Tanrı məşqçidir, yoxsa hakim?

Kulis.az Səhər Əhməd “Özüylə söhbət”ini təqdim edir.     

 

- Sənə tam ciddi bir sual verim, səncə, özünlə baş-başa qalanda yüz faiz səmimi ola bilirsən?

 

- Məncə yox, çünki özünlə belə yüz faiz səmimi olmaq mümkün deyil.

 

- Heç düşünmüsənmi niyə?

 

- Yəqin, ona görə ki, yüz faiz səmimiyyət nəsə dağıdıcı bir şey olar, təbii fəlakət kimi, müharibə kimi, allaha üsyan kimi bir şey. Ən səmimi insan belə bir faiz də olsa qeyri-səmimiyyəti  depozit qoyur özüyçün, özünü, insanlığı, dolayısıyla tanrını haqlı çıxarmaq üçün.

 

- Səncə, sən özünlə “mümkün qədər səmimi” qrafasına daxilsənmi, yəni doxsan doqquz faizə?

 

- Məncə, ən səmimilərinə daxiləm, faiz dəqiq olmaya bilər.

 

- Niyə özünlə olduğun kimi başqalarıyla da səmimi olmaq mümkün deyil?

 

- Çünki heç kim heç kimin özü deyil, hamı hamının özgəsidir.

 

- Yəqin, elə buna görə hər kəs ən çox özünü sevir, hamının buna öz səbəbi var, bəs sən özünü daha çox nəyə görə sevirsən?

 

- Özümə hamıdan “bir köynək” doğma olduğum üçün.

 

- Sənə də elə gəlir ki, ən yaxşı adamlardansan?

 

- Mən doğru cavaba ən yaxın adamlardanam.

 

- Doğru cavab nədi, səncə?

 

- Həqiqət!

 

- Axı həqiqəti “ilğım” adlandıran da özünsən.

 

- Həqiqətin ilğımı da gözəldi.

 

- Nəsimi kimi “haqq məndədi”, deyirsən, yəni

 

- Yox, mən haqdayam - deyirəm, daha doğrusu, onun komandasında oynayıram.

 

- Maraqlıdı, tanrı məşqçidi, yoxsa hakim?

 

- Bəzən hər ikisi, bəzən heç biri.

 

- Səncə, sizin komanda həmişə udur?

 

- Yox daha çox uduzur.

 

- Məyus olmuram, - deyə bilməzsən, ən azından mənə. Heç komandanı dəyişmək haqda düşündünmü?

 

- Yox, mən öz komandamda öz sevimli “ixtisasıyla” işləyən adam kimi rahatam, düzdü, hərdən bezirəm, amma  rəqib komandada oynamaq mənə yad sahələrdə işləmək kimi çətin görünür.

 

- Və düşünürsən ki, bu dünyadakı missiyan yazmaqdı?

 

- Niyə də yox.

 

- İnsanın yazmaq üçün yaşaması qəribə deyilmi?

 

- Ən azından kədərli deyil, başqa missiyalara baxanda.

 

- Niyə bu qədər çabalayırsan, səni olduğun kimi başa düşsələr nə dəyişəcək ki?

 

- Özümü öz yerimdə hiss edəcəm, nə yuxarıda, nə də aşağıda.

 

- Və hələ də sənə elə gəlir ki, “nə vaxtsa insanlara mənsəblərinə görə deyil, məqsədlərinə görə qiymət veriləcək?”

 

- Yox, daha böyümüşəm, elə düşünmürəm.

 

- Bu ağrılı prosesdi, yəqin ki, amma çox güman ki, dözülməz də deyil.

 

- Hə, yaxşı ki, hər şey tədricən baş verir, yoxsa xəyal qırıqlığı adamı məhv edərdi. Yəni, ən azından getdiyin qədər də qayıtmalısan. Düzdü, uça-uça getdiyin yolu sürünərək qayıdırsan, amma olsun...

 

- Bu günün dünəndən fərqi nədir?

 

- Mənə elə gəlir ki, hər bu gün düzgün cavaba  bir az daha yaxındı, bir az daha yerindədi, dünənin redaktə olunmuş variantı.

 

- Bəs sabah nədi?

 

- Sabah daha çox ümiddi. Redaktəyə ehtiyacı olmayacaq, hazır nüsxəni əldə eləmək ümidi.

 

- Yenə ilğıma gəlib çıxdıq.

 

- Əgər ölüm varsa, deməli, bütövlükdə həyat özü də ilğımdı.

 

- Necə bilirsən, ölüm anında əlində olan ömrün redaktəsi bitmiş sayılırmı, məsələn, sən rahatca faylın üstünə “hazır” yaza biləcəksənmi?

 

- Yox, heç bir fikir bitmir, əslində. Ona görə də heç bir ömür bitmiş fikir deyil.

 

LENT

17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019