayasınız?
Yəni hərdən, aradabir
İstəyərdinizmi pəncərədən adi insan kimi baxasınız?
Yəni intihar etmək üçün yox
İstəyərdinizmi küçədə adi insan kimi dayanasınız?
Yəni getməyə yeri olmayan biri kimi yox
Yoxsa elə sizdə belədir?

Tək adamın fikirləri

Kəlbətinlə kökündən çıxarılmış dişimizin yerində
əmələ gəlmiş xarabanı əlimizlə örtürük.
Vaxtilə burada bir ağrı yaşayırdı.
Yalqız bir ağrı. Bir diş yeri boyda yoxuq artıq həyatda
yoxa çıxmağından utanır adam.
Qolsuzun birisi ziyafət salonunda
pencəyinin boş qolunu cibinə elə səliqə ilə soxub ki
indicə məyus edəcək
olmayan qoluna girmək istəyən qadını
nədənsə həyatın yoxa çıxdığı yerlər
daha çox cəlb edir diqqəti.
Yenicə doğulan körpənin bağırtısı ağlamaq deyil
ağlamaq göz yaşlarının səsidir
bu bağırtı ilə həyat ilk dəfə ağzını cırır
zavallı insan balasının.
Əslində insana «taleyin alnına yazılmışdır» yox,
«taleyin başına qaxılmışdır» demək ən düz və ən qəti
həyatın yoxa çıxdığı yerlər daha çox cəlb edir diqqəti.
İndicə başla bədənin sərhədində
boğaz sözündəki «boğ» feli əmr kimi səsləndi qulaqlarımda
indicə gecə düşdü və görünməz bir əl
pəncərələrin dördkünc yerini kəsdi qaranlıqdan
indicə böyük pişiyin içindən balaca pişiklər çıxdı
indicə ağlıma bir fikir gəldi –
qadını bəzən fahişəyə çevirən analıq hissləri deyilmi?

Üzüyuxari oxunan misralar

Səma – Tanrının nəhəng poeziyası...
Gün batır,
Yoxa çıxır daha bir dost.
Yenə ürəyimizə gecələməyə dönür
Kirayənişin, yorğun ağrılar.
Pillələri yuxarı qalxan xoşbəxtliyin ayaq səsləri
Getdikcə uzaqlaşır.
Gecəni yola vermək üçün ucuz əyləncəyə çevrilir sevgi.
İnsanlar susduqca, susdurulduqca,
Televizorlar daha ucadan danışır evlərdə.
Bizə bu gənc yaşda sevgini, sevgilini yox,
Dostumuzun mədəsini, mədəsindəki qanaxmanı düşünmək yazıldı:
Öləcəkmi, qalacaqmı?
Görən, ölüb, yoxsa sağmı?
Yanımızdan ötən hər kəs bizə “əlvida” deyir,
Saymazyana!
Bəs bizi kim öldürəcək?
Qadınmı, dostmu, özgəmi?
Hansı küçədə, hansı tində, yataqdamı, iş yerindəmi?
Əynimizdə nə olacaq, qısaqol köynəkmi, köhnə pencəkmi?
Siqaret çəkə, yaxud ağlaya biləcəyikmi, ölümqabağı?
Gözlərimiz açıqmı qalacaq, yanımızda kim olacaq?
Neçə gündən sonra tapacaqlar cəsədimizi?
Cibimizdən nə çıxacaq, bıçaqmı, pulmu, sevgi məktubumu?
Polis kimə göstərəcək şəklimizi – bu, omu?
Milçəklər qonacaqmı ağzımızın qırağına?
Qarışqalar daraşacaqmı ayaq barmaqlarımıza?
Üzümüzdə hansı ifadə olacaq ölüykən,
Kədərmi, qüssəmi, qorxumu?
Ölüxana təknəsində çoxmu qalacayıq üzü üstə?
Yarılmaq növbəsi çatacaqmı içalatımızın?
Baxacaqlarmı ürəyimizə,
Yəni “Qara qutu”suna həyatımızın?
Gün batır...
Yoxa çıxır daha bir dost.
Tənhalıq – sevgi bekarlığıdı, qadınla ovunursa!

P.S.

