Kiminin adı ləyaqətdi, kimininki xəyanət...– Səhər Əhməddən yeni şeirlər

Kulis.az Səhər Əhmədin yeni şeirlərini təqdim edir.  

 

Axı bütün "salam"ların cavabı "aleyküm"dü,
"Nə var, nə yox, kefin halın?" hamısında "yaxşılıq".
Onda niyə "sağlıq"ların qarşılığı ölümdü,
Onda niyə görüşlərin yolun kəsir ayrılıq?

 

Bax gəl cümlə salamlardan çıxaq aleykümləri.
Həyatlardan ölümləri, sevgilərdən kinləri,
Silək bütün "harda?"ları, "nə?"ləri və "kim?"ləri.
Cavablardan "amma"ları, suallardan "ki" ləri...

 

Yerdə nə qalacaq? Heç nə, gəl susaq, uzatmayaq.
Axı bütün ayrılıqlar, nifaqlar sözdən düşür.
Nəyə gərək tənlikləri həll edib, iksi tapmaq,
Onsuz sonda məlum olan məchullar gözdən düşür...

 

Gəl heç birimiz udmayaq, ikimiz də uduzaq,
Qoy heç Tanrı da bilməsin, bu rinqdə qalib kimdi.
Qurban olum, danışmayaq, lənət olsun, gəl susaq,
Axı bütün salamların cavabı əleykumdu...

   

***

 

Dünyanın ən azad sözü azadlıqdı,
Ən gözəl sözü gözəllik...
Heç bir kəlmə "xoşbəxtlik"qədər xoşbəxt deyil,
"Bədbəxtlik" qədər bədbəxt...


Sözlərin leksik mənası
Onların taleyidi həm də,
"Sevgi" sözü əbədi həzz içindədi,
"Ayrılıq" sözü daimi həsrət.


İnsanlar da sözlər kimidi,
Kiminin ömrünün adı ləyaqətdi,
Kimininki xəyanət...

 

LENT

17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019