Ana-bala qucaqlaşıb hönkürdülər

Bu günlərdə gözəllik salonunda qəribə bir hadisənin şahidi oldum. Saç ustasının həyətdə oynayan beş-altı yaşlı oğlu qəfildən yoxa çıxmışdı. Bütün ətraf həyətləri ələk-vələk eləyəndən sonra  oğlunu bir neçə bina o tərəfdən tapıb  gətirən ana onu darta –darta gətirib içəri saldı. Qadın oğlunu hirslə otağa - düz salonun ortasına itələyib özü də qarşısında dayandı və üzünə bir sillə çəkdi.

 

Uşaq acı-acı ağlayıb anasının dizlərini qucaqladı. Balasını  itirmək qorxusundan hələ də xilas olmamış ana onu özündən aralayıb bir daha itələdi. Uşaq bu dəfə daha ürəkparçalayan bir səslə ağlayıb yenə anasının üstünə qaçdı və onun dizlərini daha bərk qucaqladı. Bu dəfə də qadın oğlanın kilidlənmiş barmaqlarını öz ayaqlarından daha qəzəblə açıb uşağı özündən qopardı və qəfildən bütün gücünü itirmiş şəkildə, şablon ifadəylə desək, köklü qovaq kimi onun önündə diz çökdü. Oğlan bu dəfə anasının boynuna sarıldı və ana-bala qucaqlaşıb hönkürdülər.

 

Hadisə vaqe olmamışdan bir az əvvəl mən küncdəki güzgülü masanın önündəki diyircəkli stulda oturub yavaşca dairə vurmaqla məşğul idim, ana-bala içəri girəndə arxası güzgüyə önü salona olan vəziyyətdəydim və bütün bu müddət ərzində ayağını maşının əyləcinə basmış sürücü kimi stulun diyircəyini saxlayıb donuq bir vəziyyətdə mənzərəni seyr edirdim. Arxam güzgüyə tərəf olsa da, üzümdə ən təsirli tamaşanı, ən dəhşətli səhnəni seyr edən hər hansı bir tamaşaçıdan daha heyrətli bir ifadə olduğuna əminəm. Çünki heç bir tamaşa bu kiçik həyat səhnəsi qədər təsirli ola bilməzdi. Məsələn, heç bir aktyor o uşağın anasının dizlərinə sarıldığı kimi sarılmağı bacarmaz, heç bir aktrisa o ana kimi sözün bütün mənalarında çökmüş sayaq diz çökə bilməzdi. Bu, şedevr idi...

 

Mənim hadisə haqda öncədən aldığım məlumat süjet xəttinin ekspozisiyası, ana-balanın içəri girməsi zavyazka, ikinci sillə kulminasiya, diz çökmə səhnəsi razvyazka, qucaqlaşma isə final idi. Bu kiçik süjetdən çıxan ideya isə əsl sevginin, bəlkə də indiyə qədər deyilməmiş tərifi idi. Səni itələyən birinin dizlərini qucaqlamaqdı sevgi, səni vuracağını bilə-bilə yenə də onun üstünə qaçmaqdı. Çünki, o təkcə ən bərk vuran deyil, həm də ən gözəl ovudan, ən içdən sarılan, ən böyük diz çökəndi...

 

Heç bir sənət, ədəbiyyat nümunəsi həyatın ən epizodik səhnəsini tam ifadə edə bilməz. Bütün sənət əsərləri həyatın əsli deyil, surəti, kserekopiyası, süzgəcdən keçmiş variantıdır. Odur ki, mən də sizə bütün çabalarıma rəğmən,  o hadisəni olduğu kimi  çatdıra bilmədim. İndi sizin oxuduğunuz bu yazı sadəcə ədəbiyyatdı. Mənim gördüyüm o səhnə isə əsl  həyat idi. Və çox dahiyanəydi...

 

LENT

17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019