Xəyanət etmiş sevgilinin hekayəti

 

Kulis.az “Əsl kino” layihəsində Mayk Linin “Qayğısız qadın” və Riçard Linkleyterin “Fastfud milləti” filmlərini təqdim edir.

 

Britaniya rejissoru Maylk Linin “Qayğısız qadın” sosial komediyasının premyerası 2008-ci il Berlin festivalında baş tutub.

 

Süjet: Filmin qəhrəmanı Poppinin (Salli Hokins) 30 yaşı var. O bağçada müəllimə işləyir, flamenko rəqsini, maşın sürməyi öyrənir, idmana gedir. Poppi həyatı öz zövqünə görə yaşayan birisidir. O, demək olar ki, qəzəblənmir, daha çox gülür. Poppi avtomobil sürməyi öyrədən aqressiv müəllimi Skotta (Eddi Marsan) təmkinlə yanaşır, onun qəzəbinə, deyintisinə gülərək cavab verir. Evdə problemi olan uşağa sevgisini verir, onun problemini həll etməyə çalışır...

 

“Qayğısız qadın” filmi mili lotereyadan gələn pullardan istifadə edilməklə dövlət büdcəsi hesabına çəkilib. Rejissorun digər filmlərində olduğu kimi vəziyyət və dialoqlar əsasən improvizələr üzərində qurulub. Mayk Li əslində bir qadın filmi çəkib. Burda daha çox qadınların problemləri, düşüncəsi əks olunub: Poppinin, rəfiqəsinin, bacısının, iş yoldaşının. Epizodlardan birində rejissor rəqs müəlliminin bioqrafiyasını kiçik situasiya ilə açır. Flamenko rəqsinin fəlsəfini izah edən qadın bu rəqsdə sərtliyin, hökmranlığın, qəzəbin dominant olduğunu deyərək vəcdə gəlir və ona xəyanət etmiş sevgilisinin hekayətini danışır. 

 

 

Rejissor Poppinin ağır psixoloji vəziyyətlərdə belə yüngül davranışını, çətinliyi zarafata çevirməsini, gülümsəyə bilməsini, xeyirxahlıq keyfiyyətini önə çəkir. Hətta filmin əvvəlindən sonunadək Poppinin davranışı yelbeyin təəssüratı yaradır. Amerika tənqidçisi Cim Hobrerman onu təmənnasız xeyirxahlığına görə knyaz Mışkinlə müqayisə edir, bu səbəbdən də o bəzilərində idiot təəssüratı yaradır.  

 

Çətin, qaradinməz Skott onu yüngülbeyinlikdə, təkəbbürdə, məsuliyyətsizlikdə qınayır. Amma özü də sonda Poppiyə aşiq olur.

 

Bəzi səhnələrdə dialoqlar yorucu, uzun olsa da aktrisanın ifasındakı energetika bunu sığortalayır. Təsadüfi deyil ki, Hokins roluna görə Berlin festivalında “Gümüş Ayı” mükafatına layiq görülüb. 

 

 

***

 

Amerika müstəqil kinosunun müəlliflərindən biri Riçard Linkleyterin “Fastfud milləti” filminin permyerası 2006-cı ildə Kann kinofestivalında keçirilib.

 

Süjet: Anderson (Qreq Kinner) hamburger satan şəbəkənin marketinq direktorudur. Məlumat verilir ki, müstəqil ekspertlər yarımfabrikat hamburgerlərdə bağırsaq çöpləri aşkar ediblər. O, yaranmış şəraiti öyrənmək üçün Kolorado ştatında yerləşən ət kombinatına gedir. Bu kombinatda inəklər kəsilir, yarımfabrikatlar hazırlanır. Paralel süjet xəttində isə yeniyetmə Ember (Eşli Conson) fastfud satılan dükanda işləyir. O və dostları ət kombinatında baş verən qanunsuzluqları, mühacirlərin pis şərtlərdə işləməsini, kombinatın ekologiyaya ziyan vurması haqda öyrənir və buna qarşı nəsə etməyə çalışırlar. Başqa süjetdə isə ət kombinatında Meksikadan olan qeyri-leqal mühacirlərin təhlükəli şəraitdə az maaşla işləməsi, istismara məruz qalması göstərilir...

 

 

Film Amerika jurnalisti Erik Şlosserin eyniadlı kitabı əsasında çəkilib. Şlosser mövzunu əvvəlcə məqalə kimi işləyib. Sonradan problemin dərinliyini, çoxşaxəliyini nəzərə alaraq kitab hazırlayır.

 

Linkleyter əhvalatı həm dramatik, həm satirik qatda göstərir. Problemi araşdıran marketinq direktoru fastfud dükanına gəlib, hamburger sifariş edir. Andersonun marketinq direktoru olduğunu bilən işçilər onun üçün hazırladıqları hamburgerə tüpürür.

 

Heyvanların kəsilməsi səhnəsindəki qəddarlıq isə faşizmlə assosiasiya yaradır. Kombinata məsul olan adamlardan biri Qarrinin (Bryus Uillis) hamburgerləri tıxışdırarkən üzündəki tamahkarlıq, sadist ifadə - öz mənafeyi üçün hər şeyə hazır olduğunu, insanların sağlamlığını vecinə almadığını  göstərir. O, Andersonun ət kombinatdakı natəmizlik, mühacirlərlə pis davranışı ilə bağlı iradlarına sinikcə yanaşır. 

 

 

Film insan sağlamlığına təhlükə yaradan fastfud şəbəkəsinin qaranlıq tərəflərinə, pərdəarxası məqamlarına işıq salır. Nəticə budur: bu şəbəkə nəhəngdir, təsiri güclüdür, məğlubedilməzdir.

 

Müəllif istehlak mədəniyyətinə, müasir insanın həyat keyfiyyətinə də toxunur. Məişətdə tənbəlləşən, rahat həyata alışan insanlar süfrə, yemək mədəniyyətindən uzaqlaşır, filmin sloqanında deyildiyi kimi mahiyyətcə yedikləri keyfiyyətsiz fastfuda oxşayırlar. Yəni mənşəyi bəlli olmayan fastfuda uyğun olaraq sürətli, keyfiyyətsiz həyat yaşayırlar.

 

 

Rejissor filmi realist üslubda çəkib. Süjetdəki üç xətt əhvalatın məqsədi ətrafında birləşir, səbəb-nəticə əlaqəsini yaradır.

 

 

LENT

17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019