“Yazar” kəlməsi hələ bu qədər ayıb səslənməmişdi

Ayxan Ayvaz

 

Son vaxtlar tez-tez giley-güzar edən gənc yazarlar görürəm. Baxırsan ki, dünən ortaya çıxıb, hələ babat bir yazı yazmayıb, ancaq təmənnası göz deşir.

 

Biz ədəbiyyatın qazanc gətirmədiyi bir yerdə yaşayırıq. Kitablar satılmır, yazarlar sırf öz yaradıcılıqları ilə dolana bilmirlər. Hərə bir işin qulpundan yapışıb öz maddi vəziyyətini düzəltmək peşindədir. Belə bir zamanda axınla ədəbiyyata gələn gənclik nə umur?

 

Biri AYB-yə gedir, deyir, bu qurum mənə baxmalıdır. Ona elə gəlir ki, AYB bütün üzvlərini yedirib-içirdir, qarnı tox evə yollayır.

 

Başqa biri status yazır ki, kitabım çıxır, köməklik göstərin.

 

O birisi kitabını reklam etmək üçün camaata ağız açır.

 

Səbəbi də nədir? Burda yaradıcılıqla dolanmaq mümkün deyil, gəl bizə dəstək dur!

 

Üzr istəyirəm, amma bu da dilənçiliyin başqa bir növüdür. Hələ normal cümlə qurmağı bacarmayanlar xalqdan qayğı gözləyir. Yeri gələndə bu xalqı savadsızlıqda, cahillikdə suçlayır, ancaq iş ki dalana dirənir, başlayır xalqa yaltaqlanmağa. Nə gözəl Bakıdır e! Hər əlinə qələm alanın iddiası kəllə-çarxa çıxır, düşünür ki, ona lazımı qiymət verilməyib.

 

Mən bu adamları – yazarcıqları başa düşə bilmirəm. Hələ ortada normal bir mətnin yox, vur-tut iki ildir yazırsan, üstəgəl belə bir yerdə ədəbiyyatın qazanc gətirmədiyini də bilirsən... Bəs bu dilənçilik, ələbaxanlıq hardandır? Axı sənin yazdığın kimə lazımdır? Niyə sənin yazdığını oxumalıdırlar? Niyə sənə qiymət verilməlidir? Nəyə görə sənin hər dərdinə adını “oxucularım” qoyduqların qaçmalıdır?

 

Həqiqət çox sadədir: yazı-pozu işində olan adam bilməlidir ki, burdan çörək çıxmır. Bilməlidir də yox e, əvvəldən bu həqiqətdən agah olub gəlməlidir. Və bunun ağırlığına, çətinliyinə özü tab gətirməlidir. Başqalarını bu ağır yükün altına salmamalı, heç kimə minnət qoymamalıdır. Mən artıq “gör yazıçın nə gündə yaşayır” pafosundan qurtulmaq istəyirəm. Özü də bunları deyənlərin əksəriyyəti cavan-cantaraq uşaqlardı. Nə olub, qardaş? Get fəhləlik elə, satıcı işlə, olmadı ofisiant ol, evinə çörək apar. Yaxud da get əsgər ol, vətənə xidmət elə. Bu dəqiqə şairdən çox əsgərə ehtiyacımız var. Nədir? Nə insanları məşğul edirsiniz? Bir-iki cızma-qaranıza görə hər kəs qarşınızda müntəzir dayanmalıdır? Yoxdur belə bir şey. Əgər yaradıcılıqdan qazancının olmadığını dərk etməyibsənsə, onda o istedadını da götür, hara istəyirsən get. İstedadla qarın doymur. Dil öyrən, başqa peşələrə yiyələn. Pul qazana biləcək sahələrə əl at.

 

Mən bu gənc yazarların dərdini anlaya bilmirəm. Deyir, kitabım satılmır. Normal deyil? Sənin kitabın satılmamalıdır da. Dünən ortaya çıxmısan. İmzan təsdiqlənməyib. Vur-tut səni yüz adam tanıya, ya tanımaya. Elə bilirsiniz, dünyada belə deyil? Dünyada normal nəşriyyat sistemi var və hər azan-təzən ordan keçə bilmir. Yəni ciddi nəzarət sistemi var. İndiyə nə var ki? Hərə bir kitab çıxarır. Sonra da gileylənir: “Mənim kitabım satılmır”. Satılmır, kitab çıxarma. Bu qədər sadə. Sentimental sızıltılarını uzaq tut bizdən.

 

Bütün dövrlərdə belə olub, indi də belədir: həmişə ədəbi prosesi 20-30 adam idarə edir, qalanları bu prosesin içində əriyib yox olur. Bəzi gənc yazarlar da düşünür ki, onlar da prosesi yaradanların içindədir. Statuslar yazırlar: “Vay, bizi oxumurlar”, “Keçən dəfə kitab dükanında gördüm, kitabım boynubükük dayanmışdı” və s. Adam onların ucbatından özünü təqdim edəndə “yazar” demək istəmir. Bəlkə də Azərbaycan tarixində heç vaxt “yazar” kəlməsi bu qədər ayıb səslənmirdi. İndi bu kəlmə işlənən kimi qulaqlar tutulur, kiminsə dodaqaltı mızıldadığını, başqasının aşkara güldüyünü görürük.

 

Məncə, o yazarlar özlərinə iş tapsalar yaxşıdır. Bilirəm, çoxları bunu bacarar. Zirək uşaqlardı.

 

Başqa qrup gənc yazarlar da var. Görürsən, onlar bu gileylənmələrdə yoxdurlar. Başqa işlərdə işləyirlər, qazancları var. Ağlamırlar, zırıldamırlar və camaatı da “ay niyə bizi oxumursunuz” deyib bezdirmirlər.

 

Bu gənc yazarların xalqa minnəti olmaya da. Elə bil “İtirilmiş zamanın sorağında”nı yazıblar. Başa düşmürlər ki, iddiası çox olan və bunu reallaşdıra bilməyən adamlar qıraqdan çox gülünc görünür. Ən qəribəsi də bilirsiniz nədir? Mən bu yazını sona çatdıracam və o giley-güzar eləyən heç bir gənc yazar bu sözləri özünə aid eləməyəcək. Gülüş işarəsi qoyaraq yazımı yekunlaşdırım.

 

LENT

15 Noyabr 2019
14 Noyabr 2019
13 Noyabr 2019