Ata-anamızı öldürənə minnətdar olmağımız

 

Uşaq idim,  rayonumuzda  sirli bir qətl hadisəsi baş vermişdi. Evdəkilərin  bunu pıçıltıyla, bizdən inadla  gizlədərək müzakirə eləməsi  mənim onsuz da böyüklərin söhbətinə olan  aşırı marağımı bir az da gücləndirmişdi. Axır ki, iyləyib-çüyləyib söhbəti öyrənmişdim. Rayon mərkəzində yaşayan gənc ər-arvad öz evində, intiqam zəminində qətlə yetirilmişdi. Səs-küyə ailənin yeganə, beş-altı yaşlı uşağı yuxudan oyananda qatil əlindəki bıçağın qanını silə-silə uşağa gülümsəmişdi: "Qorxma, səni öldürməyəcəm”.

 

Bıçağın qanını silmək məsələsi çox güman ki, camaatın hadisəyə vurduğu bəzək, yəni şifahi xalq yaradıcılığı idi. Amma, "qorxma, səni öldürməyəcəm”i  qatilin  dediyinə inanıram, çünki bu dəhşətli sözləri uydurmağa insan fantaziyasının gücü çatmazdı, bu tanrı ssenarisi idi...

 

O vaxt mənim hələ xam torpaq halında olan bədii təfəkkürüm uşaq həyəcanı ilə birləşib hadisəni beynimdə o dəqiqə səhnələşdirmişdi: Uşaq necə böyümüş gözlərlə qatilə baxır, qatil necə dəhşətli təbəssümlə onun üzünə gülümsəyib həmin sözləri deyir.

 

Onda məni ən çox düşündürən bircə məsələ idi, həmin an həmin uşağın keçirdiyi hiss. Oğlan o an onu öldürmədiyi üçün  ata-anasının qatilinə minnətdarlıqmı  duymuşdu,  ürəyindən keçən hansı hiss daha güclü idi, doğmalarının ölümündən duyduğu iztirabmı, yoxsa öz qurtuluşuna sevincmi? Bunu dərk eləmək üçün indi boynuma alıram ki, özümü hətta o uşağın yerinə də  qoyurdum və müəmmanı müxtəlif yönlərdən həll etməyə çalışırdım. Bəlkə uşağın valideynlərindən biri ya elə hər ikisi həmin an ölməyibmiş, maraqlıdı, uşaqlarının sağ qaldığını biləndə onlar nə hiss ediblər, öz qatilinə minnətdarlıqmı?!

 

O vaxt  uşaq idim, mənə elə gəlirdi ki, bu dünyada bütün sualların mütləq cavabı, bütün halların izahı var. Onda mən bilmirdim ki, elə dəhşətli şeylər var ki, onların üstünə inadla getmək olmaz, ən yaxşısı o hadisələri unutmaqdı. Amma həyatın bizə təklif elədiyindən başqa alternativ yolun olmadığı uşaqlıqdan adama təlqin olunmağa başlayır. Mən də bir neçə gün bu hadisəylə bağlı beynim şişənə qədər düşündükdən sonra hadisəni tamamilə unutmuşdum.

 

Və  ən  qəribəsi,  çoxdan unutduğum, o vaxtdan bəri bir dəfə də olsun xatırlamadığım o qətl hadisəsi bu günlərdə qəfildən yadıma düşdü. Elə bil, beynimin arxivində üstünü toz basmış bir qovluq qəfildən gözümə sataşdı. O hadisənin qalan bütün təfərrüatlarını unutmuşam, nə qədər əlləşsəm də, heç nə xatırlaya bilmədim, amma o vaxt səhnələşdirdiyim həmin fraqment beynimin bir küncündə dipdiriydi və qəfildən sanki kimsə bu səhnənin üstünə işıq saldı.

 

İndi uşaqlıqdakı kimi hadisələrin üstünə getmək inadım qalmayıb, amma yenə də düşündüm, o uşaq məndən bir az kiçik olardı, görəsən, o da həmin hadisəni keçmişin arxivinə atıbmı, yoxsa o vaxtdan hələ də o qatilə necə hiss bəsləyəcəyini bilmir?

 

Bunu da keçək, axı həyat da bizimlə eyni o qatil kimi davranır, ata-analarımızı, yaxınlarımızı gözümüzün qabağında öldürüb, üzümüzə gülümsəyir: Qorxma, səni öldürməyəcəm, deyə.

 

Və biz də sevinməsək də, şükr edirik, sağ qaldığımız üçün, bilə-bilə ki, qurban olmaq  qaçılmazdı. Amma buna da hazırıq, çünki bir gün bizi qətlə yetirmiş həyat övladımızın üzünə gülümsünüb deyəcək: Qorxma, səni öldürməyəcəm... Və biz yəqin ki ölüm anında da övladımızı sağ saxladığı üçün həyata minnətdar olacağıq...

 

LENT

17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019