Uşaqlar ağaca yox meyvəyə daş atır.
Müqəddəs olan - daşın özüylə apardığı arzudu
Lazım olan – daşın özüylə gətirdiyi meyvə.

Tarixin qadınına

Harda axtarım səni,
Söylə hansı əsrdə?
Hansı monastırdasan?
Hansı uzaq qəsrdə?

İnkivizitorlarmı
Atıb səni tonqala?
Yoxsa əsir düşmüsən,
əldən gedib son qala?

Yoxsa hansısa sultan
Səni hərəm eyləyib?
İnan, sənin yoxluğun
Bizi vərəm eyləyib.

Ağlaya da bilmirik,
Ağlamaz gözü korlar.
Yoxsa səni qul edib,
Zalım plantatorlar?

Qılıncamı sarılım,
Tüfəngəmi, bilmirəm.
Bu, talemi, sevgimi
İşgəncəmi? Bilmirəm.

Bəlkə, daş-qaş içində
Tarix səni gizləyir.
Çıx gəl, min il bu yanda
Hamı səni gözləyir.

Xoşbəxtsən! Tarixin var
Sənindir qələbələr,
Fatehlər, axan qanlar
Tarixi heç sevmirlər,
Mənimtək qələbəsi,
Fatehi, axan qanı;
Tarixi olmayanlar.

Xoşbəxtsən, xoşbəxt yaşa.
O sən, o da tarixin.
Sənə məktub yollasam
Hansı hərfnən yazım,
Heroqlifnən, ya mixi?

***

Yenə səhər…
Yenə həmin gün şüası
Evdəki tozu göstərir.
Yenə axşam…
Qaranlıq boş çarpayını
Saat doqquzu göstərir.

Nə mənası,
Ölmüşəmmi, qalmışammı?
Heç yadına düşürəmmi?
Kimə lazım,
Təkəmmi, qocalmışammı?
içib miskinləşirəmmi?

Aman-güman
Məndə cəmi bir şəklin var
Baxıram əynin köhnəlib.
Həyatdı da…
Ömür var, şəkilnən keçir,
İnsan var, şəkildə ölür.

Yenə şəhər…
Yenə həmin insan seli…
Kölgələr əyilir camda.
Bəlkə də, biz
Ayrı-ayrı evdən çıxıb
Yan-yana itkin düşürük,
Hər gün eyni izdihamda.

***

Yollar ölümə aparır
Ya gec, ya tez, yolum, yeri
O ağac bizim ağacdı
Otum yeri, kolum yeri.

O dağda bir çən görünür
Çəndə bir itən görünür
Qarşıda vətən görünür
Dizim yeri, qolum yeri.

Bu o kənddir, bu o koma
Bir əl yox gözümü yuma
Çatdır məni son arzuma
Qəlbim, qurban olum, yeri.

Unudulum hamınızın yerinə

İcazə verin, başımı aşağı sallayım
Unudulum hamınızın yerinə.
İcazə verin, sizi atıb getmiş sevgiliniz olum
Puç olmuş arzularınız, ölmüş ümidləriniz olum
Qazanıb itirdiyiniz pulunuz olum.
İcazə verin, hər şeyiniz, hamınız olum,
Günəşə yaltaqlanan kölgəniz olum.
İcazə verin, mən də bir az siz olum.
Gecələr elə şirin yatırsınız ki, elə bil, ölməkdən ötrü darıxırsınız.
Elə bil, yatmağı ölməkdən ötrü öyrədiblər sizə.
Ayrılıq sevginin ifşasıdır.
Biz bir-birimizdə gizlənmişdik sevəndə.
Ayrıldıq... üzə çıxdıq.
Sevgi bizi geyindirmişdi, ayrılıq bizi soyundurdu.
Necə ki, köhnə külək hər il yeni yarpaqlara tökülməyi öyrədir.
İcazə verin, sizə, yəni bir-birini ayağının altına qoyub ucalanlara qoşulmayım,
Xoşbəxtliyin xəndəyinə yıxılmaq üçün.
İcazə verin, mən günə baxmayan günəbaxan olum.

Ayrılıq
 
Gecə...
Boş küçə...
Bir-birimizi axtarırıq gizlicə...
Sevdik
Və nəticə
Heç-heçə...

 

LENT

21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019