Doğum günü və üç fəsil

Kulis.az Müşfiq Şükürlünün “Doğum günü və üç fəsil” yazısını təqdim edir.

 

Zaman keçdikcə nə qara buludlar çəkilir, nə də səmaya sakitlik çökür. Zaman bildiyini eləyir və bizə vermək istəmədikləri sinəmizə çöküb qalır. Qara buludlar çəkilib dağılır və Günəş olmayanda da sakitlik yayılır ruhumuza. Günəşli günlərə ehtiyac duyduqca pərdənin arxasından gülümsəyir bizə Günəş, odu- alovu açıq səma kimi qalır gözlərimizdə. Bax bu zaman mənim gözlərimin önündə qara xatirələrimə möhrünü vuran cavan bir qız canlanır. Fəsillərimə meydan oxuyan, Günəşdən başqa hər şeyi ovcumun içinə qoyan, mənə YAYın həsrətini cilalayan mehriban, sevincli, qəmsiz, kədərsiz bir xanım...

 

Yağışlı, çiskinli bir gündə nəhəng, qalın şüşə pəncərənin önündə dayanıb seyrək insan axınına boyanmış açıq keçidə zilləmişəm gözümü. Qayğılı və qayğısız qrupların içində bir rəng axtarıram. Keçiddən olduqca uzağam. Zaman isə ağır-ağır axıb gedir. Gələcəyi yoxdur, mənsə gözləyirəm. Budur, vaxt tamam oldu və ürək nigaran, ümidsiz, çəlimsiz bir ahənglə döyünür. Artıq zamanı ona vermişəm və gözləməmək üçün bir səbəbim yoxdur. Qəlbimin ahənginə iztirablı, hüznlü bir zümzümə qoşulur və çox keçmir axtarış, nigarançılıq sona çatır. Boz paltarlı, bulud ruhlu bir mələk keçidin kənarından mənim isti, çaxnaşmalı həyatımın, mehriban, rəngarəng xəyallarımın içinə atılır. Əlləri nədənsə səmaya qalxıb rəqs eləyir və yağışın kirpiklərinə səpələnən, açıq, geniş alnını oxşayan damcılarına gülümsəyir. Bütün dünya ona baxır, mənsə onun tələsik, səmavi qaçışına, havanın öpüşünə qərq olan çiskinli əllərinə qovuşub baxışlarımın mənasında yaşayıram. Arxasınca uzun-uzun baxıram, PAYIZ isə boz rəngli paltarın sahibini oğrun-oğrun gizləyir.

 

Zaman dayanır. Xatirələr zamanın axımına bürünən yolları izlədikcə biganə cığırlara boylanır, səndələyib durduqca axarını buraxır, yolsuz-əmirsiz gah yoxuşlu, gah enişli diyarlara yüksəlib səsini-sorağını itirir. Xəyallar sayıqlayıb yuxuya dalır. Zaman yerini dəyişir.

 

Otağın küçəyə baxan pəncərələri nədənsə təzə qanad açan balaca quşların səslərinə doğmalaşır və Günəşin tər-tazə təravəti gənc ruhların erkən dirilişində göz açır... Otaqda insanlar sakit oturub qulaq asır. Bu səs kifayət qədər yüksəkdən danışır və mən bu təkrəngli səs-küyün içində yenə onu axtarıb tapmışam, söhbətin, həmin qısa məhəbbətin sükutu içində itib batmışam... Əlimdə bir qəzet ona yaxınlaşıram. Oxuyacağı yeri göstərib kənara çəkilirəm. Ürəyində sürətli və diqqətli bir şəkildə səbirsizliklə oxuyur( on yeddi yaşlı qızların futbol yarışı keçiriləcək). Qurtarır və həyəcanla dayanıb bu kiçik oyunun sonunu düşünür. Qorxu və ciddiyətlə məni gözləyir. “ Bəlkə səni də bura yazaq?”, - bir cümlə nəfəsimlə üzünə toxunuram və uşaq kimi sevinclə gülür. Mən YAZın gülüşündə və saçlarında dağılıram, Günəş isə sərin- sərin mənə baxır.

 

Yer ağappaq boyandıqca onun üstündə boz paltarlı bir çiçək gəzir. Zaman xatirələrlə yoğrulub axarına düşür, xəyallar cığırlara çəkildikcə həyat bulanıq bir səsin hökmü ilə cildini dəyişir, zaman yorulub əldən düşür.

 

Qar onun üzünə baxıb işıldayır. Onun yaşadığı xəyallarda istəklərim həmişə gələcəyi qabaqlayır. Və gerçəklik də xəyallara baxıb geri çəkilir. Hər şey olacağı kimi olur... Enli, geniş, zərif bir şərf boynuna dolanıb onu qucaqlayır. Yenə o səmavi qaçış.. Yenə mənim yaşadığım xəyallara yaxınlaşır.. məndən bir qədər aralı. Mənə dilsiz bir salam verir – oynadığı səhnəni mənə bağışlayır. Məni görmədiyini iddia elədikcə varlığım böyüyür, xəyalları ilə mənim dünyama qarışır... Səhnənin qəhrəmanı yavaş- yavaş uzaqlaşır. Boynundakı şərfi əllərinə alıb saçlarına çəkir, sonra şərf qərarsız bir məhəbbətlə çiyinlərinə yayılır. Ağ şərf mənə acı- acı gülümsəyir. O isə səhnəni buraxmaq istəmir. Yeridikcə dayanır. Gözlərim etinasız- etinasız ona baxır, ürəyim isə şərfin arxasınca qaçıb QIŞın soyuğuna məlhəm arayır, sahibinin əllərindən tutub boynuna sarılır. Xəyallar isə məhzun- məhzun ağlayır.

 

Günəşin olduğu məkanlarda o doğulur. Ayların sehrini əlimdən alıb məni YAYsız buraxır. Günəş doğulduqca mən uzaqlaşıram. Və fəsillərim onun doğuluşu ilə məni edam eləyir. Onsuz günlərimin həsrətini əzabla amansızca yoxlayır. Əzab mükafata çevrilir. Qara buludlar çəkilir, səma genişlənir, gözlərim üç fəslin intizarını yeknəsəq bir boşluqla doldurur, ürəyim qəmsiz, sərin bir avqust Günəşi gözləyir.

 

LENT

15 Noyabr 2019
14 Noyabr 2019
13 Noyabr 2019