Adsız yüksəkliklərdən atəşə tutuluruq – Səhər Əhməddən Yeni Şeirlər

 

Kulis.az Səhər Əhmədin yeni şeirlərini təqdim edir.

 

Zülümdü bu həyatın çaldığıyla oynamaq,

Bu fələyin üzünə ağ olmaq da çətindi.

Dərələrin gözündə dağtək uca görünən

Təpələrin içində dağ olmaq da çətindi.

 

Adsız yüksəkliklərdən atəşə tutuluruq,

Hər gün bir intiharla uçrumdan atılırıq,

Havalar qeyri-sabit, durumlar orta-ağır,

Susub oturmaq olmur, bağırmaq da çətindi.

 

Oyundankənar idik, bu dəfə də qol deyil,

Çıxaq meydandan daha, biz girəsi kol deyil,

Bu tilsimdən çıxmağa heç ölüm də yol deyil,

Amma neyniyək, doktor, sağalmaq da çətindi...

 

***

 

Mən axı buğa bürcüyəm,

Sən də qırmızı geymişdin.

Ya bir günah iş tutmuşdun,

Ya bir yalan söz demişdin.

Cəzan vardı, oğlum, cəzan,

Tanrı mənə göndərmişdi...

 

Qayğına elə qaldım ki,

Canını elə aldım ki,

Elə sevib ayrıldım ki,

Bütün sevib ayrıldığın qadınların

qanını elə aldım ki...

Mən axı buğa bürcüyəm,

Sənsə qırmızı geymişdin...

 

 

 

LENT

16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019