Bir-birinə əl qaldıran, düşmən olan Azərbaycan yazıçıları - Siyahı

Kulis.az konflikt yaşamış, uzun müddət küsülü qalmış, düşmən olmuş azərbaycanlı yazıçılardan bir qismini təqdim edir.

 

Səməd Vurğun - Rəsul Rza

 

 

Əslində onların davasına estetik dava demək olar. Heca şeirində olduqca güclü olan Səməd Vurğuna qarşı ən ağıllı seçim yeni tendensiyaların tərəfinə keçmək idi. Rəsul Rza bu ağıllı seçimi etdi və zaman-zaman aralarında qarşıdurmalar baş verdi.

 

Süleyman Rəhimov – Nəbi Xəzri

 

 

 

Bu çox məşhur əhvalatdır. Bir neçə xatirə kitabında yer alıb. Söhbət Mehdi Hüseynin ürəyi partlayan iclasdan gedir. Nəbi Xəzri o iclasda özündən yaşca çox böyük olan qocaman yazıçıya əl də qaldırmışdı. 

 

Əli Kərim – Mehdi Hüseyn

 

 

Düzünə qalsa, onların arasında dərin intriqa olmayıb. Sadəcə Yazıçılar İttifaqının katibi işləyən Mehdi Hüseyn haqqı ola-ola Əli Kərimin ev problemini həll etmədiyi üçün şair ona salam vermir. Mehdi Hüseyn səbəbini soruşanda isə cavabı belə olur: “Neyləyim, mənim də gücüm buna çatır”.

 

İsa Hüseynov – Əkrəm Əylisli

 

 

Deyilənə görə, Əkrəm Əylisli povestləri ilə səs-küy salanda İsa Hüseynov bunu yazıçı qısqanclığı ilə qarşılayıb. Sonralar bu anlaşılmazlıq daha da dərinləşir. İş o yerə çatır ki, Yazıçılar Birliyinin qurultayında gözlənilmədən ayağa qalxan İsa Hüseynov Əkrəm Əylislinin AYB-nin İdarə heyətindən çıxarılmasını tələb edir.

 

Əkrəm Əylisli – Anar

 

 

Gənclik dostu olan bu iki yazıçı sonralar amansız düşmənə çevriliblər. Əkrəm Əylisliyə görə, vaxtı ilə mütərəqqi qələm adamı olmuş Anarın uzun müddət AYB sədri işləməsi, məmurlaşması qəbuledilməzdir. Anar isə Əkrəmin dost kimi onu hər bir məqamda müdafiə etməməyinə görə bağışlamır.

 

Vaqif Nəsib – Anar

 

 

Vaqif Nəsib gəncliyindən üzü bəri təbiətcə idarə olunmaz adamdır. Müsahibələrində həmişə Anar haqqında sərt fikirlər səsləndirdiyinə görə münasibətləri hər zaman gərgin olub.

 

Ramiz Rövşən – Əkrəm Əylisli

 

 

Ramiz Rövşənin tanınmasında Əkrəm Əylisinin rolu olmuşdu. Ancaq sonralar Əkrəmlə Anar arasına düşmənçilik düşəndə Ramiz Rövşən Anarın tərəfini tutdu. Əkrəm bunu bağışlamadı.

 

Mövlud Süleymanlı – Əlabbas

 

 

“Ulduz” jurnalında redaktor işləyən Mövlud Süleymanlı Əlabbasın “Köhnə kişi” povestini çap etməmiş və bundan sonra tərəflər arasında səngiməyən konflikt başlamışdı.

 

Eyvaz Əlləzoğlu – Nəriman Əbdülrəhmanlı

 

 

Yaxın dost olan bu iki yazıçının əslində elə də konflikti olmayıb. Sadəcə tərəflərdən biri hansısa səbəbdən (çox güman yaradıcılıq söhbətində) həmkarından küsüb və onu danışdırmayıb. 

 

Əlisəmid Kür – Akif Əhmədgil

 

 

Müstəqillik dövründə bəlkə də yeganə hadisədir ki, iki şairin birinin həbs olunması ilə nəticələndi. Vaxtı ilə çox yaxın dost olan bu şairlərin münasibəti haqda ozamankı mətbuat, eyni zamanda yazıçı Əjdər Ol özünün “Kür Əlisəmid” portret-hekayəsində ətraflı yazıb.

 

Əsəd Cahangir - Seymur Baycan

 

Seymurun sərt tənqidi yazısına dözməyən Əsəd Cahangir kafelərin birində ona hücum edir və qarşı tərəfin müqaviməti ilə üzləşir. Bu davadan sonra tərəflər arasında sonu gəlməyən inciklik yarandı.

 

Şərif Ağayar – Fikrət Qoca

 

 

Müxbirin sualına “Fikrət Qoca hələ ölməyib?” deyə reaksiya verən Şərif Ağayar bu söhbətdən sonra Yazıçılar Birliyi katibliyinin qərarı ilə üzvlükdən çıxarılır. Qəribədir ki, həmin iclasda Fikrət Qoca bu qərara etiraz edibmiş.

 

Salam Sarvan – Rəşad Məcid

 

 

Rəşad Məcidin Salam Sarvana “içki düşkünü” və gəncləri “pis yola çəkmək” ittihamı ilə tərəflər arasında soyuqluq yaranıb. Salam Sarvan həmkarına yumorla cavab verib və eyni ittihamı ona yönəldib.

 

Murad Köhnəqala – Rasim Qaraca

 

 

Murad Köhnəqalanın AYB-yə bərpa olunmasından sonra konflikt yaranıb. Azad Yazarlar Ocağının əsas üzvlərindən biri olan Murad Köhnəqalanın təzədən AYB-yə qayıtmasını Rasim Qaraca doğru addım hesab etməyib.

 

Həmid Herisçi – Rafiq Tağı

 

 

Rafiq Tağının Həmid Herisçinin atası Qafar Kəndli ilə bağlı dediyi tənqidi fikirləri qarşı tərəf heç zaman bağışlamadı. Hətta Rafiq Tağı faciəli şəkildə qətlə yetiriləndən sonra da! 

 

Aqşin Yenisey – Qismət

 

 

Aqşinin mətbuatda Qisməti vaxtından əvvəl, qocalmaqda, müdrikləşməkdə ittiham etməsi araya soyuqluq salıb. Qismətin özünəməxsus tərzdə “İndi mən də Aqşin 35 yaşlı uşaqdı deyim?” açıqlaması buzları bir az əridib...

 

 

LENT

17 Avqust 2019
16 Avqust 2019
15 Avqust 2019
14 Avqust 2019